Arannews-Bu gün Fəvvarələr meydanına aksiya elan olunub.Gənclər benzinin bahalaşmasına etiraz edəcəklər; Azadlıq meydanına da yürüş ola bilər.
Bu gün - dekabrın 8-də Bakıda anti-bahalaşma aksiyası olacaq. Gənclər benzinin qiymətinin qalxmasına etiraz edəcəklər. Aksiya ilə bağlı iki çağırış var. Facebook-da yayılan birinci anonim çağırışda xalqın saat 12-də Azadlıq meydanına gəlməsi xahiş olunur. Digər aksiya isə Avropa Gənclər Hərəkatı tərəfindən təşkil olunub. Təşkilatın rəhbəri Ramin Hacılı sosial şəbəkədə hamını Fəvvarələr meydanına sivil şəkildə etiraz etməyə çağırıb.
O, müxalifət partiyalarının aksiyada iştirakına qarşı çıxıb. Bu da müzakirələrə gətirib çıxarıb. “Razi bəyə təşəkkür edirəm. Yəqin 2005-ci ildən bu yana onunla görüşməmişik. Ona görə Razi bəy bizi unudub. Yenidən onunla tanış olmaq üçün "ayaqaçdı" edərik və beləcə onunla bir daha tanış olarıq. Hərçənd ki, biz onunla 2005-ci ildə birgə əməkdaşlıq etmişik. O zaman biz Dalğa Gənclər Hərəkatına rəhbərlik edirdik, Razi bəy isə "Yox!" hərəkatına".
Bu sözləri Ramin Hacılı deyib. O, AXCP sədrinin müavini Razi Nurullayevin Avropa Gənclər Hərəkatını tanımadığını deməsinə cavab olaraq bu cür çıxış edib. R.Hacılı qiymət artımı ilə bağlı keçirəcəkləri aksiya barəsində də danışıb.
O, müxalifət rəhbərlərinin etiraz aksiyasına qatılmasını istəmir: “Bizim keçirəcəyimiz aksiyada müxalifət partiyalarında təmsil olunan və orda rəhbər vəzifə tutan şəxslərin iştirak etməsini istəmirik. Bu aksiya müxalifət partiyalarının tədbiri kimi görünməsinə qarşıyıq.
Kimsə vətəndaş olaraq gəlib iştirak etmək istəyirsə, buyursun gəlsin. Ancaq partiya şəklində kiminsə aksiyaya qatılmasını istəmirik. Yadınızdadırsa, əsgər ölümləri ilə bağlı ilk etirazlar xalq tərəfindən təşkil edilmişdi və normal aksiya keçirdi. Sonradan siyasi partiyalar bu məsələyə qarışanda nəticəni özünüz gördünüz. Bu aksiyanın da nəticəsi elə olmasın deyə, müxalifət partiyalarına demişik ki, aksiyaya qatılmasınlar". Öz növbəsində, Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.
Dekabrın 3-də Tarif Şurası benzinin və digər neft məhsullarının, həmçinin qazın topdansatış qiymətlərini qaldırıb. Qiymətlərin qaldırılması əhali tərəfindən tənqidlə qarşılanıb. Dünəndən sosial şəbəkələrdə on minlərlə vətəndaş ölkə prezidentinə qiymətlərin qaldırılmasına etiraz petisiyası imzalanır.
"Kanal 13" internet televiziyasının məlumatına görə, dekabrın 4-də bir qrup sürücü Bakıda "Əllər siqnala" adlı etiraz aksiyası keçirib. Sürücülər bir neçə dəqiqə avtomobillərini yollarda dayandırıb fasiləsiz siqnal çalıb./islamtimes