Tarix : 2013 Oct 29
Kod 40673

ATƏT işsizlərin iş yeridir

Dilavər Əzimli: “Qarabağ münaqişəsinin həlli prosesində müsəlman dövlətləri bilərəkdən sıradan çıxarıblar”

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, tarixçi Dilavər Əzimli FaktXəbər-in Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı suallarını cavablandırıb.

- Artıq 20 ilə yaxındır torpaqlarımız işğal altındadır və 15 ildir də danışıqlar gedir. Necə dəyərləndirirsiniz bu müddəti?

- Uzun bir müddət ötüb. Bu müddəti ümumən qeyri-qənaətbəxş qiymətləndirirəm. Çünki biz, qəbul edək ki, uduzan tərəfik. Zaman bizim xeyrimizə işləmir. Təsəvvür edin ki, bu gün Dağlıq Qarabağda XX əsrin sonlarında baş verən münaqişədən bu yana doğulan gənclərin 20-dən yuxarı yaşları vardır. Onlar özlərini "müstəqil Daşliq Qarabağ Respublikası"nın vətəndaşları sayırlar. Onlarla danışmaq sizcə asan olacaqmı? Onlar öz "müstəqilliklərin"dən asanlıqıa əl çəkərlərmi? Doğrudan da çətin məsələdir. Bu illər ərzində bizdə-ictimaiyyətdə hansı dəyişikliklər baş verib? Siz də buna şahidsiniz ki, vətənpərvərlik, milli hisslər aşağı enməkdədir. Bu gün bizim gəncləri ayrı problemlər maraqlandırır. Düzdü, Azərbaycan və Ermənistan tərəfi bir-birlərinə hədələyici bəyanatlar verirlər. Amma hamıya bəllidir ki, bu bəyanatlar səmimi deyildir. Ötən bu illər insanların psixologiyasında da dəyişikliklər edib. Sizə bir şeyi deyim: mən tarixçiyəm və tarixdə hələ şahid olmamışam ki, müharibədə itirdiyin torpağı sülh yolu ilə əldə edəsən. Bu zaman təbii ki, qalib tərəf qazanacaqdır. Torpağı müharibə ilə alarlar. Danışıqlar yolu ilə torpaq qayıtmır. Qaldı ki, necə almağa? O da mümkündür. Sadəcə olaraq bir neçə məsələ var ki, onu həll etməlisən. Bundan sonra bir plan var ki, həmin plan əsasında İrəvana qədər getmək olar, onu həyata keçirməlisən. Yenə də təkrar edirəm ki, bunun üçün iradə lazımdır.

- Danışıqları ilk gündən ATƏT apardı və bu gün də davam etdirir. Amma təəssüf ki, elə əvvəlcədən də bu təşkilatın heç nəyə nail ola bilməyəcəyini söyləyənlər haqlı çıxdılar və zaman da göstərdi ki, ATƏT sadəcə turist səfərləri həyata keçirir. Sizin baxışınız necədir bu məsələyə?

- Bilirsiz, beynəlxalq təşkilatlar öz işini görür. Amma hər biri öz maraqları çərçivəsində. Bir dəfə İngiltərənin sabiq Baş naziri M.Tetşerdən soruşurlar ki, bu Avropa Şurası deyilən təşkilat nə təşkilatıdır? O, da qayıdır ki, bu təşkilat işsizlərin iş yeridir. Təbii ki, beynəlxalq təşkilatlar vasitəsiylə bu cür münaqişələrin tam həlli effekt vermir. Amma gəlin qəbul edək ki, beynəlxalq təşkilatlar içərisində ATƏT daha hüfuzlu təşkilatdır. Amma Dağlıq Qarabağ münaqişəsi bir qədər fərqlidir. Bu münaqişə dünyanın iri dövlətlərinin maraqlarının toqquşduğu düyün nöqtəsinə çevrilib. Konkret desək, onun həlli məsələləri daha çox AB, və Rusiyadan asılıdır. Buna görə də uzanır və uzanacaqdır da... Çətin bir durumla üzləşmişik. Dünyada bu cür çoxlu sayda münaqişə ocaqları vardır. Hər birinin həllinə dair yüzlərlə qətnamələr qəbul edilmişdir. Bu mənada onlardan çəxsən mən konkret heç nə gözləmirəm.

- Danışıqlarda tərəf kimi Ermənistanın tarixən himayədarları olan Rusiya və Fransanın, bir həddə isə ABŞ-ın iştirakı sizcə nə dərəcədə bizim lehimizədir?

