Tarix : 2013 Oct 26
Kod 40619

Azərbaycanın xarici dövlət borcu məlum oldu

Xarici dövlət borcunun ümumi məbləği 5,5 mlrd. dollardır

Arannews- Azərbaycanın adambaşına düşən xarici dövlət borcu məlum oldu.Azərbaycanda həyata keçirilən "iqtisadi islahatların dəstəklənməsi" və ayrı-ayrı "prioritet" layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2013-cü il iyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,6 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb .

Bu barədə hökumətin dövlətin borcları və zəmanətlərlə digər öhdəliklərinə dair məlumatında deyilir .

Məlumata əsasən, həmin sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 5,5 mlrd. dollar təşkil edib .

İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 7,9%-nə bərabərdir .

Adambaşına düşən xarici dövlət borcu isə 587,3 dollar təşkil edib .

Xarici dövlət borcunun 8,3%-i 10 ilə qədər olan müddətdə, 48,7%-i 10 ildən 20 ilə qədər, 43,0%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır .

 

Qeyd edilir ki, imzalanmış kredit sazişləri üzrə alınan vəsaitlərdən 2013-cü ilin 6 ayı ərzində 442,5 mln. dolları istifadə edilib .

Bunun əsas hissəsi investisiya yönümlü layihələr, o cümlədən elektrik stansiyaları, yollar, kanalizasiya sistemlərinin tikintisi, su təchizatı, irriqasiya və drenaj işləri və s. işlərin maliyyələşdirilməsinə yönəldilib .

Məlumatda o da bildirilir ki, ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutulmuş qaydada və vaxtında həyata keçirilib .

Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 2,6 mlrd. manata bərabər olub.

  • Yazılıb
  • da (də) 2013 Oct 26