Tarix : 2013 Oct 07
Kod 40406

Ermənistanın önəmi azalır

Ermənistanın Rusiya üçün önəmi azalır

Arannews-Tanınmış erməni politoloq Manvel Sarqsyan: “Rusiya Azərbaycanla qardaşlaşmaqla təkcə Ermənistanı qorxutmur...”; Azərbaycan HHQ komandanı: “Ermənistandakı S-300 sistemləri köhnədir və Rusiya onları çoxdan istehsalatdan çıxarıb ...”

Cırtdan Ermənistan Rusiya və Qərb qarşısında nə qədər öz dəyərini qaldırıb sonucda işğal faktından diqqəti yayındırmağa çalışsa da, son illər buna nail olmaq getdikcə çətinləşir. Hər halda atəşkəsdən ötən 20 ildə nə demokratik dünya, nə də Rusiya ikinci erməni “dövləti”ni - separatçı rejimi tanımağa cəhd eləməyiblər. Gerçəyin harda olduğunu dəqiq bildikləri üçün .

Fakt budur ki, blokadada inləyən təcavüzkar ölkə onun əsas müttəfiqi olan Rusiya üçün ciddi iqtisadi-ticari önəm kəsb eləmir. Elə bir neçə gün öncə açıqlanan statistik sənədə görə, şimal qonşumuzun MDB dövlətləri ilə xarici ticarət dövriyyəsində Ermənistan Tacikistanla birgə sonuncu yerləri bölüşür. Sənəddə maraqlı detal həm də odur ki, son illər ərzində Rusiyanın Gömrük İttifaqının üzvü olan Belarusla ticarət dövriyyəsinin həcmi azaldığı halda, Gömrük İttifaqının üzvü olmayan Ukrayna ilə, Azərbaycanla atıb .

Buradan qənaət hasil olur ki, Moskva hansısa ölkə ilə əlaqələri tədricən həm də bu ölkənin əhəmiyyətinə görə qurmağa başlayıb. Demək, qalır Kreml üçün Ermənistanın hərbi önəmi. Belə görünür, Ermənistanın Moskva üçün bu kontekstdə də əvəzedilməzlik mifi dağılmaqdadır. Özü də bunu indi tək biz yox, bəzi nüfuzlu erməni ekspertləri də etiraf edirlər .

 “Ermənistanın Rusiya üçün rolu və əhəmiyyəti azalmaqdadır. Düşünürəm ki, bunda həm Avropanın möhtəkir siyasəti, həm də Ermənistan hakimiyyətinin ”xidməti" var". Bunu tanınmış erməni politoloq Manvel Sarqsyan “168 jam” (“168 saat”) qəzetinə müsahibəsində söyləyib .

Onun fikrincə, Rusiya Avrasiya İttifaqını yaratmağa xüsusi can atmır, sadəcə inteqrasiya proqramlarının təsiri altında Qərblə münasibətlərinə aydınlıq gətirmək istəyir - bu prosesə Ermənistanı və digər postsovet respublikalarını cəlb eləməklə .

Sitat: “Niyə Rusiya Azərbaycanla qardaşlaşıb. Ermənidən soruş, deyəcək, Azərbaycanı ona görə silahlandırır ki, bizi qorxutsun. Ancaq Moskva Azərbaycanla Ermənistan arasında hərbi balansı saxlamaqdan savayı, beynəlxalq siyasətdə qat-qat mürəkkəb problemlərlə üzləşib. Mən Suriyada baş verənlərə, o sırada Suriya böhranı ilə əlaqədar ABŞ-Rusiya-İran münasibətlərinə çox böyük əhəmiyyət verirəm ”.

Politoloqa görə, Rusiyanın Suriyada rolu artıb, İranın isə Amerika ilə münasibətləri yaxşılaşır: “Ehtimal edə bilərəm ki, bütün bunlar beynəlxalq münasibətlərə hansı dəyişiklikləri gətirə, bizim regionda necə əks-səda verə bilər. Məhz burda görürəm Rusiyanın Azərbaycana münasibətinin dəyişməsini. Və burda da Rusiya siyasətində Ermənistanın rolunun azalmasını müşahidə eləmək olar ...”

Heç şübhəsiz, Kremlin son vaxtlar Ermənistanın hərbi qüdrətinin artmasına barmaqarası baxmasının bir səbəbi də bununla bağlıdır. Bu xüsusda Azərbaycan Hərbi Hava Qüvvələri komandanı, general Altay Mehdiyevin söylədikləri də diqqət çəkir. Generalın sözlərinə görə, Ermənistanda olan raketləri Rusiya çoxdan istehsalatdan çıxarıb, Azərbaycandakı S-300 modernləşdirilmiş zenit-raket komplekslərindən isə yalnız az sayda ölkədə var .

General bizdəki S-300 sistemlərinin yüksək dəqiqliyə malik olduğunu söyləyib: “Bu sistemlərin dəqiqliyi hər cür hədəfə münasibətdə 99 faiz təşkil edir. Hazırda Ermənistanın hərbi parkında da S-300 raketləri var. Lakin bunlar köhnəlmiş versiyalardır və Rusiya onları istehsaldan çıxarıb. Onların göstəriciləri Azərbaycandakılardan bir neçə dəfə geri qalır. Bu gün Azərbaycan regionda ən güclü Hava Hücumundan Müdafiə Sisteminə malikdir ”.

Əlbəttə ki, düşmən üzərində - o da ola işğalçı ölkə - ciddi hərbi üstünlük əldə edilməsi Azərbaycan üçün olduqca mühüm önəm kəsb edir. Yəqin ki, dövlət səviyyəsində bu yöndə işlər Azərbaycanda kimin hakimiyyət başında olmasından asılı olmayaraq davam etdiriləcək .

Ancaq məsələdə bir neçə mühüm detal diqqətdən yayınmamalıdır. İş ondadır ki, Rusiya silah-sursatı nə qədər modern, qabaqcıl olsa belə, bu, Azərbaycanın Kremldən bu və ya digər dərəcədə hərbi-siyasi asılılığını gücləndirə bilər. Yaddan çıxarmaq lazım deyil ki, Kreml ən yaxşı halda hərbi balansı qorumaq, öz büdcəsini zənginləşdirmək və Azərbaycanın başqa silah bazarlarına üz tutmaması naminə buna gedir, nəinki Azərbaycanın Ermənistan üzərində əzici üstünlük qazanması məqsədilə edir .

Nəhayət, hər bir müharibədə insan amili unudulmamalıdır. Ordudakı nizam-intizamın yüksək səviyyədə olmasını, dedovşina və korrupsiya hallarının, qeyri-hərbi əsgər itkilərinin kökünün kəsilməsi zəruriliyini nəzərdə tuturuq.

  • Yazılıb
  • da (də) 2013 Oct 07