Tarix : 2013 Aug 31
Kod 40021

Azərbaycanda “dövlət çevrilişi” həyəcanı

Hakimiyyət seçkiöncəsi gərginliyi artırır İqtidar çevriliş iddialarına ciddilik elementləri qatır; son günlər dövlət orqanlarının yerləşdiyi binaların mühafizəsi gücləndirilir, polis əhalidən ov silahlarını yığır; bu gərgin atmosfer fonunda ABŞ-dan çevriliş anonsu gəldi, İsrail isə öz vətəndaşlarına “Azərbaycana getməyin” çağırışı etdi

Arannews - Son günlər Azərbaycanda çevriliş mövzusu yenidən siyasi gündəmdə önəmli yer tutmaqdadır. Avqustun ortalarından başlayaraq bu mövzu gündəmə pərçim edilib. Mövzunun siyasətin əsas amili olması, heç şübhəsiz, hakimiyyətin istəyi ilə baş tutub. Hər seçki öncəsi olduğu kimi, bu dəfə də müxalifətin guya ölkədə iğtişaş yaradacağı, çevriliş edəcəyi informasiyaları dövriyyəyə buraxılıb.

Bu dəfə hakimiyyət iğtişaş ssenarisini müxalifətin “içindən” yazdırdı. EL hərəkatının funksioneri Əflan İbrahimov ad-soyadlı şəxs Eldar Namazovun guya paytaxt Bakıda seçki ərəfəsində iğtişaşlar törədəcəyi haqda bəyanat verdi. Bundan sonra isə hüquq-mühafizə orqanları araşdırmalara başladı. Buna sonra qayıdacağıq. Hələliksə oxucularımızdan aldığımız bir xəbəri diqqətə çatdıraq.

Avqustun 30-da bir oxucumuz redaksiyaya zəng vurub Prezident Administrasiyasının (PA) ətrafında mülki geyimli şəxslərin və həmçinin polislərin olması haqda xəbər verdi. Mənbə bildirdi ki, PA ətrafındakı binaların həyətlərində post-patrul xidmətinin avtomaşınları da gözə dəyir. Oxucumuz söylədi ki, ərazidə olan polis nəfərləri sakinlərdən birinə orada hansısa aksiya keçiriləcəyini və onun qarşısının alınması üçün əraziyə göndərildiklərini deyib.


***


Son günlər həmçinin sahə müvəkkilləri əhalidə olan ov silahlarına baxış keçirir, silahların istifadəsi üçün verilmiş icazə kağızlarının qalıb-qalmaması ilə intensiv maraqlanırlar. Redaksiyamıza dalbadal məlumatlar daxil olur ki, sahə müvəkkilləri heç bir tutarlı səbəb göstərmədən ov silahlarına baxış keçirir, şəhərin bir sıra yaşayış sahələrindəki ov silahları müvəqqəti olaraq sahiblərindən yığılır.


***


PA ətrafına polislərin yerləşdirilməsi xəbərindən sonra müxalifət təşkilatları ilə əlaqə saxladıq. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdan Müsavat Partiyasının, həmçinin Milli Şuranın bu günlərdə hər hansı bir aksiya planlaşdırıb-planlaşdırmaması ilə maraqlandıq. A.Hacılı dedi ki, həm Müsavat Partiyası, həm də Milli Şura açıq görüşlərin, mitinqlərin keçirilməsini planlaşdırır: “Belə tədbirlər sentyabrın 15-dən sonra keçiriləcək”. AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə “Yeni Müsavat”a deyib ki, aksiyaya hazırlaşırlar: “Sentyabrın 15-də keçiriləcək mitinqə hazırlaşırıq. Hazırda Cəmil Həsənlinin namizədliyi üçün imza toplayırıq, bütün gücümüzü bu işə sərf edirik”.