- Fransa, Rusiya Ermənistanı daima müdafiə ediblər. ABŞ-da da erməni lobbisi güclüdür. Fransa özünü dünyaya demokratiya ixrac edən bir dövlət kimi təqdim edir. Amma elə hərəkətlərə yol verir ki, demokratiyaya uyğun gəlmir. Bəzən mənə elə gəlir ki, Fransa ikinci erməni dövləti qismində çıxış edir. Rusiya isə bəllidir. Bu dövlət heç bir zaman bizi müdafiə edə bilməz. Tarixən bizə özünün müstəmləkəsi kimi baxıb və bu xəstə mövqe indi də davam edir. Rusiya Azərbaycana qarşı həmişə belə addımlar atıb. Elə Azərbaycanı 1990-cı ilin 20 Yanvarında qana boyayanda da bu cür düşünürdü. Bu gün Azərbaycan ictimaiyyətində də Rusiyaya qarşı bir anti-patiya vardır. Bunun da günahı Rusiyanın özüdür. Qaldı ki, ABŞ,-a... Bu dövlətin prinsipləri ingilis prinsipidir. Onlar üçün "əbədi dost”, “əbədi düşmən" yoxdur. Əbədi maraqlar vardır. Bu gün ABŞ-da Azərbaycan diasporası nə gündədir? Çox təəssüf ki, işləmirik. ABŞ dünyada sözü olan dövlətdir. Bütün Avropa dövlətlərinə təsir rıçaqları vardır. Fransanı da zərərsizləşdirə bilər. Münaqişənin həllinə Türkiyəni də cəlb etmək lazımdır. Bu bizim xeyrimizə işləyər. Belə hesab edirəm. Çünki Türkiyə bu məsələdə ABŞ-ı tammamilə bizim xeyrimizə döndərə bilər.

- Türkmənistanda belə bir təşkilat yarandı ki, qonşu dövlətlərdəki münaqişə ocaqlarındakı problemlərin həllinə yardımçı olsunlar. Və bu təşkilat müəyyən qədər uğurlara da imza atdı. Məsələn Tacikistanda, Qırğızıstanda illərdir davam edən vətəndaş qarşıdurmalarını həll etdilər, sabitlik yaratdılar. Qarabağ münaqişəsində necə, belə bir addımın atılması mümkündürmü. Yəni qonşular bu problemi həll edə bilərlərmi?

- Azərbaycanda qonşu dövlətlərin münaqişənin həllinə cəlb olunması məsələsi bir qədər qəlizdir. Qonşu Gürcüstan problemlər içərisindədir. Onun elə bir təsir mexanizmi yoxdur. İran İslam Respublikası iqtisadi və siyasi blokadadır. İranın Azərbaycanla münasibətləri o qədər də dərin deyildir. Türkiyə də bu məsələdə aparıcı rol oynaya bilməz. Siz bu regiona diqqətlə baxın. Hamısı problemlidir. Türkiyə ilə Ermənistan arasında münasibətlər yaxşı deyildir. İran-Türkiyə münasibətləri də ürəkaçan deyildir. Bir də Dağlıq Qarabağ münaqişəsi elə bir münaqişədir ki, bunu region dövlətlərinin iştirakı ilə həll etmək mümkün deyildir. Bu münaqişə balaca da olsa, qlobal münaqişədir.

- Təbrizdə bu ilin əvvəlindən başlayaraq davam etdirilən Beynəlxalq Qarabağ Konfransı paralel olaraq həm ölkəmizdə, həm də Türkiyədə keçirildi və artıq noyabrın 6-da bu Konfransa yekun vurulacaq. Bu cür regional konfransın nəticəsini necə görürsünüz, sizcə İran və Türkiyənin danışıqlardan kənarda saxlanılmasının səbəbi nədir?

- Qarabağa aid konfransın Türkiyədə və İranda keçirilməsi təqdirəlayiqdir. Xüsusilə də İranda... İran bizim qonşu və dost dövlətimizdir. Orada 40 milyona yaxın azərbaycanlı yaşayır. İran ictimaiyyətinin çoxu bu münaqişənin tam xronologiyasını bilmir. Düzdü, son illərdə İranda Dağlıq Qarabağla bağlı Azərbaycanın maraqlarına xidmət edən, obyektiv kitablar işıq üzü görməkdədir. Amma elmi konfranslar işi həll etmir. Yaddan çıxarmayın ki, istər qonşu, istərsə də dünyanın iri dövlətləri yaxşı bilirlər ki, bu münaqişədə haqlı tərəf Azərbaycandır. Lakin hər birinin özünəməxsus maraqları vardır. Bu maraqlar baxımından hərəkət edirlər. Bir zamanlar - 1992-ci ildə Türkiyıə bu münaqişənin həllinə qoşulmuşdu. Sonradan onu çıxartdılar. Qaldı ki, İrana. Bu da sizlərə məlumdur. İranın bu münaqişənin həllinə cəlb olunması beynəlxalq analiz baxımından mümkün deyildir. Yəni qısası, Qarabağ münaqişəsinin həlli prosesində müsəlman dövlətləri bilərəkdən sıradan çıxarıblar.

  • Yazılıb
  • da (də) 2013 Oct 29