Tarix : 2013 Sep 03
Kod 40066

İsrail musiqiçisi Qarabağda

Qondarma müstəqilliyin 22-ci ili; Bakıda anadan olan Edik Semyonov Azərbaycanın işğal olunmuş torpaqlarında ermənicə oxuyub; tez-tez Qarabağda olan Sərkisyanın “müstəqillik günü” tədbirlərindən Moskvaya səfər bəhanəsi ilə yayınması təsadüfi deyil

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında özlərini arxayın hiss edərək son bir ayda tikinti-quruculuq işlərini sürətləndiriblər. Erməni saytlarının verdiyi son xəbərlərdə deyilir ki, Ermənistan tezliklə işğal altında olan Qubadlı rayonunda 150 mənzillik binanın inşa edilməsini nəzərdə tutur, eləcə də Kəlbəcərdən Ermənistana marşrutu üzrə yolun inşasına başlamağa hazırlaşır.

Buna etiraz olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın qanunsuz hərəkətlərinin dayandırılması ilə bağlı tədbirlərin görülməsi xahişi ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Muna rəsmi məktubla müraciət edib. “Ermənistan atəşkəs rejimindən istifadə edərək, Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparmaq, o cümlədən yeni yaşayış yerlərinin salınması, aeroportun bərpa edilməsi, yaşayış kvartallarının inşası, avtomobil yollarının tikintisi və s. tədbirlər görmək üçün səylərini davam etdirir”.

Nazir qeyd edib ki, Ermənistan bununla münaqişənin danışıqlar yolu ilə nizamlanması və regionda sülh və təhlükəsizliyin bərpası perspektivlərini korlayır.

“Danışıqlar prosesində irəliləyişin olmaması səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət məqsədi bu torpaqları qəsb etmək olan Ermənistanın destruktiv mövqeyini ortaya qoyur” deyə, müraciətdə qeyd olunur.

Nazir bildirib ki, ötən illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun himayəsi altında işğal olunmuş ərazilərə iki missiya göndərilib. Onlar bir sıra faktlarla yanaşı çoxsaylı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozuluması hallarını sənədli şəkildə qeydə alıblar.

“Lakin gördüyünüz kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu kimi qanunsuz fəaliyyətə son qoymağa dair çağırışları da daxil olmaqla, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın destruktiv siyasət aparmasının qarşısını ala bilməyib. Bunun nəticəsində Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə əhəmiyyət verməmək, beynəlxalq hüququ pozmaq və Azərbaycanın səbrindən sui-istifadə etməkdədir” deyə, müraciətdə bildirilir.


Şuşa bazarında donuz əti


Yeri gəlmişkən, ötən həftə ermənilər Şuşadakı məşhur kolxoz bazarının təmirdən sonra açılışını ediblər. 1977-ci ildən tarixi qoruq elan edilmiş Şuşa bazarının açılışını etməklə həm də ermənilərin bu şəhərdə məskunlaşmasını göstərmək istəyiblər.

Şuşanın “administrasiya rəhbəri” Qriqori Avenesyan deyib ki, hər həftənin şənbə günü bazarda kənd təsərrüfatı yarmarkası keçirilir. Avenesyan bildirib ki, satılmayan məhsulları isə bazarı təmir etdirən “Avan Şuşa Palace”nin rəhbərliyi alıb Şuşadakı imkansız ailələrə paylayır.

Şuşadakı bazarın kafesini işlədən Elina Melkumyan deyib ki, o, Şuşaya Orta Asiyadan gəlib.


Qondarma “DQR”in “müstəqilliyi” və “Arçvaberd” operası


Ermənilər havadarlarının hərbi dəstəyi ilə işğal etdikləri torpaqlarda qondarma “DQR”in “müstəqilliyini” artıq bir neçə gündür ki, bayram edirlər. Ermənistanın baş naziri Tiqran Sərkisyan ötən həftədən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindədir. Burada o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Sərkisyan qondarma qurumun öz “müstəqilliyini” elan etməsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılıb.

“Arsax Universiteti”ndəki çıxışında Ermənistanın baş naziri ölkəsindəki və Qarabağdakı vəziyyətdən deyil, Suriya konfliktindən danışıb. T.Sərkisyan deyib ki, indi əsas məqsəd Suriyadakı ermənilərin təhlükəsizliyi məsələsidir. “Biz ən pis ssenarilərə hazır olmalıyıq. Hadisələrin gedişindən asılı olaraq bütün çətinlikləri aşaraq ölkəyə Suriyadan xeyli sayda soydaşımız gələ bilər. Biz onların təhlükəsizliyinə təmin edərək ölkədə qalmasına çalışmalıyıq. Biz ən pis varianta hazır olmalıyıq” deyə, Sərkisyan bildirib.

