Tarix : 2013 Oct 09
Kod 40448

həbsdəki jurnalistlə görüş

Elçin Behbudov bu gün həbsdəki jurnalistlə görüşəcək

Arannews-Pərviz Həşimli Eldar Mahmudova müraciət edib . Milli Təhlükəsizlik Nazirliyi jurnalist Pərviz Həşimli üçün aparılan qəzetləri qəbul etməyib. Yayım firması onun istədiyi qəzetləri abunə qaydasında nazirliyə çatdırsa da, qəbul şöbəsindən bildiriblər ki, burada bütün saxlanılanlara lazım olan qəzetlər verilir .

MTN-in İstintaq Təcridxanasında saxlanılan P. Həşimli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. O, müraciətində minimal hüquqlarının təmin olunmasını istəyib. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov bildirib. “Pərviz müraciətində yazıb ki, saxlanma yerləri ilə bağlı Baş Prokurorluq və MTN-in razılaşdırdığı qaydalara riayət olunmur. Ailəsi ilə görüşünə icazə verilmir, məktub və telefonla ünsiyyət yaratmağa da imkan verilmir. Qəzetlərin də ona çatdırılmadığını bildirib ”.

Vəkil bildirib ki, 7 oktyabrda jurnalist barədə seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə apelyasiya şikayəti verib. O əlavə edib ki, P. Həşimli ilə görüşdən çıxarkən yenidən əlindəki qeydləri alıb rəisin otağında sürətini çıxarıblar. Vəkil bunun qanunsuz olduğunu desə də, buna məhəl qoyulmayıb .

Pərviz Həşimlinin atası Kamran Həşimov Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevə ironik müraciət göndərib. Müraciətdə yazılıb: “Doğrudanmı, bizim sərhədlərimiz bu dərəcədə bərbad vəziyyətdədir ki, hər dəfə bir şəxs istədiyi miqdarda silah-sursatla sərhədimizi pozaraq ölkəyə keçir? Əgər belədirsə, ölkəmizin daxilində təhlükəli vəziyyət yaranıb. Hər tərəf, künc-bucaq, jurnalistlərin evləri silah-sursatla doludur. Hətta qoymağa yer tapmadıqları üçün tapançaları öz körpə uşaqlarının oyuncaqlarının içərisinə yerləşdirirlər ki, qoy körpələr də ”silahla davranmağ"ı öyrənsinlər. Çünki torpaqlarımız düşmən işğalı altındadır ".

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bizə açıqlamasında dedi ki, 8 oktyabrda - seçki günü MTN-in təcridxanasında keçirilən seçkiləri müşahidə etmək üçün orada olacaq: “DİN-in tabeliyində olan cəzaçəkmə müəssisələrində olanlar Bakıdakı istintaq təcridxanalarında səs verirlər. MTN-in təcridxanasında saxlanılanlar isə elə orada səs verirlər. Mən də seçki günü MTN-in təcridxanasında olacağam və oradakı səsverməni müşahidə edəcəyəm ”.

Müsahibimiz görüş zamanı həbsdə olduğu gündən indiyə kimi P.Həşimliyə qarşı hər hansı işgəncə faktının olub-olmamasını da soruşacaq. Hüquq müdafiəçisi həbsindən ötən bu uzun müddət ərzində jurnalistlə niyə görüşməməsinin səbəblərini də açıqladı: “Bilənlər bilir, mənim səhhətimdə ciddi problemlər var. Görüş ona görə yubandı. Bundan başqa, bizim bir anlaşmamız da var ki, ayda bir dəfə qabaqcadan deyilməmək şərti ilə MTN-in təcridxanasına gedə bilərəm. Pərvizin həbsindən qısa müddət öncə ora getmişdim deyə görüş baş tutmurdu ”.

Xatırladaq ki, P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib .

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir . /islamazeri

  • Yazılıb
  • da (də) 2013 Oct 09