Tarix : 2013 Oct 21
Kod 40573

böyük ticarət mərkəzi yandi

Sumqayıtın ən böyük ticarət mərkəzi yanıb

 Arannews - 19 Oktyabrin  axsam saatlarında Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib .

Sumqayıt şəhər Polis İdarəsindən verilən xəbərə görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və onlar ticarət mərkəzinin ərazisində baş vermiş yanğının söndürülməsinə dair tədbirlər görürlər .

 Polisdən həmçinin bildirilib ki, şəhər polisinin əməkdaşları təhlükəsizliyin təmin olunması üçün hadisə yerinə cəlb olunublar .

 Ticarət mərkəzində çalışanların əməkdaşımıza bildirdiklərinə görə, üç mərtəbəli ticarət mərkəzində 1000-ə yaxın dükan var. Hadisə yerinə gələn bu dükanların sahibləri və onların yaxınları mallarını mağazalardan çıxarmağa səy göstəriblər. Bu səbəbdən yanğın baş verən ərazidə əlavə sıxlıq yaranıb ki, bu da yanğınsöndürənlərin ticarət mərkəzinə yaxınlaşmasına müəyyən problemlər yaradıb. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür .

 Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerindədirlər. Həmçinin əraziyə FHN-nin əlavə yanğınsöndürmə avadanlığı və canlı qüvvəsi cəlb olunub .

 FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlara girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər .

 Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğında şüşə qırıntıları ilə kəsilmiş xəsarət alan 4 nəfər onlara müraciət edib. Onlar Tural Əmrahov, Xaliq Məmmədov, Rövşən Dəmirov və Vəfa İsmayılovadır .

 Yanğın zamanı həmçinin daha 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərə ilkin yardım göstərilib və evə buraxılıblar .

 Xəstəxanadan bildirilib ki, hadisə zamanı ölən və ağır xəsarət alan olmayıb .

 Fövqəladə Hallar Nazirliyi də Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat yayıb .

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və nazirliyin digər xilasetmə qüvvələri cəlb edilib .

 Nazirlikdən verilən məlumata görə,Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanın söndürülüb. Hadisə barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib./apa

  • Yazılıb
  • da (də) 2013 Oct 21