Əbdül Əbilovun yaxınlarının verdiyi məlumata görə, onu yaşadığı mənzildə həbs ediblər
Arannews- Əbdül Əbilov deyib:Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm.
Bakı Apelyasiya Məhkəməsində “facebook” sosial şəbəkəsinin fəal istifadəçilərindən olan Əbdül Əbilovun barəsində həbs qərarının dəyişdirilməsi üçün verilmiş şikayəti təmin etməyib. Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmədə Əbdül Əbilov barəsində Nərimanov rayon Məhkəməsinin çıxartdığı qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, məhkəmə Əbdül Əbilovun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçib .
Əbdül Əbilovun hüquqlarını Media Hüququ Institutunun vəkillərindən Elçin Sadıqov müdafiə edir. Vəkil çıxışında apelyasiya şikayətini müdafiə edərək Əbdül Əbilovun həbsinin qanunsuz olduğunu, onun şərləndiyini bildirib və Nərimanov rayon məhkəməsinin qərarının ləğvini tələb edib .
Iclasda Əbdül Əbilov özü də iştirak edib. O, həbsinin motivləri barədə çıxış edərkən şərləndiyini məhkəmənin diqqətinə çatdırıb: “Məni ”facebook"dakı yazılarıma görə həbs etdilər. Evimizdə axtarış apararkən narkotik maddəni zorla cibimə qoyub sənədləşdirdilər. Məni Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə apardılar. Orada mənə psixoloji təzyiq etdilər, döyüb-söydülər. Zorla mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən ərizə yazmağa məcbur etdilər ".
Məhkəmə Əbdül Əbilovun, onun vəkilinin arqumentlərini nəzərə almayıb .
Əbdül Əbilov ictimaiyyətə məktub göndərib. Sosial şəbəkə fəalı məktubunda yazır: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm ...”
Qeyd edək ki, “facebook”da “Yaltaqlara ”dur" deyək" səhifəsinin və başqa tənqidi resursların idarəçilərindən olan Əbdül Əbilov noyabrın 22-də Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (DIN BMCMI ) əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq daha 3 gün BMCMI-də saxlayıblar. Ə.Əbilov noyabrın 27-də Bakı Istintaq Təcridxanasına köçürülüb .
Əbdül Əbilovun yaxınlarının verdiyi məlumata görə, onu yaşadığı mənzildə həbs ediblər. BMCMI-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”. Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində, onun “facebook”dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan “noutbook”u özlərilə aparıblar .
Ə.Əbilov həbs olunandan sonra “Yaltaqlara ”dur" deyək" səhifəsi də qapadılıb. Ə.Əbilovun təzyiqlərə məruz qaldığını deyən yaxınları narkotik maddə ittihamını rədd edir, onun sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə həbs olunduğunu bəyan edirlər.