Fərəcinin terrorda ittiham olunması israillilərin ortaya atdığı fitnədir və bu cür məlumatlara İran tərəfi əhəmiyyət vermir
Arannews- İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin : Bu cür ittihamlarla Həsən Fərəci həbs olunan yeganə iranlı deyil və yəqin ki, heç axırıncı da olmayacaq .
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ötən ay terrorda ittiham olunaraq saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə bağlı mövzuya toxunub .
Bildiyiniz kimi Həsən Fərəci İsrailin Bakıdakı səfirliyi qarşısından keçərkən hüquq mühafizə orqanları tərəfindən səfirliyin əməkdaşlarına qarşı terrorda ittiham olunaraq saxlanılıb və məhkəmə qərarı ilə 30 sutkalıq həbsə məhkum olunub, bu müddət ərzində isə iranlı Fərəcinin işi araşdırılaraq onun məhkəmə qarşısına çıxarılması gözlənilir .
Mətbuatda Həsən Fərəcinin işgəncələrə məruz qalması barədə məlumatlar yer aldı, bu gün isə İran səfirinin verdiyi məlumatlara görə səfirlik əməkdaşları Həsən Fərəci ilə görüşüb .
Səfirin verdiyi açıqlamadan elə anlamaq olur ki, Fərəcinin terrorda ittiham olunması israillilərin ortaya atdığı fitnədir və bu cür məlumatlara İran tərəfi əhəmiyyət vermir. Səfir onu da əlavə edib ki, bu həbs İranla Azərbaycan arasındakı münasibətlərə təsir etməyəcək. İran səfirinin bu qədər arxayın, nikbin olması sevindirici haldır, deməli, elə səfirin dediyi kimi hər şey qaydasındadır. Ancaq Həsən Fərəcinin istintaqı başa çatdıqdan sonra onun azad olunmasını gözləmək üçün əsas görünmür, çünki Azərbaycan hakimiyyəti tanınmayan bir tərəfi qalmayıb .
Gələcəkdə, istintaqdan sonra məhkəmə Həsən Fərəcini günahkar bilib azadlıqdan məhrum etsə, səfirin məyusluğunu kimlərin bölüşəcəyi də məlum deyil. Unutmaq olmaz ki, bu cür ittihamlarla Həsən Fərəci həbs olunan yeganə iranlı deyil və yəqin ki, heç axırıncı da olmayacaq.