Tarix : 2013 Oct 23
Kod 40604

“İlham Əliyev hakimiyyətdən getməlidir”

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli dünən Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirib

Arannews-Cəmil Həsənli seçkidə baş verən saxtakarlıq faktlarına diqqət çəkərək deyib ki, Milli Şuranın müşahidə missiyasının apardığı müşahidələrə görə 125 dairənin 50-sində seçki tamamilə saxtalaşdırılıb: “Bu o demək deyil ki, dairələrin 75-də normal seçki keçirilib. Digər dairələrdə də nəticələrə təsir edən qanun pozuntuları və saxtakarlıq olub. Lakin 50 dairədə saxtakarlıq pik həddə çatıb. Ümumiyyətlə bu seçkidə saxtakarlıq açıq şəkildə həyata keçirilib .

Seçkidə 20 faiz seçici iştirak edib. MSK-nın elan etdiyi 72 faiz yalnız karusel və saxtakarlıq nəticəsində alınan rəqəmdir. Mən bəzi faktları diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, 81 saylı Beyləqan Seçki Dairəsinin 39 saylı məntəqəsinin ərazisində 990 seçici yaşayır. Onlardan 240-ı məntəqədə, 750-i isə kənarda səs verib. Qanunvericiliyə görə kənarda, hərəkət qabiliyyətini itirən, seçki günü xəstə olub məntəqəyə gələ bilməyən seçicilər səs verə bilər. Bu da qoy olsun 10-15, lap 30 nəfər. Amma mümkün deyil ki, 750 nəfər xəstə olsun .

Bundan başqa bizdə 100-lərlə hazır bülletenlər var. Onların arxasına da möhür vurulub. Bülleten qutudan çıxarılandan sonra arxasına möhur vurulur. Deməli, aydın olur ki, seçkidən əvvəl bu bülletenlər hazırlanıb və karusel əməliyyatında iştirak edənlərə paylanıb (Cəmil Həsənli həmin bülletenlərdən nümunələri nümayiş etdirib (.

Bir məqamı da qeyd edim. Axı heç bir məntiqə sığmır ki, Qüdrət Həsənquliyev mənim doğulub boya-başa çatdığım, xeyrində, şərində iştirak etdiyim doğma kəndimdə öz kəndindən daha çox alsın. Bu sadəcə olaraq hoqqabazlıqdır .

Həhayət, seçki saxtakarlığının bariz nümunəsi hələ də dünyada müzakirə mövzusu olan “appgate” rüsvayçılığıdır. Bilirsiniz ki, MSK-nın informasiya xidməti bilmədən seçkinin nəticələrini seçkidən bir gün əvvəl açıqlayıb. Bu gün bütün dünya bundan danışır. Elə bir beynəlxalq media quruluşu yoxdur ki, bu məsələdən yazmasın .

Hətta ABŞ-da yumoristik verilişi ilə məşhur olan Cenk Uyğur da bu məsələyə yer ayırdı. Onun Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı məşhur bir fikri oldu. Cen Uyğur bildirdi ki, İsa Məsih də zühur edib gəlsəydi 85 faiz səs toplaya bilməzdi .

Seçki saxtakarlığı müqəddəs yerlərə də gedib çıxdı. Məkkədə seçki adına bir oyun qurdular. Bu din adına həqarətdir. Əgər İlham Əliyevə 3000 səs lazım idisə, Şeyx həzrətləri xahiş edərdi, MSK-nın mənə yazdığı 205 min səsdən 5000-ni İlham Əliyevə verərdim. Amma bu cür biabırçılığa getmək lazım deyildi. Bu olay Azərbaycanın dini həyatına sağalmaz bir yara vurdu. Möminlərimiz uzun müddət bunun acısını yaşayacaqlar ”.

Cəmil Həsənli bildirib ki, seçki ilə bağlı Azərbaycan daxilində məhkəmə proseslərini başa çatdırdıqdan sonra beynəlxalq məhkəmələrə müraciət ediləcək .

Milli Şuranın vahid namizədi MSK üzvü Akif Qurbanovun yekun protokola imza atmamasını yüksək qiymətləndirib: “Akif bəy iradə nümayiş etdirib. Bu fakt da göstərir ki, seçki saxtakarlıqla keçib. Yeri gəlmişkən, Akif Qurbanov Milli Şuranın üzvü deyil ”.

Demokratik dəyərləri satan avropalı deputatlar ifşa ediləcək

Avropa səfərində danışan Cəmil Həsənli bildirib ki, Brüsseldə, Strasburqda və Parisdə mühüm görüşlər keçirib .

