Tarix : 2013 Sep 08
Kod 40110

Prezidentliyə namizədlər demokratik seçki istəyirlər

Onlar imzatoplama kampaniyasında əngəllərlə qarşılaşmadıqlarını deyirlər

Prezidentliyə namizədlərin əksəriyyətinin seçki qərargahlarında qızğın iş gedir. Kimi imza toplayır, kimi toplanan imzaları yoxlayır və s. Prezident seçkisinin bu mərhələsinə namizədlərdən bir neçəsinin nümayəndəsi ilə əlaqə saxlayaraq hazırda onların hansı işlərlə məşğul olduqlarını öyrəndik.

Millət vəkili, müstəqil namizəd Zahid Orucun seçki qərargahının sədri Ərəstun Əlioğlu imza toplamaq üçün seçki qərargahının avqustun 18-dən fəaliyyətə başladığını bildirdi: “İmzatoplama kampaniyası çox normal bir şəkildə keçdi. İmzaların toplanması zamanı heç bir insident baş vermədi. İmzatoplama kampaniyası 73 dairə üzrə aparıldı. 44 min imza toplanılıb və bu imzalar artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bizə imza verən hər bir vətəndaşa öz dərin təşəkkürümüzü bildiririk. İmzatoplama kampaniyası yekunlaşdığı üçün biz bunu birinci mərhələ kimi qeyd edirik. Birinci mərhələ də yekunlaşdığı üçün artıq təbliğat və təşviqat məsələlərinin üzərində işləyirik. Biz ölkədəki seçkiqabağı mühiti normal hesab edirik. Ölkəmizdəki siyasi şərait, həm də lazımi seçki qanunvericiliyinin mövcudluğu demokratik seçki keçirilməsinə zəmin yaradır. Biz qarşıdan gələn prezident seçkilərinin tam demokratik, şəffaf və beynəlxalq standartlara uyğun formada keçiriləcəyinə əminik”. 

Prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev təbliğat materiallarının hazırlandığını bildirdi: “Təbliğat materiallarını hazırlayırıq. Hansı bölgələrə gedəsiyiksə, partiyanın həmin bölgələrdəki təşkilat sədrlərinə tapşırıqlarımızı veririk. Biz artıq imzaları toplayaraq MSK-ya təqdim etmişik. 42 min civarında imza toplanıb. İmzatoplama zamanı Ağdamın kəndlərinin birində icra hakimiyyətinin nümayəndəsi ilə kiçik bir insident oldu. Onu da aradan qaldırdıq. Başqa bir insident olmayıb. Biz təbliğat kampaniyası müddətinin qısa olması ilə bağlı narazılıqlarımızı bildirmişdik. Hazırkı durumda elə də ciddi narazılıq yoxdur. Əgər müdaxilələr olmazsa, seçkilər normal olacaq. Seçki kampaniyasına qısa bir müddət ayrılıb. Bu bir az təbliğata maneçilik törədir. Təbii ki, partiya yarandığı gündən fəaliyyəti dövründə seçkiyə hazırlaşır. Amma seçkiyə müstəqil namizədlər də qatılıb. Seçkilərdə cəmiyyətin fəallığı da əsasdır. Əgər seçicilərimiz passiv olacaqsa, təbii ki, seçkiləri saxtalaşdırmaq imkanları yaranacaq. Buna görə də hər kəsi seçkilərdə iştirak etməyə çağırıram. Həm də artıq beynəlxalq, daxili şərtlər də onu diqtə edir ki, Azərbaycanda demokratik seçki keçirilsin. Bunu bütün tərəflər anlamalıdır. Çox arzulayırıq ki, seçkilər demokratik keçsin. Bu cür olmayacaqsa, itirən Azərbaycan olacaq”.

Azadlıq Partiyasının sədri Əhməd Orucda imzaları sabah təqdim edəcəklərini dedi: “43 mindən çox imza toplamışıq. Seçki qabağı insanlarda çox ciddi bir xof var. İnsanların passivliyini görərək deyə bilərəm ki, əksəriyyəti seçkilərə qatılmayacaq. Seçki komissiyaları dəfələrlə seçkiləri saxtalaşdırmış komissiyalardır. Seçkiləri saxtalaşdırmaq artıq onlarda bir vərdiş halını alıb. Hakimiyyətin nümayəndələri, icra nümayəndələri yuxarılardan ”molades" almaq üçün əllərindən gələn saxtakarlığı edəcəklər. Buna görə də seçkilərin demokratik keçiriləcəyi ilə bağlı hələlik heç bir ümid yoxdur".(musavat)


  • Yazılıb
  • da (də) 2013 Sep 08