Tarix : 2013 Nov 12
Kod 40843

Keçmiş polis rəisi Dubayda həbs edilib

Cavadağa Sultanov Dubayda həbs edilib

Arannews-Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirlikləri polisi tərəfindən həbs edib.

Məlumatlı mənbənin sözlərinə görə, Sultanov Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirməyib. Hazırda polis Cavadağa Sultanovla əlaqəli olan digər şəxsləri də axtarır.

 Azərbaycanın Dubaydakı konsulluğu Cavadağa Sultanovun həbsini təkzib etməyib. Konsulluğun əməkdaşı həbsin detalları ilə bağlı məlumat verməsə də bununla bağlı bütün məlumatların Xarici İşlər Nazirliyinə göndərildiyini bildirib. 

 Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa Sultanovun Ərəb Əmirliklərində saxlandığını təsdiq edib.

“Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. Hazırda istintaq aparılır. Azərbaycan vətəndaşının saxlanması ilə bağlı tərəfimizdən araşdırma aparılır və Dubaydakı konsulluğumuz məsələni nəzarətdə saxlayır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər.  

Polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib.


  • Yazılıb
  • da (də) 2013 Nov 12