Tarix : 2013 Oct 28
Kod 40655

İsa Qəmbər:Bu rejimin tarixin arxivinə yola salınmasına çox az müddət qalıb

Oktyabrın 27-də Müsavat Məclisinin növbəti sessiyası keçirildi

Arannews-Müsavat Məclisinin toplantısı gərgin keçdi.Oktyabrın 27-də Müsavat Məclisinin növbəti sessiyası keçirildi. Müsavat himninin oxunması ilə başlayan sessiyanı açıq elan edən Məclis sədri Arzu Səmədbəyli bildirdi ki, iclasda ictimai-siyasi durum və qarşıda duran məsələlərlə bağlı Müsavat başqanı İsa Qəmbərin çıxışı nəzərdə tutulub. Bundan əlavə, 9 oktyabr 2013-cü il prezident seçkilərinin nəticələri haqqında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məruzə edəcək. Məclis Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, NİDA-çılar və digər siyasi məhbuslarla bağlı bəyanat da qəbul edəcək .

Müsavat başqanı İsa Qəmbər bildirdi ki, 2013 çox maraqlı və gərgin, əsl mübarizə ili oldu: “Biz gündəmə gələn mövzuların bəzilərində birlik, uğur naminə güzəştə getdik. Ancaq ən önəmli məsələdə bizim dediyimiz oldu və demokratik düşərgə seçkilərdə iştirak etdi. Çünki bəzi həmkarlarımız, rəqiblərimiz, müttəfiqlərimiz hesab edirdilər ki, demokratik mühit yaranmadan seçkidə iştirakın mənası yoxdur. Biz isə deyirdik ki, demokratik mühiti yaratmağın yollarından biri elə seçkilərdə iştirakdır. Bizim dediyimizin həqiqət olduğu bir daha təsdiqləndi. 2013-cü ilin prezident seçkilərindən sonrakı vəziyyətlə 2008-ci ilin prezident seçkilərindən sonrakı vəziyyəti müqayisə edin. 2008-ci ildə Əliyev rejimi xüsusi saxtakarlığa, demək olar ki, ehtiyac duymadı, sadəcə əllərini dəyişməsinlər deyə, yenə də ənənəvi saxtakarlıqlarını etdilər, insanlar seçkiyə gəlmədiyi halda çox böyük yetərsay rəqəmləri düzəltməyə çalışdılar, amma rahat şəkildə o mərhələni keçdilər. Beynəlxalq birlikdən də ənənəvi rəylər alıb yollarına davam etdilər. Bu dəfə isə hakimiyyət seçkiləri saxtalaşdırmaq üçün bütün potensialını ortaya qoydu. Cəmiyyətdə nə qədər bu saxtakarlığa dəstək verə biləcək qüvvə tapa bildisə, hamısını cəlb elədi .

Buna baxmayaraq biabırçı bir şəkildə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ictimai rəyə uduzdu. İlk dəfədir ki, beynəlxalq birlik birmənalı şəkildə seçkilərin saxta olduğunu bəyan edir. ATƏT DTİHB-in mövqeyi və bir sıra digər beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyi bunu təsdiq etdi ki, Azərbaycanda seçki saxtalaşdırılıb, bu seçkinin nəticəsində formalaşan hakimiyyət legitim ola bilməz. Əslinə qalsa, bu mövqe bir sıra postsovet ölkələrində demokratik, dinc, xalq inqilablarına gətirib çıxaran beynəlxalq rəylərə bərabər bir rəy idi. Sadəcə mərhələ o mərhələ deyil, cəmiyyətdəki fəallıq o dərəcədə yüksək deyil. Amma mövqenin sərtliyi baxımından ATƏT DTİHB-in rəyi, tutaq ki, 2004-cü ildə Ukraynadakı seçkilərə verdiyi qiymətdən çox da fərqlənmir. İlham Əliyev seçki saxtakarlığı nəticəsində öz əleyhinə, Azərbaycan hakimiyyəti əleyhinə bu rəyi, nəhayət, qazana bildi ”.

