Tarix : 2013 Oct 22
Kod 40587

Bahar Muradova: Bu, Ermənistanı sülhə məcbur edəcək

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın növbəti 5 illik müddətində prezidenti seçilən İlham Əliyevin inauqurasiya mərasimində verdiyi bir sıra ciddi mesajları şərh edir

Arannews-Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın növbəti 5 illik müddətində prezidenti seçilən İlham Əliyevin inauqurasiya mərasimində verdiyi bir sıra ciddi mesajları  şərh edir.

Bu, Ermənistanı sülhə məcbur edəcək
-Prezident İlham Əliyev Ermənistanın təcrid edilməsi siyasətinin bundan sonra da davam etdiriləcəyini, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə qədər bu ölkənin bütün beynəlxalq layihələrdən kənarda qoyulacağı mesajını verdi. Bu istiqamətdə Azərbaycanın bundan sonrakı siyasətini necə şərh edərdiniz?

-Cənab prezident Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini açıqladı. Hesab edirəm ki, hər şeyi bütün parametrləri ilə söylədi. Dağlıq Qarabağ məsələsi Azərbaycan hökuməti qarşısında yalnız tək çətin məsələ kimi qalır. Azərbaycan özünün elə bir inkişaf mərhələsinə çatıb ki, onun üçün həlli qeyri-mümkün olan məsələ yoxdur. Dövlətin artan imkanları, onun hərbi qüdrəti, vətəndaşların yürüdülən siyasəti dəstəkləməsi daxildə və xaricdə Azərbaycanın gücünü və imkanlarını artırır. Nəzərə almalıyıq ki, bütün bunların müqabilində Ermənistan çökməkdə olan bir dövlətdir. Öz iradəsi ilə taleyinə müstəqil sahiblənə bilməyən, başqa ölkələrdən, xüsusilə böyük dövlətlərdən asılı olan və onların diktəsi ilə hərəkət edən bir ölkədir. İqtisadi tənəzzül Ermənistanı ağır duruma saldı. Vətəndaşları orda yaşamağın perspektivini görmədən, bu ölkəni tərk edirlər. Yerləşdiyimiz ərazi, Azərbaycanın üstün geosiyasi imkanları, təbii sərvətləri və ölkənin malik olduğu nəqliyyat infrastrukturu, dünyanın ən vacib həlli yolunun üzərində olması onun imkanlarını həddindən artıq genişləndirir. Ermənistan isə bütün bu beynəlxalq layihələrdən kənarda qalaraq, təcrid vəziyyətinə düşüb və özünün məhdud imkanlarını getdikcə tükədir. Ona görə də bütün bunları nəzərə alanda Azərbaycanın yeritdiyi hücum diplomatiyası, Ermənistanı təcrid siyasəti, eyni zamanda Dağlıq Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq təşkilatların bütün müstəvilərində apardığı məqsədyönlü siyasət Ermənistanın təcavüzkar siyasətini daha çox ifşa etməkdədir və onu daha çox dünya ölkələrindən, beynəlxalq layihələrdən kənarda qoyub. Məhz bu siyasət Ermənistanı gələcəkdə konstruktiv mövqeyə gəlməkdə, əgər bu ölkə gələcək taleyini düşünən siyasət yeridəcəyi təqdirdə Dağlıq Qarabağ məsələsi ilə əlaqədar sülh prosesinə töhfə vermək imkanlarını axtarmağa sövq edəcək. Cənab prezidentin qarşıdakı 5 ildə, ən azı bu növbəti 5 ildə yürüdəcəyi siyasət bütün bu amillərdən çıxış edərək Ermənistanı sülhə məcbur etmək olacaqdır. Təbii ki, bu da öz nəticəsini göstərəcək. Ən azı ona görə ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın yalanlarının, təcavüzkar siyasətinin ifşa olunmasında Azərbaycan getdikcə daha artıq diplomatik və digər vasitələrə malikdir.

-Ermənistanı təcrid siyasətinə görə bir çox hallarda Azərbaycana müxtəlif təzyiqlər edilib. Çox güman ki, bundan sonra da olacaq. Belə hallarda Azərbaycan necə hərəkət etməyi düşünür?

