Tarix : 2013 Dec 01
Kod 41068

Milli Şura sahibsiz qaldı

Sərdar Cəlaloğlu:Rüstəm İbrahimbəyov artıq fiqur idi, onun getməsini sadəcə rəsmiləşdirdilər

 Arannews-Əslində artıq neçə müddət idi ki, Rüstəm İbrahimbəyovun Milli Şuraya təsir imkanları qalmamışdı. Sadəcə olaraq formal olaraq sədrliyi saxlanılırdı. İbrahimbəyov isə seçkidən sonra tam anladı ki, Azərbaycana gələ bilməyəcək, nəticələr də Rusiyanı qane edir, növbəti seçkilərə də hələ çox vaxt var. Belə olan təqdirdə Rüstəm İbrahimbəyov çox düzgün addım atdı. Yəni faktiki situasiyanı normal dəyərləndirdi və istefasını rəsmiləşdirdi.

Bunu  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib .

O bildirib ki, R. İbrahimbəyov Azərbaycandan kənarda olduğu dövrdə faktiki olaraq, Milli Şuraya sədrlik edə bilməyib :

 Baxın, Rüstəm İbrahimbəyov seçkiqabağı dövrdə Tiflisə gələrdi, bu zaman isə Milli Şuranın 20-30 nəfərlik nümayəndə heyəti, İsa Qəmbər də başda olmaqla Tiflisə gedər və onunla görüşərdilər. Seçkidən sonra Rüstəm İbrahimbəyov Tiflisə gəlir, bir nəfər Milli Şura üzvü isə onunla görüşə getmir. Hətta təsadüfən həmin vaxt Tiflisdə səfərdə olan İsa Qəmbər və Mehman Əliyevin də guya, onunla görüşməyə vaxtı olmur. Yaxud da Rüstəm İbrahimbəyov deyir ki, İsa Qəmbərlə görüşməkdə maraqlı deyil. Rüstəm İbrahimbəyov da artıq anlayırdı ki, onu bir sədr kimi Milli Şuraya təsir imkanı qalmayıb ”.

S. Cəlaloğlu qeyd edib ki, bu Milli Şuranın üzvləri ilə sədr arasında böyük etimadsızlığın göstəricisi kimi xarakterizə oluna bilərdi :

Rüstəm İbrahimbəyov artıq fiqur idi və sadəcə onun getməsini rəsmiləşdirdilər. Faktiki olaraq o sədr deyildi, Milli Şuraya vaxt sərf edə bilmirdi, ideyaları da qəbul olunmurdu ”.

R. İbrahimbəyovun istefasından sonra Milli Şuranın Rusiyanın təsirindən çıxdığını da deyən ADP sədri bildirib ki, Vladimir Putinin Azərbaycan səfərindən sonra Rusiyanın artıq Rüstəm İbrahimbəyovdan istifadə etmək niyyəti olmadığı da bəlli oldu: “Həmin vaxtdan sonra belə demək mümkünsə, Milli Şura sahibsiz qaldı. Yəni Rusiyanın layihəsindən çıxdı, əhəmiyyətini itirdi. Milli Şura artıq İctimai Palatanın “dublikatı”dır .

Bir-iki nəfər istisna olmaqla, Milli Şurada təmsil olunanlarla İctimai Palata üzvləri arasında fərqlilik yoxdur. Həmin qurumun formal olaraq adı Milli Şuradır, faktiki bu qurum İctimai Palatadır. Bu baxımdan da onlar iki qurumdan birini buraxmalıdırlar”.


  • Yazılıb
  • da (də) 2013 Dec 01