Tarix : 2013 Sep 05
Kod 40093

Namaz barədə nə bilirik? (1)

Namaz, insanla Allah arasında əlaqə, ruhun saflığı, ürəyin paklığı, təqva ruhunun yaranması, insanın tərbiyə olunması, günahlardan uzaq olmaq vasitəsidir

Silsilə yazılarımızın davamında namazın əhəmiyyəti və onunla bağlı məsələlərdən söz açacağıq. Namaz, insanla Allah arasında əlaqə, ruhun saflığı, ürəyin paklığı, təqva ruhunun yaranması, insanın tərbiyə olunması, günahlardan uzaq olmaq vasitəsidir. Namaz ibadətlərin ən önəmlisidir və rəvayətlərə əsasən, əgər namaz Allah dərgahında qəbul olsa, digər ibadətlər də qəbul olacaq və qəbul olmasa, digər ibadətlər də qəbul olmayacaq. Rəvayətlərdən məlum olur ki, gündəlik beş vacib namazlarını qılan şəxs gecə-gündüz beş dəfə çayda bədənini çirklərdən yuyan şəxs kimi günahlardan pak olur. Ona görə də Qurani-məciddə, rəvayətlərdə və əhli-beytdən (ə) gələn sifariş və tövsiyələrdə namaza çox təkid edilmişdir və namazı tərk etmək böyük günahlardandır.

Yaxşı olar ki, insan namazı ilk vaxtında qılsın və bu mövzuya böyük əhəmiyyət versin, namazı sürətlə oxumaqdan çəkinsin.

Rəvayətdə gəlib ki, bir gün Peyğəmbəri-əkrəm (s) məsciddə rüku və səcdələri kamil surətdə yerinə yetirməyən bir kişini gördü. Buyurdu: “Əgər bu kişi namazı belə olan halda ölsə, mənim dinmdə dünyadan getməmişdir”.

Namazın ruhu hüzuri-qəlbdir. Yaxşı olar ki, namazda fikri namazdan ayıran şeylərdən uzaq olasan, namazın sözlərinin mənasını biləsən, namaza diqqət edəsən, xüzu və xüşu ilə namazı yerinə yetirəsən, namazda kimin hüzurunda olmağı və kiminlə danışdığını başa düşəsən və özünü əzəmətli Allahın qarşısında çox kiçik biləsən.

Məsumların (ə) namazdakı halları barədə deyilir ki, onlar namazda o qədər Allahı yad etməyə qərq olurdular ki, özlərini unudurdular. Hətta, həzrət Əmir əl-möminin Əli (ə) namaz qıldığı halda onun ayağından oxu çəkib çıxardılar, o həzrət bunu hiss etmədi.

Namazın qəbul olunması, kamalı və fəziləti üçün onun vacib şərtlərindən əlavə, gərək aşağıdakı şeylərə də riayət edilsin:

Namazdan qabaq öz xəta və günahlarından tövbə və istiğfar etsin, həsəd, təkəbbür, qeybət, haram mal yemək, şərab içmək, xüms və zəkat verməmək kimi namazın qəbul olmasına mane olan əməllərdən çəkinsin. Daha doğrusu bütün günahları tərk etsin.

Həmçinin, yaxşı olar ki, namazın dəyərini və hüzuri-qəlbi azaldan işlərdən uzaq olsun. Məsələn, yuxulu halda, səs-küy olan yerdə, diqqəti çəkən mənzərlələr qarşısında namaz qılmasın. Yaxşı olar ki, təmiz libas geyinmək, saçı daramaq, dişləri fırçalamaq, ətirlənmək, əqiq üzük ələ taxmaq kimi namazın savabını artıran işləri yerinə yetirsin.

 

  • Yazılıb
  • da (də) 2013 Sep 05