Tarix : 2013 Oct 09
Kod 40440

Əlisultan Osmanovun sədrliyi ilə dindar blogger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib

dindar bloggerin məhkəməsində Aslan İsmayılov ifadə verdi

Arannews-Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə dindar blogger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib .

Prosesdə Ramazanovun özü və vəkili Azər Nağıyev iştirak ediblər .

Ramazanovun vəkili Azər Nağıyevin bildirdiyinə görə, bu günkü prosesdə iş üzrə müdafiə tərəfin şahidinin ifadəsi dinlənilib .

Şahidimiz tanınmış vəkil Aslan İsmayılov ifadə verdi. O, öz ifadəsində Ramazanovun işi ilə bağlı geniş izahat verdi. Daha sonra bizim bir şahidimiz də ifadə verməyə dəvət edildi. Lakin onun ifadəsi etibarsız hesab edildi. Hakim bildirdi ki, şahid ilkin məhkəmə iclaslarında digər şahidlərin ifadə verdiyi zaman zalda olub. Qanunvericiliyə görə də, şahidlər bir-birilərinin çıxışlarını izləməməlidir. Sonra biz Rəşadın üzərindən aşkar olunan narkotik bükülüsünün üzərində əl barmaq izlərinin trasaloji ekspertizasının təyin olunması barədə vəsatət qaldırdıq. Amma məhkəmə bildirdi ki, həmin narkotik vasitə maddi sübut kimi məhkəməyə təqdim olunacaq, ondan sonra bununla bağlı məhkəmə öz qərarını verəcək” - deyə bildirən vəkil A. Nağıyev növbəti prosesin 17 oktyabr saat 12:30-a təyin olunduğunu bildirdi .

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 7-də bloggerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib .

Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə əks olunub . / Azadxeber.net

  • Yazılıb
  • da (də) 2013 Oct 09