Arannews.com 24 sentyabr tarixində İctimai TV-də prezidentliyə namizədlərin teledebatında "Ədalət" partiyası və "Vətən" blokunun təmsilçisi, prezidentliyə namizəd İlyas İsmayılovun vəkili, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Akif Heydərlinin çıxışının geniş mətnini təqdim edir.
Bağışlayan və mehriban Allahın adı ilə!
Əziz seçicilər, hamınızı salamlayıram. Axşamınız xeyirli olsun.
Hamı üçün çox məsul bir dövrdə, Azərbaycan xalqının taleyüklü məsələsi olan prezident seçkisi ərəfəsindəyik. Seçki bir xalqın iradəsi və şərəf işidir.
Allah insanların öz taleyini həll etmək gücündən yararlanmaq üçün onlara bu imkanı verib.
Mən İlyas İsmayılovun vəkili və onu dəstəkləyən Azərbaycan İslam Partiyasının təmsilçisiyəm.
Məlum səbəblərə görə partiyamızın namizədi qeydiyyata alınmadı. Mən bunun səbəblərinə vaxt ayırmaq istəmirəm. Amma qeyd etməliyəm ki, AİP-in cəmiyyətdə gücü və nüfuzu kifayət qədər böyükdür. Partiyamızın çoxminlik üzvləri və inanclı insanların dəstəyi ilə bu seçkini qələbə ilə başa vuracağımıza inanırıq. Bunu xalqımızı narahat edən, ölkəmizin dinamik inkişafını ləngidən səbəblərə digər namizədlərdən fərqli baxışlarımız vəd edir.
İ. İsmaylovun seçki platformasında başlıca istiqamət və diqqət ölkədə düzgün planlaşdırılmayan daxili siyasətin törətdiyi fəsadlar və onların aradan qaldırılması yollarına yönəldilib.
Ölkədə rüşvətxorluq və korrupsiya hallarını sübüt etməyə lüzum yoxdur. Çünki bunu hazırkı iqtidar da etiraf edir. Amma dövlətçilik təməlini təhlükəyə alan problemin aradan qaldırılmasında acizlik müşahidə olunur. Bizə görə rüşvətxorluq və korrupsiya bələdiyyə və ya hərbi komissarlıq çərçivəsində deyil, hakimiyyətin üst qatından başlayaraq ittiham olunmalıdır. Mən rüşvət almıram, digərləri də almamalıldır prinsipi həyata keçirilməlidir.
İqtisadiyyatın dayanıqlı inkişafı üçün ölkədə neft gəlirlərindən başqa mövcud resurslardan istifadə olunmur. Xalqımız üçün tarixən həyat mənbəyi sayılan kənd təsərrüfatı, torpaq və əkinçilik mədəniyyətini yüksəltməyə maraq yoxdur. Texnika problemləri nəticəsində torpaq kəndli üçün göz dağına çevrilib. Müdafiə etdiyimiz platformada aqrar səhənin kompleks şəkildə inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoyulub.
Düşünürük ki, ölkənin müstəqilliyi və istiqlaliyyəti birmənalı olaraq insanların hüquqlarının dövlət tərəfindən qorunması, sosial həyat tərzi, torpaqlarımızın bütövlüyü, xalqın öz milli, mənəvi sərvətlərinə sahib çıxması ilə ölçülməlidir. Amma heç kimə sirr deyil ki, ölkədə insan haqq və hüquqları müxtəlif formada və kütləvi şəkildə pozulur.
Müstəqil məhkəmənin olmaması günahsız insanların qanunsuz cəzalandırılmasına səbəb olur. Cinayətsiz cəzalar və cəzasız cinayətlər vətəndaşlarda böyük ümidsizlik sindromu yaradıb.
Ölkəmizdə hazırda ən çox hüququ pozulanlar inanclı insanlardır. Bu, onların daha güclü olmasından irəli gəlir. İnsanların vicdan və əqidə azadlığını təmin edən konstitusiyaya əməl olunmur. Süni hicab qadağası, məscidlərin sökülməsi və azanın qadağası dini cameəni ciddi narahat edir. Hicablı xanımların təhsildən zorla uzaqlaşdırılması nəticəsində savadsız gələcəyimizin bünövrəsi qoyulur. Bu insanlığa qarşı cinayətdir. Bu cinayətin müəllifləri azadlıqda, onlara qarşı mübarizə aparanlar isə məhbəsdədir.
Amma özünü indi islamçı təəssübkeşi kimi göstərmək istəyənlər bir müddət öncə “hakimiyyət dindarlarla çox yumşaq rəftar edir”, deyirdilər, seçki ərəfəsində isə onlar dindarların dostuna çevrilməyə çalışırlar.
