Tarix : 2013 Nov 12
Kod 40845

Rufulla Axundzadənin səhhəti ilə bağlı açıqlama

Baş həkim xəstənin vəziyyətinin stabil olduğunu deyib

Arannews-Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinin baş həkimi Bəhruz Mirzəyev islamçı məhbus Rufulla Axundzadənin səhhəti ilə bağlı açıqlama verib.

Baş həkim xəstənin vəziyyətinin stabil olduğunu deyib: “Rufulla Axundzadə bir aya yaxındır müəssisəyə köçürülüb. Səhhəti ilə bağlı hər şey qaydasındadır. Əvvəllər infarkt keçirib. Bu xəstələrdə yaşlandıqca kardioskleroz inkişaf edir. Ona görə profilaktik müalicə üçün müəssisəyə yatırılıb. İldə iki dəfə tibb müəssisəsində müalicə almalıdır. Ciddi patologiya yoxdur. Müalicəsi, demək olar, başa çatıb”.

Həkim xəstənin ailəsinin narahatlığını əsassız sayıb: “Müəssisə xəstəni hərtərəfli dərmanla təmin edir. Amma əlavə dərmanlara biz yox deyə bilmərik. İndi internet əsridir. Dünyanın müxtəlif yerlərində olan xəstəxanalar, həkimlərlə əlaqə saxlanır, müraciət edilir, hərəsindən bir məsləhət alınır. Biz də xəstəyə deyə bilmərik ki, sizə məsləhət görülən Almaniya istehsallı dərmanı alma. Məhkumun o dərmanı və müalicəni almaq hüququ var.

Rufulla Axundzadənin hazırda “Aspirin kardio” və “Trambas” adlı ikicə dərmana ehtiyacı var. Həmin dərmanları daim qəbul etməlidir. Başqa ciddi müalicəyə ehtiyacı yoxdur. İki həftə ərzində mənfi dinamika sezilməyib. Özü həkimdən iki həftə artıq qalmasını xahiş edib. Razılıq verilib. Müalicə həkimi nə vaxt məsləhət bilsə, xəstə cəzaçəkmə müəssisəsinə köçürüləcək”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb.

  • Yazılıb
  • da (də) 2013 Nov 12