Bütün görüşlərdə 9 oktyabrda keçirilən prezident seçkisi müzakirə mövzusu olub: “Avropa strukturları ciddi narahatdırlar. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyini əsas götürürlər. Avropa Birliyi xarici əlaqələr komissarlığında keçirdiyim görüşlərdə Avropa Parlamentinin 7 nəfərdən ibarət olan müşahidə missiyasının rəyindən narazılıq edildi və bu rəy şübhə altına alındı. Bildirdilər ki, indiyə qədər Avropa Parlamenti ilə ATƏT-in rəyi fərqlənməyib. Bu birinci haldı. Qərara alındı ki, bu məsələ ciddi araşdırılsın. Bizim gözlədiyimiz nəticə ondan ibarətdir ki, ya rəydən imtina ediləcək, ya da ATƏT-in rəyinə uyğunlaşdıralacaq. Avropa Şurasına gəlincə, tək biz yox, Avropa Birliyi, Avropa Parlamenti də bu quruma olan ümidlərini itiriblər. Görüşlərdə Avropa Şurası Parlament Assambleyasının bəzi deputatlarının Azərbaycanda keçirilən seçkilərdə hansı şərtlər müqabilində müsbət rəy vermələrindən təəssüf hissi keçirdilər. Və bildirdilər ki, Avropa məkanında əsas rəy ATƏT-indir ”.

 

Cəmil Həsənlinin sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyasından müşahidə missiyasına daxil olan bəzi üzvləri ilə Strasburqda “Hilton” otelində Azərbaycandan kimlərin danışıqlar aparması, onlara nə qədər rüşvət təklif olunması barədə müfəssəl məlumatlar var: “Həmin məlumatlar Strasburqun hüquq-mühafizə orqanlarında da var və yaxın gələcəkdə bu məsələlərə aydınlıq gətirələcək. Eyni zamanda AŞ PA-nın bəzi üzvlərinin Azərbaycanın korrupsioner nazir uşaqları ilə oturub-durmaları barədə məlumatlar var .

Avropada olan mühacirlər də həmin şəxsləri ifşa etmək istiqamətində fəal iş aparırlar. Onların ofislərinin və ya evlərinin qarşısında aksiyalara start verilib .

Artıq onlardan biri Barnet adlı Almaniyadan olan deputatın ofisinin qarşısında aksiya keçirilib. Hakimiyyət onun adından belə məlumat yaymışdı ki, Azərbaycanda keçirilən seçki ilə Almaniyada keçirilən seçkinin heç bir fərqi yoxdur .

Lakin o aksiya iştirakçılarının qarşısına çıxaraq bildirdi ki, belə fikir işlətməyib. Seçkinin texniki cəhətdən yaxşı təşkil olunduğunu vurğulayıb. Amma seçkidə saxtakarlıq edildiyini, qutulara topa bülleten atıldığını etiraf edir ”.

Cəmil Həsənli sonda jurnalistlərin suallarını cavablandırıb. O, Milli Şuranın oktyabrın 27-nə təyin etdiyi mitinqə icazə verilməyəcəyi təqdirdə hansı addımların atılacağı barədə deyib ki, sərbəst toplaşmaq azadlığı vətəndaşların kostitusion haqqıdır və hakimiyyət bu haqqı tanımalıdır: “Yox əgər icazə verilməyəcəksə, o zaman müzakirə edib müvafiq qərar qəbul edəcəyik ”.

Milli Şuranın taleyinə gəlincə, Cəmil Həsənli bildirib ki, bu qurum gücləndirilməli və fəaliyyətini davam etdirməlidir: “Milli Şurada hər hansı dəyişikliklər ola bilər. Amma bu bu dəyişikliklə qurumun gücləndirilməsinə yönəlik olacaq. Milli Şura bu gün Azərbaycan müxalifətinin güc mərkəzidir. Hətta saxtakarlığa baxmayaraq yenə də hakimiyyət ikinci yeri Milli Şuraya verdi .

Getmək istəməyənləri saxlamayacağıq. Kimlər ki, avantürist çıxışları ilə Milli Şuraya zərbə vurub onlar əlbəttə qurumdan uzaqlaşdırılacaq. Milli Şura gücləndiriləcəke Azərbaycanın bu rejimdən xilasını bu qurum öz üzərinə götürəcək ”.

“Hakimiyyətdə kadr dəyişiklikləri ilə bağlı gözləntiləriniz nədir? Bu problemlərin həllinə kömək edə bilərmi?” sualına Cəmil Həsənli belə cavab verib: “Azərbaycanın problemi Hazirlər Kabinetində kimlərinsə dəyişməsi ilə həll oluna bilməz. Azərbaycanın problemi yalnız və yalnız ciddi siyasi, sosial və iqtisadi islahatların aparılması ilə həll oluna bilər. Biz dəyişiklikləri şəxslərə bağlaya bilmərik. Çirkabın içərisində bitən təsadüfi gülün ətri heç nəyi dəyişmir. Bütövlükdə bu idarəçilik sistemi, 10 ildə 10 metr torpaq azad etməyən hakimiyyət dəyişməli, İlham Əliyev hakimiyyətdən getməlidir”./hicab.org


  • Yazılıb
  • da (də) 2013 Oct 23