Əziz qardaş və bacılar, onların siyasi baxışları sizləri aldatmasın.
Mən açıq şəkildə qeyd edirəm ki, bu gün xalqımızın əsl din alimlərinin sayının artmasına və dinin inkişafına ehtiyacı var. Şərlənərək həbs olunan günahsız məhbusların arasında İslam alimləri Hacı mövsümlərin, fəramizlərin, abgüllərin olması ürək ağrıdır. Yeri gəlmişkən biz hakimiyyəti belə alimlərin ən qısa zamanda azadlığa buraxmağa səsləyirik. Seçicilərimizə bildirmək istəyirəm ki, İlyas İsmaylovu seçəcəyiniz təqdirdə ölkəmizdə dinə və heç bir dini atributa, dini maarifləndirməyə qadağalar olmayacaq, günahsız məhbuslar azadlığa qovuşmaqla onlara həbs müddətində dəyən mənəvi və maddi ziyanlar ödəniləcək. Siyasi mənsubiyyətinə görə insanlar təqib olunmayacaq, həbsə atılmayacaq. Qanun qarşısında hamının bərabərliyi təmin ediləcək.
Cəmiyyətdə bu mənada baş verən problemləri nəzərə alaraq «Ədalət» partiyası və «Vətən» blokunun seçki platformasında hüquqi dövlətin yaradılması, qanunun aliliyinin təmin edilməsi əsas aparıcı amillərdən sayılır.
Əziz seçicilər, Dağlıq Qarabağ ağrılı yerimizdir. Hakimiyyətin yarıtmaz xarici siyasəti nəticəsində bu problemin həlli uzanır. Bu problem hər gün, hər saat və hər dəqiqə bizləri narahat etməlidir. Təəssüflər olsun ki, dünən Dağlıq Qarabağda müharibənin durduralmasına imza atanlar bu gün yüksək pafosla onun azad olunmasından danışır. Xarici güc mərkəzlərində himayə axtaranlar isə ABŞ-da Dağlıq Qarabağ haqqında söhbət zamanı «müharibə cinayətdir» ritorikasını irəli sürürlər. Əsl cinayət Vətən torpağının işğal altında qalmasına razılıqdır. İstər «Ədalət», istər «Yaşıllar», istərsə də İslam partiysı Qarabağ probleminin ATƏT-in Minsk qrupu tərəfindən həllinə əvvəldən ümid bəsləməyib. İşğal altında torpaqlarımızı region dövlətlərinin güc mərkəzlərini yaratmaqla azad etməliyik.
Əziz seçicilər, özünü demokratiya carçıları kimi qələmə vermək istəyənlər Azərbaycan xalqının firavanlığını, dövlətimizin möhkəmlənməsini istəmir. Dünən Dağlıq Qarabağda Volski hakimiyyətinin tətbiqinə sevinənlərlə bu gün NATO hərbi blokuna inteqrasiyaya, yaxud ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təmsilçilərinin dəyişilməsinə sevinənlər arasında mən heç bir fərq görmürəm. Çünki Volski də Dağlıq Qarabağı ermənilərə vermək niyyətində idi, NATO və Minsk qrupu da.
Vətən uğrunda hər birimiz canımızdan, qanımızdan keçməyi bacarmalıyıq. Axı bizim üçün ölümün şəhadət kimi uca zirvəsi var.
AİP məhz hər qarış vətən torpağı uğrunda canından keçməyə hazır olan namizədi dəstəkləyir və bütün islamçıları buna səsləyir.
Hörmətli seçicilər, bu gün həmişəkindən daha diqqətli olmalıyıq. Dostumuzla düşmənimizi tanımalıyıq. Qərbə inteqrasiyanı, NATO-nu, İngiltərəni dost seçənlərlə fərqimiz böyükdür.
Əziz seçicilər, biz həmişə dözümü siyasətin, səbri siyasətçinin zinəti hesab etmişik. Hesab edirik ki, əsl rəhbər vətəndaşların ona toxunan söz və ifadələrindən qəzəblənsə belə, ədalət həddini aşmamalı, adekvat olmayan cəza tətbiq etməməlidir.
Bütün bunların önündə seçki gününün nəticələri dayanacaq. O seçki ki, bir xalqın dünənindən bu gününə, bu günündən sabahına hesabatı haqqıdır.
Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: bir qövm öz halını dəyişməsə, Allah da onun halını dəyişməz.
Allah bizlərə bir fürsət verib. Amma fürsət gec gəlib, tez gedər deyiblər.
Əziz seçicilər, “Qanunun hakimiyyəti, haqq və ədalət gəlir” nidası ilə seçkilərə qatılan haqsevər, ədalətsevərlərə səs verin, İlyas İsmaylova səs verin!