Ermənistan prezident Serj Sərkisyan isə sentyabrın 3-də Moskvaya gözlənilən səfərini bəhanə edərək Qarabağa gəlməyib. “Arsaxlılara” yazılı təbrikində onları “qəhrəman” adlandıran Ermənistan prezidenti erməni xalqının başının altına yenə “müstəqillik yastığı” qoyaraq nağıllar danışıb. Sərkisyan erməni bloggerlərin özünün də etiraf etdiyi kimi yarı ac-yarı tox yaşayanların “artıq öz məqsədlərinə nail olduğunu, ”DQR"in inkişaf etdiyini və bir çox dövlətlər tərəfindən “müstəqilliyinin tanındığını” iddia edib. Hətta Ermənistanın belə tanımağa cəsarət etmədiyi bir qondar rejimə bu cür təriflərin arxasında duran siyasət məlumdur.

Sərkisyan son vaxtlar Ermənistanda laxlamış kürsüsünü saxlamaq üçün “müstəqil Qarabağ” kartından istifadə edir. Ermənistan rəhbərliyi ölkədəki ağır iqtisadi durumu “Qarabağdakı erməniləri yaşadırıq” kimi bəhanələrlə ört-basdır edir. Ermənistanda yaşayan ermənilər ölkənin düşdüyü ağır vəziyyətə görə qarabağlıları - Köçəryanla Sərkisyanı onlara ögey münasibətdə ittiham edirlər. Tez-tez Qarabağda olan Sərkisyanın “müstəqillik günü” tədbirindən Moskvaya səfər bəhanəsi ilə yayınması təsadüfi deyil. İş ondadır ki, işğal zonasında yalan vədlərlə zorla məskunlaşdırılan Qarabağ erməniləri də Sərkisyanın siyasətindən narazıdırlar. Sərkisyanın təbrikində də real heç bir faktın olmaması qondarma “DQR”in “müstəqilliyinin” əslində böyük bir blef olduğunu göstərir. Amma ermənilər hələ ki, başqa çıxış yolları olmadığı üçün bu dərdə qol götürüb oynayırlar. Başqa bir xalqın işğalı olunmuş torpaqlarında yalançı “müstəqillik havası” oynamaq doğrudan da ağır dərddir

“Müstəqilliklə” bağlı əsas tədbirlər Şuşada keçirilib. Ermənistanın baş nazirinin iştirakı ilə “Arçvaberd” operasının premyerası olub. Sərkisyandan başqa “DQR”in prezidenti Bako Saakyan, Ermənistan kilsəsinin nümayəndələri və xaricdən gəlmiş diaspor üzvləri iştirak edib.

Saakyan deyib ki, Qarabağda musiqinin inkişafı əsas proritetlərdən biridir. İşğal olunmuş Qarabağda musiqinin inkişafına dəstək verən isə Serj Sərkisyanın arvadı Rita Sərkisyandır.


Bakının çörəyini yeyib...


Erməni saytları yazır ki, bir neçə gün əvvəl Əsgəranda İsraildə gəlmiş musiqiçinin konserti olub. İsrail vətəndaşının işğal olunmuş Azərbaycan torpaqlarına səfəri barədə yəqin ki, Azərbaycan XİN müvafiq məlumat alıb.

Amma bu qanunsuz səfərdə maraqlı olan başqa bir nüans da var. İsrailli musiqiçi Edik Semyonov, sən demə, keçmiş bakılıdır. Qarabağa da “DQR”in “Qaçqınlar Cəmiyyətinin” rəhbəri, sinif yoldaşı Ruzanna Avakyanlın dəvəti ilə gəlib. İsrailli musiqiçini ermənilər yaxşı qarşılayıblar və o, hətta erməni dilində mahnı da oxuyub. E.Semyonov deyib ki, Bakıda doğulub və 1990-cı ildən Yerusəlimə köçüb. Azərbaycanın çörəyi ilə böyümüş Semyonov işğal faktından susaraq Qarabağ ermənilərinin “qonaqpərvərliyindən” ağız dolusu danışıb. Semyonov adının Azərbaycanda “qara siyahı”ya salınmasından narahat olmadığına işarə edərək gələcək planlarından danışıb. O deyib ki, istedadlı israilli və qarabağlı uşaqların birgə konsert proqramlarının olması üzərində işləyirlər və qarşılıqlı səfərlər barədə artıq ilkin razılığa gəliblər.

Xatırladaq ki, ötən həftə bir qrup rusiyalı jurnalist də qondarma “DQR”ə səfər edib. Erməni mətbuatının yaydığı xəbərə görə, rusiyalı qonaqları qondarma rejimin xarici işlər naziri Karen Mirzoyan qəbul edib. Səfərdə iştirak edənlərdən biri də rusiyalı sabiq casus Anna Çapman olub.(musavat)

  • Yazılıb
  • da (də) 2013 Sep 03