Tarix : 2013 Oct 27
Kod 40627

Qərb mətbuatı Azərbaycanda cərəyan edən prosesləri diqqətdə saxlamaqda davam edir

Azərbaycan prezidentinin yeni hökumətin tərkibi ilə bağlı verdiyi son qərar xüsusi maraqla qarşılanıb. Belə ki, dünyaca ünlü CNN, BBC, “Azad Avropa radiosu”, “Azadlıq” radiosu və s. media quruluşlarında Azərbaycan hökumətinin tərkibi ilə bağlı müxtəlif mülahizələr irəli sürülməkdədir

Arannews -  Müdafiə nazirinin dəyişdirilməsi Ermənistanda qorxu yaradıb.Qərb mətbuatı Azərbaycanda cərəyan edən prosesləri diqqətdə saxlamaqda davam edir .

Azərbaycan prezidentinin yeni hökumətin tərkibi ilə bağlı verdiyi son qərar xüsusi maraqla qarşılanıb. Belə ki, dünyaca ünlü CNN, BBC, “Azad Avropa radiosu”, “Azadlıq” radiosu və s. media quruluşlarında Azərbaycan hökumətinin tərkibi ilə bağlı müxtəlif mülahizələr irəli sürülməkdədir. Xüsusilə də, 18 ildən artıq müdafiə naziri postunu tutmuş Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi  müxtəlif versiyalara səbəb olub .

Bəzi Qərb ekspertləri yeni müdafiə nazirinin təyinatından sonra orduda kök salmış korrupsiya hallarının aradan qaldırılacağına ümidlərin artdığını düşünürlər. Onların fikrincə, yeni müdafiə nazirinin bu problemə xüsusi diqqət ayıracağı ilə bağlı ehtimallar tamamilə realdır .

Qərb mediasının məlumatına görə, Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda isə bu kadr dəyişikliyi müharibə riskini artırması kimi şərhlər edilir. Səfər Əbiyevin vəzifədən getməsi ilə bağlı ilk şərhlərdən birində erməni təhlilçi Richard Giragosyan qeyd edib ki, nazirin əvəzlənməsi Qarabağda müharibə riskini üç qat artırıb: “Çünki bu addım müdafiə sahəsində real islahatların keçirilməsinin və hücum vəziyyətinə keçmənin başlanğıc siqnalı da ola bilər ”.

Digər erməni analitiki Stepan Qriqoryan isə Səfər Əbiyevin vəzifədən kənarlaşdırılmasının əsasən iki səbəbi ola biləcəyini ehtimal edir: “Bu, korrupsiya ilə bağlı ola bilər. Son zamanlar orduda korrupsiya ilə bağlı etirazlar haqqında tez-tez məlumatlar alınır və bu istefa korrupsiyaya qarşı mübarizə aparıldığını göstərməlidir ”.

İkinci variant kimisə, S.Qriqoryan Azərbaycan ordusunun qarşısında yeni tapşırıqların qoyulmuş ola biləcəyini düşünür: “Uzun illər nazir vəzifəsində olan şəxs öz ətrafında, komandanlıq tərkibində topladığı dostları və yaxın adamları ilə islahatlar etməyə qabil deyil. Yeni tapşırıqları yeni kadrlar həyata keçirməlidir”. Erməni politoloqun fikrincə, Azərbaycan ordusu qarşısına qoyulan yeni tapşırıqlar Qarabağ münaqişəsinin həlli istiqamətində “güc tətbiq etmək” variantı da ola bilər: “Əlbəttə, mən inanmıram ki, Azərbaycan asanlıqla güc yolunu seçsin. Ancaq hərbi nazirin dəyişməsi, o cümlədən, Qarabağla bağlı yeni hərbi planlara da aid ola bilər ”.

Ancaq Qərb mətbuatında bu dəyişiklik - NATO və Qərbə yaxın olduğu deyilən Əbiyevin, karyerası ordu ilə bağlı olmayan şəxslə əvəzlənməsinin hakimiyyətin “silahlı qüvvələrə daha sərt nəzarət istəyindən irəli gəlməsi” kimi də yozulmaqdadır: “Ərəb baharı hadisələrində göründü ki, ərəb ölkələrindəki rejimlərin heç birini ordu müdafiə etmədi. Ola bilər ki, hansısa təhlükə olduğundan ordunu daha sınanmış və etibarlı şəxsə verdilər. Əbiyevin zaman-zaman NATO və Qərb tərəfindən himayə olunması rəsmi Bakıda müəyyən narahatlıq yaradırdı ”.

Eyni zamanda, Qərb mətbuatında S.Əbiyevin adı daha çox ABŞ-la bağlı hallandırılır. Səsvermədən bir neçə gün keçmiş ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarın Müdafiə Nazirliyinə dəvət alması fonunda baş verənlər hələ də müzakirə mövzusudur. Səfirliyin “özəl söhbət” kimi təqdim etdiyi və bu dəvət çərçivəsində edilən müzakirənin mətninin sonradan ictimailəşdirilərək səfir R.Morningstarın seçki nəticələrini “tanıdığı” ilə bağlı təəssüratı yaradıldığı vurğulanır. Cavabında ABŞ-ın diplomatik korpusunun nazirliyin versiyasını rədd etməsinin ardından, qarşı tərəfin səfirin dediklərinin “audio yazısına” sahib olduğunu vurğulamasının Ağ Evlə gərginliyə yol açdığı qeyd olunur. Qərb mediasında yerli mənbələrə istinadən gündəmə gətirilən əsas versiya ondan ibarətdir ki, bu gərginlik S.Əbiyevin postundan uzaqlaşdırılması üçün vacib idi: “Yüksək ehtimalla gərginlik yaradıldı ki, Səfər Əbiyev vəzifəsindən çıxarılsın. ABŞ-ın Bakıdakı səfiri Morninqstarla görüşdə olan qalmaqal və nazirliyin iki rəsmisinin bu barədə açıqlama verməsi Səfər Əbiyevi problem qarşısında qoydu. Bu, qurulmuş ssenari də ola bilərdi və sabiq nazir həmin ssenariyə razılaşmaqla, özünü müdafiəsiz qoyaraq, bunun güdazına getdi”.
  • Yazılıb
  • da (də) 2013 Oct 27