Tarix : 2013 Nov 28
Kod 41041

Putinin səfərinə etirazlar güclənir

Səfərin tarixi dəqiq bəlli olmasa da, ona ölkə daxilində münasibət əsla birmənalı deyil

Arannews-Gələn ay Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. Səfərin tarixi dəqiq bəlli olmasa da, ona ölkə daxilində münasibət əsla birmənalı deyil. Mövzu az qala, hər gün ölkə siyasi gündəminin baş tərəfində qərar tutmaqda və qızğın şəkildə dartışılmaqdadır .

Əsasən də ekspert dairələrində belə bir rəy ağırlıq təşkil edir ki, 3 sentyabr kapitulyasiyandan sonra (həmin tarixdə prezident Serj Sərkisyan Ermənistanın Gömrük İttifaqına qoşulmasına razılıq verib) Putinin gəlişi Ermənistanın milli təhlükəsizliyini möhkəmləndirməkdən qat-qat çox Kremlin öz faydasına işləyəcək, çünki ziyarət Moskvanın regionda mövqeyini bir az da gücləndirməsinə hesablanıb .

Hərgah o da faktdır ki, son sorğulara görə, Ermənistan əhalisinin yarıdan çoxu (52 faiz) Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır. Səfərə gəlincə, rusiyayanlı siyasi dairələr israrla onun iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldıracağını iddia eləsələr də, diametral fərqli düşüncədə olanlar da yetərincədir .

O sırada aparıcı erməni saytlarından birinin təhlilçisi sonuncu iddiaya kinayəli şəkildə reaksiya verərək yazır ki, bu gün Rusiya-Ermənistan münasibətləri onsuz da yüksək səviyyədədir və bundan o yana Ermənistanın Rusiyanın tərkib hissəsi olmaq gəlir, sadəcə .

Sitat: “Ayrı sözlə, mövcud münasibətlərin bir az da sıx olması üçün bircə Rusiyanın Ermənistana öz tərkib hissəsi kimi büdcə ayırmaları qalır. Reallığa baxanda isə erməni-Rusiya münasibətləri hər Sərkisyan-Putin görüşündən sonra Ermənistanı aşağılama aksiyasına çevrilir, nəticədə bu münasibətlər gerçək əhəmiyyətindən çıxır. Ermənistan öz strateji mülkiyyətini rəsmi Kremlə təslim edəndən sonra münasibətlər yox, yalnız İrəvana nə etməli olduğunu diktə edən Moskvanın şaquli hakimiyyəti var. Belə vəziyyətdə Putinin səfərinin Ermənistana nə verəcəyini müzakirə eləməyə heç dəymir də. Ələlxüsus, 3 sentyabrdan sonra bu yöndə düşünmək özünü aldanışdan savayı bir şey deyil ”.

Müəllifə görə, Putinin Ermənistana səfəri erməni-Rusiya münasibətləri ilə bağlı deyil: “Ermənistana ziyarətdən öncə Putin Sankt-Peterburqda Rəcəb Tayyib Ərdoğanı - Ermənistana əsas rəqib dövlətlərdən birinin baş nazirini qəbul edib, onunla strateji əhəmiyyətli iqtisadi layihələri müzakirə edib. Putinin iştirakı ilə Ərdoğan bəyan edib ki, iki ölkənin münasibətləri bir çoxlarının həsəd apardığı səviyyədədir. İndi bütün bunlardan sonra Putin Ermənistana gəlir. Nəyə görə? Əlbəttə ki, Türkiyə ilə, dünya ilə oyununu Ermənistan vasitəsilə davam etdirsin. Yəni Ermənistanı öz oyununda oyuncağa çevirmək, daha doğrusu, çevirmək yox, artıq oyuncaq olan Ermənistanı daha bir dəfə istifadə eləmək istəyir ”.

Məqalə müəllifi hesab edir ki, Putinin Ermənistanla bağlı sualı yoxdur, amma Qərblə anlaşma imzalayan Türkiyə, Azərbaycan, İranla bağlı var: “Putinin hamı ilə sualı, alış-verişi var, Ermənistanla isə bütün bunlar 3 sentyabra kimi olub-bitib ”.

Putinin baş nazir olduğu 4 ildə bircə dəfə də Ermənistana gəlmədiyini xatırladan təhlilçinin gümanına görə, ola bilsin İrəvanda o, sadəcə, erməni tərəfini Rusiyanın Türkiyə ilə strateji müttəfiqliyinə, hansısa başqa strateji maraqlarına əngəl olmamaq barədə xəbərdar eləsin: “Putinlə Sərkisyan arasında danışılası nə məsələ qalıb ki? Reallıq belədir. Bu vəziyyətdə yalnızca reallığı dəyişməyin mümkünlü barədə düşünmək qalır. Özü də Vladimir Putinin səfərinədək. Səfərdən sonra Ermənistan cəmiyyətinə daha heç bir şey barədə nə düşünmək, nə də müzakirə eləmək lazım gəlməyəcək ”.

Göründüyü kimi, qonşu ölkədə nisbətən praqmatik düşüncəli ağıllı insanlar Ermənistanın hər mənada Rusiyanın girovuna çevrildiyinin, bunun verdiyi ağır nəticələrin yaxşı fərqindədir və durumdan çıxış yolu axtarırlar. Bu yol isə çoxdan bəlli: ilk növbədə qonşu ölkələrlə münasibətləri təcili qaydaya salmaq, onlar qarşı ərazi iddiasından əl çəkmək. Onsuz da Ermənistan gec-tez heç biri ortaq quru sərhədi olmayan Rusiyadan qurtulub bu yola çıxmaq zorundadır.

  • Yazılıb
  • da (də) 2013 Nov 28