Tarix : 2013 Oct 09
Kod 40444

Azərbaycanda yeni partiya yaradilir

Namazov partiya yaradır

Arannews-Xəbər verildiyi kimi, Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş müsavatçı İlham Hüseyn EL hərəkatından istefa verərək Ədalət Partiyasına keçib .

EL hərəkatının sədri Eldar Namazov açıqlamasında İlham Hüseynin istefasına münasibət bildirib. Onun sözlərinə görə, EL-in dağıdılması, sıradan tamam çıxarılması üçün qaranlıq əl işləyir və bunu heç gizlətmirlər də: “EL hərəkatı təxminən yarım il əvvəl elan olundu. Ancaq fəaliyyətə başlayandan 17 gün sonra bizə qarşı başlayan təzyiqlər bu günə kimi davam edir. Əvvəlcə ofislərimizi əlimizdən aldılar. Sonra EL-ə daxil olan şəxslərin qohumları, yaxınları işdən qovuldu. Sonra EL hərəkatının guya seçki zamanı ölkədə iğtişaşlar hazırladığı barədə prokurorluqda araşdırmalar başlandı, bizə təzyiq mexanizmi kimi prokurorluğa ifadə verməyə çağırdılar. Bugünlərdə baş prokuror araşdırmaları davam etdirdikləri barədə yenidən açıqlama verdi. Bir neçə gün öncə isə İlham Hüseyn istefa verdi ”.

 

E.Namazov qeyd etdi ki, bütün bunlar 6 ay əvvəl yaranmış hərəkata qarşı təzyiq və repressiya dalğasının görünən tərəfidir: “Bunun hələ görünməyən tərəfi var ki, hansı şəkildə təzyiqlər olur. Belə bir vəziyyətdə İlham Hüseyn kimi qərar verən insanlara ciddi irad tutmaq da əslində mənəvi cəhətdən çətindir. Hər halda, mən şəxsən özümün, EL-i mənimlə bir yerdə yaradan insanların mövqeyini ifadə edə bilərəm ki, əgər qısa müddətdə EL-ə böyük maraq, dəstək nümayiş etdirildisə, hakimiyyət onun fəaliyyətini dayandırmaq üçün təzyiqləri davam etdirmək xətti götürübsə, deməli, bu hərəkatın cəmiyyətdə yeri, gələcəyi var. Təzyiqlər və istefa kimi hadisələr sübut edir ki, bizim mübarizəmiz xalqın maraqlarına uyğun yoldur. Sadəcə, bizə çətinliklər yaradıb bu yoldan tamamilə dönməyimizi istəyirlər. Lakin bütün təzyiqlərə baxmayaraq, gələcəkdə də hakimiyyətin təzyiqləri nəticəsində hansısa üzvlərin hansısa qərar verməsindən asılı olmayaraq, biz seçki prosesi bitəndən sonra EL hərəkatının təşkilatlandırılmasının davam etdirilməsi ilə məşğul olacağıq. Gələn ilin əvvəllərində EL-in qurultayını keçirəcəyik. Qurultayda EL-in hərəkat formasında qalması və ya partiyaya çevrilməsi haqqında qərar verəcəyik ”. /musavat.com


  • Yazılıb
  • da (də) 2013 Oct 09