İ.Qəmbər dedi ki, İ.Əliyevin ölkənin və beynəlxalq birliyin iradəsinin əleyhinə olaraq üçüncü dəfə prezident olmaq istəyi sonrakı reaksiyalarını əsaslandırdı: “Əlbəttə ki, biz seçkidə iştirak etməsəydik, İlham Əliyev seçkiləri bu dərəcədə saxtalaşdırmağa məcbur olmayacaqdı, o zaman beynəlxalq birlik də bu cür mövqe ortaya qoymayacaqdı, bu, birmənalıdır. Bu baxımdan heç bir seçkidə olmayacaq dərəcədə fərqli, münbit bir mərhələyə daxil olmuşuq. Cəmiyyət bilir ki, seçkilər saxta olub, hakimiyyət legitim deyil, dünya bilir ki, bu xalq bu hakimiyyəti, İlham Əliyevin prezidentliyini istəmir. Dünyanın bunu bilməsi və etiraf etməsi həddindən artıq önəmlidir ”.

Artıq Əliyev rejimi özünün çürüdüyünü ortaya qoyub. Beynəlxalq birlik də bu rejimin getməli olduğunu qəbul edib. Qalan məsələ artıq xalqın, bizlərin, Müsavatın məsələsidir. Mən inanıram ki, bu rejimin tarixin arxivinə yola salınmasına çox az müddət qalıb” , - deyə İsa Qəmbər hakimiyyətə sərt mesajlar verdi .

Müsavat başqanının sözlərinə görə, seçkidə saxtakarlıqlara göz yuman, orada iştirak edən insanların heç də hamısı Azərbaycan üçün itirilmiş insanlar deyil: “Sovet dövründə Kommunist Partiyasının üzvü olmayan insanın heç bir karyera imkanı yox idi, ona görə də ləyaqətli insanlar da bir-birinin Kommunist Partiyasının üzvü olmasına normal yanaşırdılar. İndi də Azərbaycanda ona bənzər bir situasiya yaranıb. O insanlarla işləməyi davam etdirməliyik və onları başa salmalıyıq ki, sizin hərəkətiniz kökündən yanlışdır, özünüzü də, bir-birinizi də aldatmayın, doğrunun, həqiqətin yanında olmaq lazımdır. Amma İlham Əliyevin beynəlxalq miqyasda öz saxtakarlığına cəlb etdiyi qüvvələr kifayət qədər təəccüblü, qəribə qüvvələrdir. Məsələn, İngiltərədən biri var, Avropa Şurasının üzvü - Maykl Henkoq - İngiltərədə bir sıra hadisələrə görə istintaqa cəlb olundu, çünki köməkçisinin Rusiya kəşfiyyatının agenti olduğu bəlli oldu. Başqa birisi var, Avropa Parlamentindən gələn və seçkilərə müsbət rəy verən 7 deputatdan biri olan italiyalı deputat, deyəsən, Aplaçi soyadlı biridir. Məlum olub ki, BMT-də narkotiklərə qarşı mübarizə idarəsinin rəhbərlərindən biri olduğu vaxt özü çox ciddi nöqsanlara yol  verib, ona görə də vəzifəsindən uzaqlaşdırılıb. Yaxud başqa birisi, Estoniyadan bir xanım var - Oyland, bu il öz partiyasında seçki saxtakarlıqlarına yol verdiyi üçün partiyasından qovulub. Bu cür insanları dünyanın hər yerindən tapıb hərəsini bir cür aldadıb, bir cür maraqlandırıb prosesə cəlb edirlər .”

 

