Tarix : 2013 Sep 28
Kod 40322

Teledebatda İ.İsmayılovun vəkili A.Heydərlinin çıxışının geniş mətni

Vətən uğrunda hər birimiz canımızdan, qanımızdan keçməyi bacarmalıyıq

Arannews.com 24 sentyabr tarixində İctimai TV-də prezidentliyə namizədlərin teledebatında "Ədalət" partiyası və "Vətən" blokunun təmsilçisi, prezidentliyə namizəd  İlyas İsmayılovun vəkili, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Akif Heydərlinin çıxışının geniş mətnini təqdim edir.

 Bağışlayan və mehriban Allahın adı ilə!

 Əziz seçicilər, hamınızı salamlayıram. Axşamınız xeyirli olsun.

Hamı üçün çox məsul bir dövrdə, Azərbaycan xalqının taleyüklü məsələsi olan prezident seçkisi ərəfəsindəyik. Seçki bir xalqın  iradəsi və  şərəf işidir.

Allah  insanların öz taleyini həll etmək gücündən yararlanmaq üçün onlara bu imkanı verib.

Mən   İlyas İsmayılovun vəkili və onu  dəstəkləyən Azərbaycan İslam Partiyasının təmsilçisiyəm.

Məlum səbəblərə görə partiyamızın namizədi  qeydiyyata alınmadı. Mən bunun səbəblərinə vaxt ayırmaq istəmirəm. Amma qeyd etməliyəm ki,  AİP-in cəmiyyətdə gücü və nüfuzu  kifayət qədər böyükdür.  Partiyamızın çoxminlik üzvləri  və inanclı insanların dəstəyi ilə bu seçkini qələbə ilə başa vuracağımıza inanırıq. Bunu xalqımızı narahat edən, ölkəmizin dinamik inkişafını ləngidən səbəblərə  digər namizədlərdən fərqli  baxışlarımız vəd edir.

 İ. İsmaylovun  seçki platformasında  başlıca istiqamət və diqqət ölkədə düzgün planlaşdırılmayan daxili siyasətin  törətdiyi fəsadlar və onların aradan qaldırılması yollarına  yönəldilib.

 Ölkədə rüşvətxorluq və korrupsiya hallarını sübüt etməyə lüzum yoxdur. Çünki bunu hazırkı iqtidar da etiraf edir. Amma dövlətçilik təməlini təhlükəyə alan problemin aradan qaldırılmasında acizlik müşahidə olunur. Bizə görə rüşvətxorluq və korrupsiya bələdiyyə və ya hərbi komissarlıq çərçivəsində deyil, hakimiyyətin üst qatından başlayaraq ittiham olunmalıdır.  Mən rüşvət almıram, digərləri də almamalıldır prinsipi həyata keçirilməlidir.

İqtisadiyyatın dayanıqlı inkişafı üçün ölkədə  neft gəlirlərindən başqa mövcud  resurslardan istifadə olunmur. Xalqımız üçün tarixən həyat mənbəyi sayılan kənd təsərrüfatı, torpaq və əkinçilik  mədəniyyətini yüksəltməyə maraq yoxdur.  Texnika  problemləri nəticəsində torpaq kəndli üçün göz dağına çevrilib. Müdafiə etdiyimiz platformada aqrar səhənin kompleks şəkildə inkişaf etdirilməsini  prioritet vəzifə kimi qarşıya  qoyulub. 

 Düşünürük ki,  ölkənin müstəqilliyi və istiqlaliyyəti  birmənalı olaraq insanların hüquqlarının dövlət tərəfindən qorunması, sosial həyat  tərzi, torpaqlarımızın bütövlüyü, xalqın öz milli, mənəvi  sərvətlərinə sahib çıxması ilə ölçülməlidir. Amma  heç kimə sirr deyil ki, ölkədə insan haqq və hüquqları müxtəlif formada  və kütləvi  şəkildə pozulur.

 Müstəqil məhkəmənin olmaması günahsız insanların qanunsuz cəzalandırılmasına  səbəb olur. Cinayətsiz cəzalar və cəzasız cinayətlər vətəndaşlarda böyük ümidsizlik   sindromu yaradıb.

 Ölkəmizdə  hazırda ən çox  hüququ pozulanlar inanclı insanlardır. Bu,  onların daha  güclü olmasından irəli gəlir. İnsanların  vicdan və əqidə azadlığını təmin edən konstitusiyaya  əməl olunmur. Süni  hicab qadağası,  məscidlərin   sökülməsi və azanın qadağası dini cameəni ciddi narahat edir. Hicablı xanımların təhsildən zorla uzaqlaşdırılması nəticəsində  savadsız gələcəyimizin bünövrəsi qoyulur. Bu insanlığa qarşı cinayətdir. Bu cinayətin müəllifləri azadlıqda, onlara qarşı mübarizə aparanlar isə məhbəsdədir.

Amma özünü  indi islamçı təəssübkeşi kimi göstərmək istəyənlər bir müddət öncə “hakimiyyət  dindarlarla çox yumşaq rəftar edir”, deyirdilər,  seçki ərəfəsində isə  onlar dindarların  dostuna çevrilməyə çalışırlar.

