Tarix : 2013 Nov 14
Kod 40855

9 il həbs cəzasi !!!

Müşavirədən sonra hakim Əlisultan Osmanov qərarı oxuyub

Arannews-Rəşad Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib

bu gün Bakı Ağır Cinayətlər məhkəməsində bloqqer, dini fəal, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Rəşad Ramazanovun məhkəmə iclası keçirilib.

İlk olaraq onun vəkili Azər Nağıyev müdafiə çıxışı edib. O, Rəşad Ramazanovun təqsirləndirilən maddə üzrə ittihamın sübut olunmadığını deyib. Həmçinin onun siyasi mövqeyinə, sosial şəbəkələrdə ölkə prezidenti və digər rəhbərlikdə işləyən məmurlarla bağlı yazdığı yazılara görə həbs olunduğunu qeyd edib. Rəşad Ramazanov saxlanılarkən onun ailəsinə məlumat verilmədiyi, özü istəyən vəkillə təmin olunmasına şərait yaradılmadığını, narkotik barədə ekspertiza təyin olunmadığını deyib. Hal-şahidlərinin özlərinin hadisə ərazisindən götürülmədiklərini etiraf etdiklərinidə vəkil deyib.

Rəşad Ramazanovun həbsinin siyasi motivli olduğunun ölkə və xarici mətbuatda məlumatların dərc edildiyini və Avropa İnsan Haqları Məhkəməsinin qarşısında onunla bağlı etiraz aksiyasının keçirildiyini vəkil Azər Nağıyev qeyd edib.

Daha sonra hakim Əlisultan Osmanov son çıxış üçün Rəşad Ramazanova söz verib.

Rəşad Ramazanovun çıxışı:

Azərbaycan Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanova təqsirləndirilən şəxs Ramazanlı Rəşad Ağədin oğlu tərəfindən

                                                                                    Müraciət

Nəzərinizə çatdırıram ki, 09.05.2013-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzdəniraq əməkdaşları və kölələri tərəfindən böhtan və iftira atılaraq həbs edilmişəm. Mən 15 ilə yaxındır ki, elmi və bədii yaradıcılıqla məşğulam. Yaradıcılığımın məzmunu və mahiyyəti zalımlara və zülmə qarşı çıxmaq, məzlumlara və miskinlərə dəstək göstərməkdən ibarətdir.

Biz elə bir dövlətdə yaşayırıq ki, burda zalım və zorba olmaqla fəxr edilir. Namussuzluq və əxlaqsızlıq adi bir şeyə çevrilib. Şərəfli və ləyaqətli olmağın heç bir dəyəri qalmayıb.

Elə cəmiyyət var ki, orada başlar boş olur. Elə cəmiyyət var ki, boşları başdır. Bizim cəmiyyətdə həm başları boşdur və boşları başdır.

Məhz başdakıların içi boş və dəyərsiz olmaları, hələ üstəgəl dəyər və mənaya deyil, dəyərsizliyə, mənəviyyatsızlığa, ləyaqətsizliyə bir sözlə boşluğa dəstək vermələri ucbatından sözün əsil mənasında yazıçı və alim olan bir ovuc nüsxələr söyülür, təhdid edilir, şərlənir, iftira və böhtanlara məruz qalır hətta qətlə yetirilir. Gizlədilməsi qeyri-mümkündür ki, yaşadığımız dövlətdə həqiqi cinayətkarlar çox nadir hallarda həbs edilir. Məhbus və dustaqların böyük əksəriyyətinin məzlum olduğunu, haqsız yerə həbs edildiyini, şərləndiyini və bütün bunlarında zalım hakimiyyətə qarşı çıxmaları olduğunu kim daha bilər.

Mən də məhz buna görə həbs edilmişəm, əslində oğurlanmış və əsir düşmüşəm! Şübhə etmirəm ki, siz bir hakim kimi olmasa belə, bir insan kimi mənim şərləndiyimə şübhə etmirsiniz və hadisənin həqiqətini bilirsiniz. Amma unutmaq olmaz ki, işi, vəzifəni, tutulan mövqeni hətta həyatı itirmək qorxusu da əsil hakimin həqiqəti söyləməsinə mane ola bilməz!

Mən gənc bir azərbaycanlı alim, filosof və yazıçı kimi sizi tarixdə qala biləcək cəsarət və qəhramanlığa çağırıram! Mən bir məzlum və məsum kimi də sizdən azadlığımı tələb edirəm. Ümüdvaram ki, həqiqət yalana, ədalət də zülmə qalib gələcək.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən sonra hakim Əlisultan Osmanov qərarı oxuyub. O, Rəşad Ramazanovu Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilərək, 9 il azadlıqdan məhrum edib.


  • Yazılıb
  • da (də) 2013 Nov 14