-Əslində bunun heç bir məntiqi yoxdur. Beynəlxalq hüququn prinsipləri təcavüzkar siyasət yürüdən, bir ölkənin ərazisini işğal edib əlində saxlayan, o ərazidəki vətəndaşları öz didərgin salan, etnik təmizləməyə məruz qoyan bir dövlətə embarqo qoyulması və təzyiqin göstərilməsini tələb edir. Paradoksal odur ki, bu günə qədər Ermənistanı beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, böyük dövlətlər, beynəlxalq hüququn subyektləri olan və bu hüququn prinsiplərini qorunması üçün daha çox məsuliyyət daşıyan dövlətlər ona qarşı bir təzyiq göstərmirlər. Bunu göstərmədiyi təqdirdə Azərbaycanın haqlı olaraq ərazini işğal edən bir ölkə ilə heç bir iqtisadi əməkdaşlığa getməməsi, özünün iştirak etdiyi, təşəbbüskarı olduğu beynəlxalq iqtisadi layihələrdən onu kənarda qoyması və təcrid etməsinə görə bizə təzyiq etmələrinin heç bir məntiqi yoxdur. Bu Azərbaycanı çəkindirmir. İstənilən halda onlar Ermənistana təzyiq göstərməməklə Azərbaycana qarşı təcavüzkar siyasətə dəstək göstərmiş olurlar. Bu azmış kimi üstəlik bizim özümüzə qarşı təzyiq göstərmələrini Azərbaycan heç zaman qəbul etməz və buna qarşı açıq və qətiyyətli mövqeyini hər dəfə bildirir. Həm də Azərbaycan bu təzyiqlərin olub-olmayacağını nəzərə almadan öz siyasətinə hansısa dəyişikliklər etmir. Ona görə də Ermənistana qarşı bu siyasətini qəti sürətdə qarşıdakı 5 ildə də davam edəcək.

“İlham Əliyev verdiyi vədin arxasında əməli ilə dayanan şəxsiyyətdir”

-Dövlət başçısı xarici siyasət prioritetləri ilə bağlı açıqladı ki, Azərbaycan əvvəlki kimi xarici siyasi kursunu davam etdirəcək, bütün beynəlxalq təşkilatlar, ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq. Maraqlıdır ki, seçkidən iki gün sonra müxalifət düşərgəsi iddia edirdi ki, iqtidar Avrointeqrasiya kursundan imtina edir.

-
Müxalifət özünün seçkidə iştirakı, mitinq vasitəsilə xalqa nə vəd etməsi, bu kampaniyada istinad etdiyi dairələrə nə vəd etməsi ilə bağlı açıqlamalar versə daha yaxşı olar. Azərbaycanın rəsmi siyasəti ilə bağlı tutduğu və tutacağı yol haqqında ölkənin prezidenti qəti və açıq şəkildə söyləyib. Ona görə də kimin nə söyləməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan nəinki Avrointeqrasiya, onu əhatə edən bütün bölgələrlə, bütün regionlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verib. Bundan sonra da belə davam edəcəkdir. Biz qısa bir müddətdə böyük inkişaf yolu gedirik və uğurlar əldə etmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu müstəvidə də dünyanı təhdid edən məsələlərə, o cümlədən Azərbaycanın qarşısında duran məsələlərə çox qəti və açıq sürətdə mövqeyini ortaya qoyur. Bu kimi fikirlərin heç bir əsası yoxdur. Azərbaycan həm Avropa, həm Asiya, həm də onu əhatə edən ölkələrlə qarşılıqlı əlaqələrə üstünlük verir və bunu əməlində göstərir.
Müxalifət getsin öz düşdüyü ağır durumdan çıxış yollarını axtarsın. Bizim yerimizə, ölkə prezidentinin yerinə hardasa bəyanat verməyə hüquqları yoxdur.

-Ümumi olaraq Prezidentin andiçmə mərasimində verdiyi mesajları necə qiymətləndirirsiniz?

-Yüksək dəyərləndirirəm. Dövlət başçısı bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş, İlham Əliyevin iki prezidentlik dövründə dinamik şəkildə inkişaf edən siyasi kursun bundan sonra da davamlı olacağı mesajını verdi. Ən əsası budur. Bu ölkənin inkişaf strategiyasıdır, inkişaf yoludur. Bunun davam edəcəyini söylədi. Bu yolun da Azərbaycana nə gətirdiyini hər bir Azərbaycan vətəndaşı bilir. Bunu da yüksək dəyərləndirib növbəti 5 il üçün İlham Əliyevə etimad göstərib. Prezident kimi həm seçkidən dərhal sonra, həm də andiçmə mərasimdə bu siyasətin qarşıdakı 5 ildə də necə yerinə yetirəcəyinə dair öz fikirlərini açıqladı. Açıq və kəskin mövqeyini ortaya qoydu və bütün prioritetləri göstərdi. Bu prioritetlər üzrə yaxın və uzaq hədəflərimiz açıqlandı. Bunun kimlərə və nələrə istinad edəcəyini söylədi. Ən əsası da xarici siyasət sahəsində Azərbaycanın dostlarının sayını artırmaq məqsədini ortaya qoydu. Prezident İlham Əliyev verdiyi vədin, dediyi sözün arxasında əməli ilə dayanan bir şəxsiyyətdir. Ona görə də qarşıdakı 5 ildə bütün bu istiqamətlərdə daha dinamik bir inkişafın şahidi olacağıq./Publika.Az

  • Yazılıb
  • da (də) 2013 Oct 22