Tarix : 2013 Oct 29
Kod 40658

Tale Bağırovun məhkəmə prosesi

Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun məhkəmə iclası keçirilib

Arannews-Tale Bağırovun məhkəmə prosesində nələr baş verdi ?

Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun məhkəmə iclası keçirilib.

Prosesdə Tale Bağırovun özü, vəkilləri Cavad Cavadov, Anar Qasımlı və dövlət ittihamçısı iştirak ediblər .

Qeyd edək ki, prosesi izləməyə gələn çox sayda media nümayəndələri, hüquq müdafiəçiləri və inanclı insanlar mülki və polis geyimli şəxslərin zorakılğı ilə üzləşiblər. Mülki geyimlilər və polislər məhkəmənin həyətində çəkiliş aparan jurnalistlərə qarşı güc tətbiq etmiş, onları sürüyərək həyətdən çıxarmağa müvəffəq olublar, iyirmi nəfərə yaxın inaclı insan zorakılıqla müxtəlif polis bölmələrinə aparılıb .

Prosesdən sonra Tale Bağırovun vəkilləri “Azadxeber.net” saytına açıqlama veriblər. Vəkil C. Cavadov, proses başlayan kimi T. Bağırovun dəmir barmaqlıq arxasından çıxarılıb vəkilləri ilə birgə əyləşməsi üçün vəsatət qaldırdıqlarını bildirdi :

Dövlət ittihamçısı bu müraciətimizə etiraz eləmədi, lakin məhkəmə bu vəsatətimizi təmin etmədi. Digər vəsatətimiz ondan ibarət oldu ki, məhkəmə zalı balacadır, hətta jurnalistlərin iştirakı təmin olunmur. Dövlət ittihamçısı bu vəsatətimizə də etiraz eləmədi, bu vəsatətimiz də təmin olunmadı. Bundan sonra biz vaxt istədik və hakimə yazılı etiraz təqdim elədik. Çünki hazırlıq iclasında qanuni vəsatətlərimiz təmin olunmamışdı. Bu onu göstərir ki, hakim bu işə ədalətli baxmaq niyyətində deyil. Məhkəmə zalın balaca olması problemini başqa cür həll elədi. Polisi gətirərək, camaatın hamısını kütləvi şəkildə bayıra çıxardılar. Tale Bağırovun özü bütün bunları şərəfsizlik hesab etdiyini və camaata vuraraq zor tətbiq edən polislərin onu tutub işgəncə verən polis işçiləri olduğunu dedi. Biz hakimə yazılı etiraz təqdim edərək məhkəmənin təxirə salınmasını xahiş elədik. Verilmiş etirazı məhkəmə sədri İlqar Abbasovla müzakirə etmək üçün məhkəmədə fasilə elan edildi ”.

Fasilədən sonra Bağırovun digər vəkili Anar Qasımlı müdafiə tərəfinin etirazının məhkəmə sədri tərəfindən təmin olunmadığını bildirdi :

Hakim Samir Əliyev elan elədi ki, sədr öz qərarında yazıb ki, etirazda göstərilən əsaslar mövcud deyil. Halbuki, bunlar tamamilə qanuni əsaslardır. Biz məhkəmə hazırlıq iclasının qərarını da almışıq. Maraqlı bir fakt müəyyən elədik ki, məhkəmənin hazırlıq iclasının qərarında onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilib dəyişdirilməməsi yazılmayıb. Bu o deməkdir ki, T. Bağırov tamailə qanunsuz olaraq həbsdə saxlanılır.” - deyə bildirən vəkil növbəti prosesin 31 oktyabr saat 12:00-da davam edəcəyini dedi .

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov martın 31-də tutulub. Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu Rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib.


  • Yazılıb
  • da (də) 2013 Oct 29