İsa Qəmbər belə bir şəraitdə nələrin baş verəcəyi ətrafında da danışdı: “Aydın məsələdir ki, Azərbaycan hakimiyyəti zəifləmiş durumda, beynəlxalq birlik tərəfindən müəyyən təcrid vəziyyətdədir. İndi hakimiyyətin zəif vəziyyətindən istifadə edən müəyyən qüvvələr Azərbaycanı Avrasiya proyektlərinə, Rusiyanın yenidən qurmaq istədiyi hansısa ittifaqlara, o cümlədən Gömrük İttifaqına cəlb etmək istəyir”. Müsavat başqanı xatırlatdı ki, hətta Milli Şuranın sənədləri hazırlananda Avroatlantik məkana inteqrasiya ilə bağlı fikirlərin getməsinin zərurət olduğunu bildirəndə fərqli yanaşmalar olmuşdu: “Yaxşı ki, Cəmil Həsənli bizim vahid namizədimiz seçiləndən sonra bu məsələlərə özünün birmənalı münasibətini bildirdi və artıq ciddi qüvvələr bu məsələdə fərqli fikirlər söyləməməyə çalışır. Ancaq müəyyən qüvvələrin də tərəddüdləri qalır və buna formal məsələ kimi yanaşanlar var. Hətta Gömrük İttifaqına qoşulmağın, Avrasiya İttifaqına getməyin də ciddi ziyanı yox imiş kimi yanaşmalar var”. İsa Qəmbər bu məntiq sahiblərini Azərbaycanın xoşbəxtliyini Rusiyada axtaran qüvvələrin ötən əsrin 20-ci illərində gətirdiyi arqumentləri xatırlamağa çağırdı: “Gömrük İttifaqına, Avrasiya İttifaqına doğru addımlar atmaq Azərbaycanın gələcəyini qumara qoymaqdır ”.

 

Müsavat başqanı çıxışını “Müsavat rəhbərliyində təmsil olunanlardan sıravilərə qədər hər kəsə seçki prosesində iştirakına görə təşəkkür edirəm. Bu seçki prosesində ən böyük fədakarlığı məhz müsavatçılar etdilər” dedi və Məclisin qərarında da bu təşəkkürün ifadə olunmasını təklif etdi .

 

Müsavat Partiyası tərəfindən seçkilərlə bağlı MSK-ya verilən şikayətlərin sayı digər təşkilatlardan əsaslı şəkildə fərqlənir. Bütün seçki prosesi göstərdi ki, Müsavat ölkənin aparıcı siyasi partiyasıdır”. Müsavatın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı çıxışında belə söylədi. Seçki prosesini dəyərləndirən A.Hacılı Milli Şuranın vahid namizədi Cəmil Həsənli haqqında yüksək fikirlər söylədi: “Tam ədalətlə deyirəm ki, Cəmil Həsənli şəxsən mənim gözlədiyim namizəddən daha yaxşı namizəd oldu. Onun teledebatlardakı cəsarətli çıxışları seçki prosesində ən mühüm məsələlərdən biri oldu”. Aparat rəhbəri çıxışında Milli Şuraya daxil olmasına baxmayaraq, qurumun işində iştirak etməyənlərin adlarını konkretləşdirdi: “Rəsul Quliyev, Lalə Şövkət, İslam Partiyası və onların tərəfdarları bu seçki prosesində Milli Şuraya dəstək vermədi”.  “Müxalifət bu seçkilərdən güclənmiş, hakimiyyət isə zəifləmiş çıxdı” deyən A.Hacılı seçki saxtakarlıqları ilə bağlı minlərlə məntəqələrdən saysız-hesabsız aktlar, şikayətlərin daxil olduğunu vurğuladı və çox yerdə səslərin sayılmadığını dedi: “Məzahir Pənahovun Konstitusiya Məhkəməsində ”səsləri bölüşdürdük" ifadəsi təsadüfi deyil. Bir çox məntəqələrdə səslər sayılmayıb. Cəmil Həsənlinin aldığı səslərin sayı dəfələrlə çoxdur ".

 

Başqan müavini Gülağa Aslanlı seçki saxtakarlıqlarına diqqət çəkəndən sonra siyasi məhbuslarla bağlı Məclisin bəyanatının mətnini təqdim etdi .

 

G.Aslanlı dedi ki, MSK-ya seçki protokollarını apararkən onun saxlanılaraq iki gün bu işdən uzaqlaşdırılması yekun olaraq saxta nəticələrin elan olunmasına səbəb oldu. G.Aslanlı dedi ki, Tofiq Yaqublu, İlqar Məmmədov və digər siyasi məhbusların Gəncəyə, heç bir şəraiti olmayan təcridxanada saxlanmaq üçün aparılması təzyiqlərin davamıdır .

