Tarix : 2013 Nov 12
Kod 40841

İranın İlham Əliyevə bu qədər üz verməyin səbəbi nədir?

Bunun başlıca səbəbi İlham Əliyev hakimiyyətinin ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də cəzasızlıq hiss etməsidir

Arannews-Sərhəd olayına daha bir baxışİranla Azərbaycan arasında sərhəd keçid məntəqələrinin bağlanması olayının müzakirəsi mətbuatda davam etməkdədir, son xəbərlərə görə bağlanmış artıq Astara keçid məntəqəsindən gediş gəliş qismən olsa da bərpa olunub.

Culfa və Biləsuvar keçid məntəqələrinin bağlanması ilə bağlı Azərbaycan hakimiyyəti öz həyasızlığını tam bir gücü ilə nümayiş etdirdi, ancaq bundan qabaq onu deyim ki, insidentlə bağlı İranı Sərhəd Qoşunlarının Komandanı, general Hüseyn Zülfiqari “Səhər” TV-yə verdiyi müsahibəsində məsələyə aydınlıq gətirib.

Olayla bağlı İranın Azərbaycandakı səfirliyi iki gün əvvəl rəsmi açıqlama vermişdi, intəhası Azərbaycan mətbuatı elə hey İranı ittiham etməkdə davam etdiyindən general Zülfiqarinin açıqlaması (http://www.youtube.com/watch?v=HEyxHr5P9aE) bir daha qaranlıq mətləblərə işıq saldı.

İranlı generalın müsahibəsindən belə anlamaq olar ki, İran və Azərbaycan arasında qarşılıq razılaşmaya görə sərhəd keçid məsələləri həll olunub, ortaq məxrəc haqqında razılıq əldə olunub və İran tərəfi bu razılığa sadiq qalır. Ancaq Naxçıvan xanı Vasif Talıbov bütün məsələlərdə özbaşnalıq edib cəzasız qaldığı üçün elə fikirləşib ki, Azərbaycan hakimiyyəti ona qanunsuz əməlləri və cinayətlərinə görə göz yumursa İran hakimiyyəti də eyni mütiliyi göstərəcək. Belə ağıl tərzi ilə Vasif Talıbov İranla Azərbaycan arasında əldə olunmuş razılaşmanı pozaraq öz keyfinə görə Araz çayı ətrafında körpü salır, keçid məntəqəsi tikir, bu azmış kimi infrastruktur tikmək bəhanəsi ilə hələ bir 40 metr İran ərazisini də zəbt edir, İran ordusu buna müvafiq reaksiya verdikdə isə İlham Əliyev hakimiyyəti şüvən qaldırır ki, “ay aman qoymayın İran bizə müharibə elan edib”.

Deməli belə çıxır ki, İran hakimiyyəti İlham Əliyevə o qədər üz verib ki, Əliyevin məmurları nəinki İslam Respublikasının müqəddsələrini İran səfirliyi qarşısında nümayişkaranə təhqir edə bilər (Ötən il Eurovision ərəfəsindəki səfirlik qarşısındakı aksiya nəzərdə tutulur), hətta İran ərazisini belə işğal edə bilər.

Bunun başlıca səbəbi İlham Əliyev hakimiyyətinin ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də cəzasızlıq hiss etməsidir. Elə həmin gün Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov olayla bağlı verdiyi açıqlamada (http://virtualaz.org/uzbeuz/12875) heç bir problemin olmadığını, İranla Azərbaycan arasında münasibətlərin normal olduğunu və yaranmış insidentlə bağlı isə iki ölkənin müvafiq qurumlarının reaksiya verəcəyini bildirir.

4 gündür keçid məntəqələri bağlanıb, minlərlə adam və maşın keçid məntəqələrinin önündə qalıb, Naxçıvan xanı İranın ərazisinə təcavüz edib, ancaq Əli Həsənov iddia edir ki, heç bir problem yoxdur.

Əli Həsənovun bu açıqlaması həyasızlıq deyilsə onda nədir? Belə çıxır ki, Azərbaycan hakimiyyətində Əli Həsənov da daxil olmaqla heç kim, o cümlədən İlham Əliyev belə Vasif Talıbova gözün üstə qaşın var deyə bilmir, Naxçıvan xanının ərköyünlüyünə göz yumur, İrana təcavüzünü adi iş hesab edir, ancaq İrana qarşı əliyev rejimi sərt üzünü göstərməsini özünə rəvac bilir və əmindir ki, buna görə İrandan heç bir cavab almayacaq. İranın İlham Əliyevə bu qədər üz verməyin səbəbi nədir?


  • Yazılıb
  • da (də) 2013 Nov 12