Tarix : 2013 Aug 31
Kod 40039

Amerikalı general: “Azərbaycan ABŞ-ın yaxın dostudur və dünyada strateji ölkəyə çevrilib”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev avqustun 30-da ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib

Arannews-Müdafiə Nazirliyinin mətbuat xidmətindən verdiyi məlumata görə, görüş zamanı müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən və bu kontekstdə Oklahoma ştatındakı milli qvardiya ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək mövcud geniş imkanların bu əlaqələri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirib. Səfər Əbiyev uğurları vurğulamaqla yanaşı sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çatdırıb. Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq tərəfdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən milli qvardiyanın komandanı general Dirinq Azərbaycanı ABŞ-ın yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini də qeyd etdi.

Qonaq Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə Səfər Əbiyevə təşəkkürünü bildirib./apa

  • Yazılıb
  • da (də) 2013 Aug 31