Tarix : 2013 Sep 22
Kod 40283

İslamçıların hesabatı: 2010-cu ildən səlib yürüşü elan olunub

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi 2010-2013-cu illər ərzində islam camiəsində baş verən hadisələrlə bağlı hesabat hazırlayıb

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi 2010-2013-cu illər ərzində islam camiəsində baş verən hadisələrlə bağlı hesabat hazırlayıb.

Hesabatda göstərilir ki, əslində 2009-cu ildə Azərbaycanda azan qadağası və məscid söküntüləri ilə əlamətdar olan islamofobiyanın bir ildən sonra daha geniş vüsət alacağı və kütləvi həbslərlə nəticələnəcəyi gözlənilmirdi.

Gözləntilərin əksinə, 2010-cu ildən başlayaraq, azad dini cameəyə qarşı sözün əsl mənasında səlib yürüşü elan olunub.

 

2010

2010-cu il 13 fevralında Məhəmməd Peyğəmbərin və İmam Həsənin vəfatı ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edənlərin 17 nəfəri həbs olundu və məhkəmənin hökmü ilə onların beşi 4-5 il müddətinə azadlıqdan məhrum edildilər.

2010-cu ilin sonlarında respublikanın demək olar ki, bütün bölgələrinin orta məktəblərində baş örtüyünə qadağa qoyuldu. Bu qeyri-rəsmi tapşırıqdan sonra çoxlu ailələrdə ciddi problem yarandı. Təhqir edilərək məktəbdən qovulan körpə qızlar və onların valideynləri ağır stress yaşadılar; kimisi ölkədən getdi, kimisi məktəbini dəyişib əyalətlərdə gözdən uzaq bir məktəbə yollandı, çoxları da təhsildən məhrum oldu. Bunun ardınca isə əsassız qadağaya etiraz edən inanclı insanlar öz konstitusion haqları uğrunda mübarizəyə qalxdılar.

 

2011

2011-ci il yanvarın 7-dən 8-ə keçən gecə AİP sədri Mövhsümn Səmədov və onunla birgə olan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov Nərimanov rayon ərazisində saxlanaraq, polisə müqavimət maddəsilə 13 gün azadlıqdan məhrum edildilər. Bunun ardınca davam edən silsilə həbslərdən sonra isə qondarma dövlət çevrilişi ittihamı ilə Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsün Səmədov - 12 il; AİP Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə - 11 il 6 ay; AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il, ruhani Fəramiz Abbasov - 11 il; Möhsün Səmədovun qaynı Firdovsi Məmmədrzayev - 10 il; Möhsün Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il azadlıqdan mərhum edildi, ruhani Zülfüqar Mikayıl isə şərti qaydada cəzalandırıldı. Bunu da qeyd etmək lazımdır ki, AİP sədrinin müavini Vaqif Abdullayev 2012-ci ilin iyul ayında həbsxanada dünyasını dəyişmişdir.

Bundan əlavə, hicab qadağasına etiraz etdiklərinə görə Gürcüstan sərhədində saxlanan Gəncə ruhaniləri Fəxri İlyasov və Azər Cəbiyev, eləcə də Cəlilabad rayonundan ruhani İlqar Əliyev və ilahiyyatçı Həsən Məmmədov, 2011-ci il may ayının 6-da Bakıda Təhsil Nazirliyinin qarşısında keçirilmiş “Hicaba azadlıq!” aksiyasında tutulan ruhani Hacı Tale Bağırov və digər 11 nəfər, 11 avqust 2011-ci ildə həbs edilən ruhani Abgül Süleymanov, islamazeri.az saytının baş redaktoru Ramin Bayramov, Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyev, Hacı Abgül Süleymanovun qayınatası, Bülbülə ağsaqqallar şurasının üzvü, Hacı Möhsün yalançı ittihamlarla həbsxanalara salınıblar. Onlardan Hacı Abgül Süleymanov 11 il zadlıqdan məhrumetmə ilə cəzalandırılmışdır.

 

2012

2012-ci ilin fevral və mart ayları da dindarların kütləvi həbsi ilə yadda qaldı. Bundan başqa 2012-ci ilin fevralında həbs olunan Mehdi Məmmədov, Elbrus İbadov, İlqar Əliyev, İlham Əliyev, Zöhrab Quliyev, Asəf Əliyev, İlham Ələkbərov, Hacı Əliyev, Əli Xudaverdiyev, Əbülfəz Bünyadov, Anar Bayramlı, Ramil Dadaşov, Səxavət Əliyev və Afət Əliyev müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Onların bir qismi həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb.

2012-ci il iyun ayında dini nəşrlər üzrə ixtisaslaşan “Parlayan Günəş” nəşriyyatının əməkdaşları Nurman Şahmərdanlı, İsmayıl Süleymanov və Qabil Şahmərdanov tutulublar. İnzibati həbs cəzaları alan nəşriyyatçılar 5 sutka Daxili İşlər Nazirlyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıblar.

“Azad xəbər” saytının baş redaktoru Nicat Əliyev mayın 20-də həbs olunub. Barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilən baş redaktor Bakı İstintaq Təcridxanasında saxlanır.

2012-ci ilin sentyabrın 8-də Masalılıda əxlaqsız əməllərə etiraz etdiklərinə görə 8 dindar həbs olunub. Bunlar xeber44.com saytının baş redaktoru Araz Quliyev, Xalid Kazımov, Ziya Tahirov, Rza Ağalı, Surac Ağayev, Nicat Əliyev, Namiq Kişiyev və Vüsal Quliyevdir. Onların bir neçəsi 8 il azadlıqdan məhrum ediliblər.

 

2013

1 il 6 ay həbs cəzasını çəkmiş ruhani Tale Bağırov azadlığa çıxdıqdan yalnız 4 ay sonra sürücüsü Anar Məlikovla birgə yenidən həbs olundu. Qanunsuz olaraq bir neçə gün "bandotdel" kimi tanınan idarədə işgəncələrə məruz qalan ruhani artıq altıncı aydır İstintaq təcridxanasında saxlanır və barəsində yeni-yeni ittihamlar irəli sürülür.

Dini cameəyə qarşı haqsızlıqlar yalnız bunlarla bitmir. Bu siyahıya dini ədəbiyyatla bağlı qadağalar, xaricdə dini təhsil almış ruhanilərin dini ayinlərin icrasına qoyulmuş böyük cərimələr də əlavə olunmalıdır.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Sep 22