Tarix : 2013 Sep 24
Kod 40298

Avropa Azərbaycandan “küsdü”

Azərbaycan qazı Rusiyadan enerji asılılığını azaltmaqda Avropanın işinə yaramadı

Arannews - BP şirkəti və onun “Şahdəniz” qaz layihəsi çərçivəsində tərəfdaşlarının qərarı Avropa Birliyini narazı salıb. Artıq Brüssel media və araşdırma mərkəzlərinin dili ilə narazılığını büruzə verib. Azərbaycandan Avropaya qaz təchizatı ilə bağlı çoxdan gözlənilən qərarın açıqlanmasından sonra məlum olub ki, bu qərar Avropanın Rusiyadan enerji asısılığını azaltmaqda əhəmiyyətli rol oynamayacaq. Açıqlanmış qərar Şərqi Avropa üçün gözlənilən qazın cüzi bir hissəsinə yol açıb.

Avropa Komissiyası neçə illərdir ümid edirdi ki, “Şahdəniz” qazının daha çox hissəsi Avropanın cənub və şərq hissəsinə çatdırılacaq və bu regionların Rusiyadan enerji asılılığını azaldacaq. Ukrayna ilə ödəniş mübahisələri üzündən bu ölkəyə qaz təchizatını dayandırdıqdan Rusiya Avropanın etibarlı tərəfdaşlar siyahısından kənarlaşdırılıb. Bu ilin iyununda “Şahdəniz” konsorsiumu İtaliya marşrutunu dəstəklədiyini açıqlamışdı, halbuki Avropa Birliyi cənub-şərqi Avropadan keçən “Nabucco” boru xətti layihəsinə üstünlük verirdi. Amma bir gün əvvəl konsorsium qazın 80 faizinin İtaliya və bitişik bazarlara çıxarılacağını bəyan edib. Əslində isə bu regionların qazla təchizatı onsuz da nisbətən yaxşı vəziyyətdədir. Nəticədə “Şahdəniz” qazı praktik olaraq Avropanın Rusiyadan asılı olan hissəsindən yan keçəcək.

“Şahdəniz qazı konkret olaraq Şərqi Avropa üçün itirildi”,- deyə Fransanın “Societe Generale” bank və maliyyə xidmətləri şirkətinin qaz analitiki Tyeri Bros “Financial Times” qəzetinə açıqlamasında bildirib: “O ölkələr yenə də təchizatın böyük bir hissəsi üçün Rusiyadan asılı vəziyyətdə qalacaqlar”.

Üstəlik, “Şahdəniz” konsorsiumunun qərarı Avropa üçün həssas bir dönəmə təsadüf edib. Hazırda Şimal dənizindən qaz təchizatında tənəzzül başlayıb, Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr maye qazın daşınmasını təmin etmək uğrunda mübarizə aparırlar. Bu situasiya Rusiya üçün ötən illərdə itirdiyi bazarları geri qaytarmaq imkanı yaradıb. Rusiya artıq Avropanın ən böyük qaz təchizatçısı mövqeyini Norveçdən geri almağa doğru gedir. Son bir ildə Rusiyanın “QazProm” şirkəti Avropaya qaz təchizatını 10 faiz artırıb.

BP-nin vitse-prezidenti Al Kuk deyib ki, o, Brüsselin Yunanıstandan Bolqarıstana və oradan da Avropanın qalan hissəsinə bitişdirici aralıq marşrutlar açacağına və bununla da Azərbaycan qazının Şərqi Avropaya çatdırılmasını təmin edəcəyinə ümid edir.

Amma aralıq marşrutların inşası prosesi Avropa boyunca, xüsusən də Şərqi Avropada ləng inkişaf edib. Analitiklərin fikrincə, qaza tələbatın az olması ötən illərdə sərmayələrin artmasına imkan verməyib. “Şərqi Avropada qaz infrastrukturuna sərmayə yatırıb qarşıdakı illərdə bunu geri qaytara biləcəyinizə əmin ola bilməzsiniz”,- deyə Oksford Enerji Tədqiqatları İnstitutunun analitiki Conatan Ctern bildirib.

Avropa Birliyində belə bir rəy hökm sürür ki, “Şahdəniz” konsorsiumunun geri çəkilməsi Rusiyanın təzyiqləri üzündən baş verib. Xüsusən Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra Şərqi Avropa Azərbaycan qazı hesabına Rusiyadan asılılığı azaltmaq şansını itirib. Ehtimal olunur ki, prezident seçkilərinə doğru Avropa strukturları Azərbaycanla bağlı siyasi tənqidləri sərtləşdirəcək. Ümumiyyətlə, Avropa və Azərbaycan arasında başlanan bu qaz qalmaqalını rəsmi Bakının Qərbdən imtinası kimi qiymətləndirənlər də var. Vaşinqton da Azərbaycan qazının ixracı üçün məhz “Nabucco” layihəsini dəstəkləyirdi və Şərqi Avropanın Rusiyadan asılılığını azaltmaqla ümumilikdə Avropanın və özünün enerji təhlükəsizliyini gücləndirməyi hədəfə almışdı. Amma son qərar Azərbaycan qazının Qərbin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamayacağını ortaya qoydu. Bundan sonra Ağ Evdən də siyasi məzmunlu tənqidlərin artması gözləniləndir.(bizimyol)

  • Yazılıb
  • da (də) 2013 Sep 24