Hüquq-mühafizə orqanlarının hərəkətliliyi, siyasi hakimiyyətin çevriliş söhbətlərini intensivləşdirdiyi məqamda ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Cənubi Qafqaz ölkələrindəki durumun təhlilinə yönəlik məqalənin dərc edilməsi də diqqət çəkir. Həmin məqalədə Azərbaycanda dövlət çevrilişi ehtimalına da toxunulub. Sözügedən məqaləni maraqlı edən onun Amerikanın diplomatları tərəfindən qələmə alınmasıdır. Məqalənin müəllifləri - Denis Korboy Ermənistanda və Gürcüstanda Avropa Komissiyasının səfiri kimi çalışıb, Villiam Kortni ABŞ-ın Qazaxıstan və Gürcüstandakı səfiri olub, Riçard Kozlariç ABŞ-ın Azərbaycanda və Bosniya-Herseqovinadakı səfiri vəzifələrini tutub, Kennet Yalovits isə ABŞ-ın Belarus və Gürcüstanda səfiri olub. Diplomatların qələmə aldığı məqalənin tam versiyası “Yeni Müsavat”ın ötən sayında çap olunub. Həmin məqalədə ölkəmizlə bağlı hissədə belə bir məqam var: “Azərbaycanda siyasi çevriliş potensialı kütləvi korrupsiya, sərvətin qeyri-bərabər bölüşdürülməsinin və diktaturanın fonunda artmaqdadır. 2011-ci ildə baş verən ictimai etirazlar hakim elitanı qorxudub. Ona görə İlham Əliyev nəzarəti gücləndirərək jurnalist və bloggerləri həbs edib. O, həmçinin qarşıdan gələn prezident seçkilərində ona rəqib olmalı olan müxalifətin lideri Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışına da mane olur”.


***


Azərbaycanın demokratik müxalifəti qanundankənar davranışlara heç vaxt meylli olmayıb. Hazırda Milli Şura formatında bir yerə cəmləşən müxalifət daim bəyan edib ki, hakimiyyət dəyişikliyinə yalnız seçki yolu ilə nail olmağı məqbul sayır. İnqilab, çevriliş və s. qanundankənar vasitələri müxalifət həmişə istisna edib. Baxmayaraq ki, hakimiyyət son 20 ildə əksər seçki kampaniyalarında öz siyasi rəqiblərini dövlət çevrilişində ittiham edib, bu ittihamlarla xeyli siyasi fəal, hətta nazirlər, dövlət qulluğunda olan məmurlar həbs edilib. Elə indi də Baş Prokurorluq Milli Şurada təmsil olunan EL hərəkatının rəhbərliyini Bakıda iğtişaş törətmək iddiası ilə sorğuya cəlb edib. Artıq EL-in sədri Eldar Namazov, onun müavini Köçəri Nağıbəyli Baş Prokurorluqda müstəntiqlərə ifadə veriblər. Daha bir neçə EL hərəkatı rəhbəri gələn həftə ifadə vermək üçün Respublika Prokurorluğuna dəvət olunub.

Hakimiyyət az qala bütün seçkilərdən öncə çevriliş şousu yaradıb öz siyasi rəqiblərini basqı altında saxlamağa çalışır. Ya da seçkidən sonra bunu edir. Amma bütün bunların fonunda dövlət idarələrinin, ölkənin əsas sarayının - Prezident Administrasiyanın binasının ətrafında mülki şəxslərin və polislərin yığılması ola bilsin ki, çevriliş şousuna ciddi məqamlar qatmağa xidmət edir. Ya da mümkündür ki, hökumət PA qarşısında hansısa ciddi bir aksiyanın keçiriləcəyi haqda siqnal alıb. Amma bu aksiyanı Milli Şuranın edəcəyi istisnadır. Zatən bu haqda yuxarıda Müsavat və AXCP funksionerlərinin təkzibini vermişik. Bəs hakimiyyət kimdən ehtiyatlanır? Öz daxilindəki oliqarxlardanmı? Rusiyadanmı? İrana bağlı qüvvələrdənmi? Radikal dini çevrələrdənmi? Yoxsa bayaq qeyd etdiyimiz kimi, iğtişaş və çevriliş şousuna ciddilik əlavə edib ölkədə siyasi həbslərə əsas yaratmağa cəhd göstərir?

Yeri gəlmişkən, bir neçə gün öncə İsrail hökuməti öz vətəndaşlarını payıza kimi Azərbaycana səfər etməməyə çağırıb. Xatırladaq ki, son illər İsrail bu cür çağırışları bir neçə dəfə edib. Hər dəfə Azərbaycan hüquq-mühafizə orqanları bu çağırışların ciddilik dərəcəsini azaltmağa çalışsa da üstündən az keçmiş məlum olub ki, İsrailin öz vətəndaşlarına çağırışı boşuna deyilmiş. Həqiqətən də ciddi təhlükələr mövcud imiş.(musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 31