Tarix : 2013 Oct 05
Kod 40382

Azərbaycan dövləti cərimələndi

Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti Sürəyya Tahirovaya 13 min 650 avro kompensasiya ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Sürəyya Tahirovanın dövlətə qarşı iddiasını təmin edib. Məlumatı Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev verib .

Vəkilin sözlərinə görə, Sürəyya Tahirova Müsavat Partiyasının fəalı Oqtay Tahirovun həyat yoldaşıdır və 2005-ci ildə mitinqdə polis ona xəsarət yetirib: “2005-ci ilin noyabrın 26-da müxalifətin keçmiş “Qələbə” kinoteatrının qarşısında keçirdiyi aksiyada Sürəyya Tahirova da həyat yoldaşı və nəvələri ilə birlikdə iştirak edib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, xeyli insan, o cümlədən Sürəyya Tahirova ciddi xəsarət alıb. Polis onu dəyənəklə vurub və huşunu itirərək yerə yıxılıb .

Onun fotoları dünyanın aparıcı mətbuat orqanlarında yayılıb. Fotolarda onun ətrafında dayanan və əllərində itlər tutmuş polislər əks olunub. Aksiya iştirakçıları Sürəyya Tahirovanı xəstəxanaya aparmaq istəsələr də, polis buna imkan verməyib. Bir necə saat sonra təcili yardım maşını onu Musa Nağıyev adına xəstəxanaya aparıb, gecəni reanimasiya şöbəsində qalıb, həkimlər çətinliklə onun həyatını xilas edə biliblər. Uzun illər yataq xəstəsi olan Sürəyya Tahirovanın səhhətində ciddi problemlər var ”.

Əsabəli Mustafayev bildirib ki, polisin mitinqi dağıtmasının qanunsuz sayılması, Sürəyya Tahirovaya qarşı tətbiq olunan zorakılığın işgəncə faktı kimi tanınması üçün məhkəməyə müraciət ediblər. Amma ölkə məhkəmələrinin heç bir instansiyası şikayəti təmin etməyib, işgəncə faktını tanımayıb, ona görə də iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib: “Avropa Məhkəməsi Sürəyya Tahirovanın işgəncəyə məruz qalması faktını tanıyıb. Bundan başqa ilk dəfə olaraq Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulması haqda qərar çıxarıb .

Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində yer alan sərbəst toplaşmaq hüququnun pozulması faktının qərarda əks olunması çox yaxşı haldır. Çünki Azərbaycanda bu hüququn pozulması halları geniş vüsət alıb, sərbəst toplaşmaq faktiki ləğv olunub ”.

Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti Sürəyya Tahirovaya 13 min 650 avro kompensasiya ödəməlidir  .

2005-ci ilin parlament seçkisinin nəticələrindən narazı qalan müxalifət davamlı aksiyalar keçirib. Həmin ilin noyabrın 26-da keçmiş “Qələbə” kinoteatrının qarşısında hakimiyyət orqanları ilə razılaşdırılmış formada keçirilən mitinq başa çatanda polis aksiyaya müdaxilə edib. Polis güc tətbiq edərək mitinqi dağıdıb, xeyli sayda insan xəsarət alıb./ Media forum

  • Yazılıb
  • da (də) 2013 Oct 05