Qarşıdakı işlərlə bağlı təkliflərini irəli sürən Məclis üzvü Xasay Səfəroğlu  dedi ki, hələlik Milli Şura ideyasının inkişaf etdirilməsi üçün cəmiyyətlə işlər davam etdirilməlidir. Sabir Məmmədli isə dedi ki, Müsavatın fəaliyyəti tamamilə yeni prinsiplər üzərində qurulmalıdır. "Müsavat və AXCP niyə bütün təşəbbüsləri Eldar Namazova vermişdi. Niyə? Biz demişdik ki, Eldar Namazov Heydər Əliyevin "papka"sını gəzdirən şəxsdir". “Müsavatda avtoritarizm baş alıb gedir. Yaxın günlərdə bir müzakirə təşkil edək” deyən Məclis üzvünün fikirlərinə etiraz edən A.Səmədbəyli ilə S.Məmmədli arasında qısa mübahisə də oldu. Valeh Hümmətoğlu seçki, mitinq məsələlərindən danışdı. O, İTV-dən Milli Şuraya efir vaxtının ayrılması tələbini irəli sürməyə çağırdı .

Qubad İbadoğlu dedi ki, seçki müxalifətin istəklərinə uyğun yekunlaşmasa da, heç iqtidar da tam uduş əldə etmədi: “Bu seçkidə uduzan bütövlükdə Azərbaycandır ”.

Bundan sonra Məclisdə gərgin anlar yaşandı. Lənkəran təşkilatının sədri rayon təşkilatının üzvlərinə qarşı sərt fikirlər söylədi, onların əksəriyyətini xəyanətdə suçladı. G.Aslanlı isə dedi ki, Lənkəran təşkilatının rəhbərliyində dəyişiklik olmalıdır.  “Yadigar bəy tutulanda İman bəy gedib onun ailəsinə ki, baş verənlərə görə həmin adamın ailəsindən üzr istənilsin, məsələ bitsin. Ona görə də təşkilat üzvləri ondan üz çevirib”.  Sevinc Hüseynova “biz İsa bəylə Lənkərana gedəndə, orda daşa basılanda bu adam orda yox idi” dedi. Mirbaba  Babayev isə dedi ki, İman bəy vaxtilə çox fədakar müsavatçı olub, ancaq son vaxtlar fəaliyyəti sıfıra enib . 

Nizaməddin Quliyev çıxışında seçkilərdə ortaya çıxan problemlərdən danışdı. “Partiyada monopoliyaya son qoyulmalıdır”, deyə bildirdi və başqandan bəzi məsələlərə müdaxilə etməsini xahiş etdi. Başxanım Abbaslı tənqidlərə təpki göstərilməsinə etiraz etdi və çatışmazlıqların aradan qaldırılmasına çağırdı. Nemət Kərimli dedi ki, noyabr-dekabr aylarında partiyanın gücləndirilməsi ilə bağlı qərarlar verilməlidir. Akif Bədirli bölgələrdəki mövcud problemlərdən, əhalinin kütləvi narazılığından danışdı .

Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı tənqidi fikirlərə reaksiya verdi: “Kim iş görmək istəyirsə, biz heç vaxt ona mane olmuruq. Heç bir düşmənçilik yoxdur, partiyada heç bir barışa ehtiyac da yoxdur ”.

Müsavat başqanı İsa Qəmbər yekun çıxışı zamanı bəzi məsələlərlə bağlı səslənən fikirlərin araşdırılacağını bildirdi. O, Müsavatda avtoritarizmin olması barədə deyilənləri də cavablandırdı: “Burda deyildi ki, partiyada avtoritarizm mövcuddur. Əgər söhbət avtoritarizmdən gedirsə, onda bu, birbaşa mənə aiddir. Amma bizim qəbul etdiyimiz qərarların çoxu çətinliklərdən keçib”. İ.Qəmbər onu da dedi ki, ilin sonuna qədər qurultayla bağlı qərarımızı qəbul etməliyik. Həmçinin siyasi məhbuslara diqqət artırılmalıdır. Əsas hədəf isə cəmiyyətin fəallığını artırmaqla, demokratik düşərgənin səmərəli və məqsədyönlü əməkdaşlığını təmin etməklə ardıcıl, prinsipial, dinc, kütləvi hərəkat nəticəsində ölkədə köklü demokratik dəyişikliklərə nail olmaqdır .

Himnin oxunuşu ilə Məclis işini tamamladı.


  • Yazılıb
  • da (də) 2013 Oct 28