Ancaq bu peşə sahiblərinin aldığı məvacib onların heç gündəlik dolanışığını belə ödəməyə imkan vermir
Arannews-Müəllim və həkim peşələrinin sahibləri bu gün ən az maaş alan kateqoriyaya aiddir. Hansı ki, onların biri bizə elm, bilik verir, digəri isə səhhətimizə nəzarət edir. Ancaq bu peşə sahiblərinin aldığı məvacib onların heç gündəlik dolanışığını belə ödəməyə imkan vermir. Müəllimlərin maaşı sonuncu dəfə 2011-ci ildə 10 faiz artmışdı .
Ölkənin gəlirlərinin günbəgün artdığını, iqtisadiyyatın yüksəldiyini bəyan edən hökumət bəs niyə müəllim və həkimlərin maaşını qaldırmır, onları ələbaxan edir ?
Ekspertlər deyir ki, dünyanın gəlirləri Azərbaycanla müqayisə oluna biləcək heç bir ölkəsində müəllim və həkim bizdəki qədər az maaşla işləmir. Hətta təbii sərvətləri olmayan Estoniyada müəllim orta hesabla min dollar maaş alır. ABŞ, Avropada və digər inkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, ABŞ-da müəllim ildə 14,5 min dollar (11 min manat) alır. Bəzi ştatlarda isə müəllimin illik əmək haqqı 60 min dollara çatır. Avropa müəllimləri isə ayda minimum 1500-3800 avro əmək haqqı alır .
Müəllimlər Böyük Britaniyada 7 min avro, Niderlandda 6,3 min dollar, Fransada 6 min avro, Almaniyada 5,5 min avro, Sinqapurda 6 min dollar maaş alırlar. Rusiyada isə orta məktəb müəllimlərinin minimum əmək haqqı 600-1000 dollar, Belarusda 370 dollar, Gürcüstanda 400-600 dollar, Ermənistanda 300-450 dollar, Qazaxıstanda 440 dollar, Özbəkistanda isə hətta 4 min dollardır. Mənzərədən də göründüyü kimi, bu sahədə ən acınacaqlı vəziyyət Azərbaycandadır. Həkimlərin maaşına gəlincə isə vəziyyət elə müəllimlərin maaşı ilə oxşardır. Azərbaycanda yaxşı müalicə ala bilməyən xəstələr adətən qonşu İrana, Türkiyəyə üz tuturlar. Buranın səhiyyəsi kimi tibb sahəsində çalışanlarının da əmək haqları yüksəkdir. İranda 1000 dollardan aşağı əmək haqqı alan həkim yoxdur. Qardaş Türkiyədə isə həkimlər 900 dollardan 2500 dollara qədər əmək haqqı alır. Rusiyada həkimlərin orta aylıq əmək haqqı 800 dollardır. Ancaq bu məbləğ səhiyyədə çalışanları qane etmir və onlar mütəmadi olaraq hökumətdən bu məsələyə baxmağı tələb edir. Belarus həkimləri də azərbaycanlı həmkarlarından çox maaş alır. Bu ölkədə tibb işçilərinin minimum əmək haqqı 340 dollardır. Qazaxıstanda bu göstərici 300-800 dollar arası, Ukrayna və Gürcüstanda isə 300 dollardır .
Göründüyü kimi, bu sırada da ölkəmiz sonuncu yerdə dayanır .
İqtisadçı ekspert Qubad İbadoğlu büdcənin maaş artımına imkan verdiyini dedi: “Ola bilər ki, Azərbaycanda müəllimə verilən maaşla Afrikada xan kimi yaşamaq olar. Yaxud da Avropada verilən maaş Azərbaycanda verilsə, burada müəllimlər və həkimlər çox yaxşı yaşaya bilərlər. Buna görə də xarici dövlətlərlə maaş müqayisəsi etmək düzgün deyil. Əsas odur ki, ölkədəki yaşayış minimum dəyəri ilə müəllimin və yaxud da həkimin əmək haqqı arasında müəyyən əlaqə olmalıdır. İlk göstərici də elə bu olmalıdır. İkinci göstərici isə o olmalıdır ki, hər bir peşə yaratdığı dəyərə görə qiymətləndirilməlidir. Müəllimlik bu gün çox əhəmiyyətli peşədir. Çünki ölkədə şagirdləri, tələbələri yetişdirir, bu ölkənin təhsilinin inkişafına xidmət edir. Həkim də insanların sağlamlığının mühafizəsini həyata keçirir. Yəni hər bir peşə onun həyata keçirdiyi funksiyaya uyğun olaraq dəyər verilməlidir. Bizdə ümumiyyətlə layiqli əmək haqqı yoxdur. Nəinki həkim və müəllimlərin, eləcə də başqa sahələrdə də əmək haqqı aşağıdır. Çünki Azərbaycan hökuməti layiqli əmək haqqı siyasəti yeritmir. Bu gün alınan əmək haqları insanların heç ən minimum fizioloji tələbatlarını ödəmir. Yəni indiki halda Azərbaycan dövlət büdcəsindən təhsil xərcləri təxminən milyard yarımdır. Bunun da 75 faizi müəllimlərin əmək haqlarına gedir. Təbii ki, bizim büdcəmiz imkan verir ki, müəllimlərin əmək haqlarını qaldıraq. Bizim hesablamalarımıza görə, ölkədə təxminən 400 min nəfər təhsil sistemində çalışan var. Onlara il ərzində ödənilən vəsait 1 milyarddır. Yəni adam başına 2500 manat büdcədən vəsait ayrılır. İndiki halda 400 min təhsil işçisi il ərzində 2500 manat əmək haqqı alırsa, biz bunu artırılması üçün təhsil büdcəsini yekunlaşdırmalıyıq. Müəllimlərin maaşlarının artırılması yalnız təhsil büdcəsinin artırılması ilə bağlı deyil, həm də işçilərin fərqləndirilməsi ilə də mümkündür. Amma indi ki halda müəllimlər, həkimlər və digər peşə sahibləri aşağı əmək haqqı alır və onlar yaşamaq uğrunda həmişə əlavə imkanlar axtarırlar. Azərbaycanda sistem elə qurulub ki, büdcənin imkanlarından müəllimin və həkimin maaşının artırılmasına deyil, daha çox tikintiyə, haradakı vəsait investisiyasını mənimsəmək mümkündür ora yönəldirlər. Bu baxımdan da büdcə bölüşdürüləndə ədalətli bölüşdürülmür və nəticədə müəllimə də, alimə də, həkimə də az pay düşür. Büdcədən daha çox qazananlar layihə sifarişi alanlardır”. /musavat/