Əziz qardaş və bacılar, onların siyasi baxışları sizləri aldatmasın.

Mən açıq şəkildə qeyd edirəm ki, bu gün xalqımızın əsl din alimlərinin sayının artmasına və dinin inkişafına ehtiyacı var. Şərlənərək həbs olunan  günahsız  məhbusların arasında İslam alimləri Hacı mövsümlərin, fəramizlərin, abgüllərin olması ürək ağrıdır. Yeri gəlmişkən biz hakimiyyəti  belə alimlərin ən qısa zamanda  azadlığa buraxmağa səsləyirik. Seçicilərimizə bildirmək istəyirəm ki, İlyas İsmaylovu seçəcəyiniz təqdirdə ölkəmizdə dinə və heç bir dini atributa, dini maarifləndirməyə  qadağalar olmayacaq, günahsız məhbuslar  azadlığa qovuşmaqla  onlara  həbs müddətində dəyən mənəvi və maddi ziyanlar ödəniləcək. Siyasi mənsubiyyətinə görə insanlar təqib olunmayacaq, həbsə atılmayacaq.  Qanun qarşısında  hamının bərabərliyi  təmin ediləcək.

  Cəmiyyətdə  bu mənada baş verən problemləri  nəzərə alaraq  «Ədalət» partiyası və «Vətən» blokunun seçki platformasında hüquqi dövlətin yaradılması,  qanunun aliliyinin təmin  edilməsi əsas aparıcı  amillərdən sayılır.

 Əziz seçicilər, Dağlıq Qarabağ ağrılı  yerimizdir. Hakimiyyətin yarıtmaz xarici siyasəti nəticəsində bu problemin  həlli uzanır.  Bu problem  hər gün, hər saat və hər dəqiqə bizləri narahat  etməlidir.  Təəssüflər olsun ki,  dünən Dağlıq Qarabağda müharibənin durduralmasına imza atanlar bu gün yüksək pafosla onun azad olunmasından danışır. Xarici  güc mərkəzlərində himayə axtaranlar isə ABŞ-da Dağlıq Qarabağ  haqqında söhbət zamanı «müharibə  cinayətdir» ritorikasını irəli sürürlər. Əsl cinayət Vətən torpağının işğal altında  qalmasına razılıqdır. İstər «Ədalət», istər «Yaşıllar», istərsə də İslam partiysı Qarabağ probleminin ATƏT-in Minsk qrupu tərəfindən  həllinə əvvəldən ümid bəsləməyib. İşğal altında torpaqlarımızı  region dövlətlərinin  güc mərkəzlərini yaratmaqla azad etməliyik.

 

Əziz seçicilər, özünü  demokratiya carçıları kimi  qələmə vermək istəyənlər Azərbaycan xalqının  firavanlığını, dövlətimizin möhkəmlənməsini  istəmir.  Dünən Dağlıq Qarabağda  Volski hakimiyyətinin tətbiqinə  sevinənlərlə bu gün NATO hərbi blokuna  inteqrasiyaya, yaxud ATƏT-in Minsk Qrupunun  həmsədr ölkələrinin təmsilçilərinin dəyişilməsinə  sevinənlər arasında mən heç bir  fərq  görmürəm. Çünki  Volski də  Dağlıq Qarabağı ermənilərə vermək niyyətində idi, NATO və Minsk qrupu da.

  Vətən uğrunda hər birimiz  canımızdan, qanımızdan  keçməyi bacarmalıyıq. Axı bizim  üçün ölümün şəhadət kimi uca zirvəsi var.

AİP məhz hər qarış vətən torpağı uğrunda  canından keçməyə hazır olan namizədi dəstəkləyir və bütün islamçıları buna səsləyir.

Hörmətli seçicilər, bu gün  həmişəkindən daha diqqətli olmalıyıq. Dostumuzla düşmənimizi  tanımalıyıq.  Qərbə inteqrasiyanı, NATO-nu, İngiltərəni  dost seçənlərlə fərqimiz böyükdür.

  Əziz seçicilər, biz həmişə dözümü siyasətin, səbri siyasətçinin zinəti hesab etmişik. Hesab edirik ki, əsl rəhbər vətəndaşların ona toxunan  söz və ifadələrindən  qəzəblənsə beləədalət həddini aşmamalı, adekvat  olmayan  cəza tətbiq etməməlidir.

Bütün bunların  önündə  seçki gününün nəticələri dayanacaq. O seçki ki, bir xalqın dünənindən bu gününə,  bu günündən sabahına hesabatı haqqıdır.

Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: bir qövm  öz halını dəyişməsə, Allah da onun halını  dəyişməz.

  Allah bizlərə bir fürsət verib. Amma fürsət  gec gəlib, tez gedər  deyiblər.

  Əziz seçicilər, “Qanunun hakimiyyəti, haqq və ədalət gəlir” nidası ilə  seçkilərə qatılan  haqsevər, ədalətsevərlərə  səs verin, İlyas İsmaylova səs verin!



  • Yazılıb
  • da (də) 2013 Sep 28