Azərbaycan İslam Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində dindarlara qarşı çıxarılan ədalətsiz hökmlə bağlı bəyanat yayıb
Azərbaycan İslam Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində dindarlara qarşı çıxarılan ədalətsiz hökmlə bağlı bəyanat yayıb .
Bəyanatda deyilir ki, dünən, dekabr ayının 9-da qəlbi Vətən, xalq, torpaq, Allah sevgisi ilə döyünən, ölkədə mənəvi mühitin, cəmiyyətdə milli-mənəvi dəyərlərin, xalqın mental xüsusiyyətlərinin qorunması və təbliğinə səy göstərən, bu addımlara qarşı çevrilən hər hansı bir mənfi qüvvənin təhdidinə qarşı etiraza hazır olan və sinə gərən daha on nəfər gənc, Elmxan Hüseynov, Nicat Əliyev, Ceyhun Səfərli və başqaları Respublika Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7-10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildilər.
Onlar sadəcə Azərbaycanın sağlam gəncliyinə mənəvi aşınma gətirən və dünyanın bir sıra dövlətlərinin, qərb xalqlarının qəbul etdikləri mənəvi-psixoloji-genetik xəstələrin, onların ikrah doğuran davranışlarının-geyparadların şahidi olmamaq kimi istəklərini açıq etiraf etdiklərinə və etiraz əlaməti olaraq anti-təbliğat apardıqlarına görə cəzalandırıldılar.
Avrovizion təşkilatçılarının bu mahnı müsabiqəsinin uğursuzluğunun və bu uğursuzluğun onların dünyada imicinə gətirdiyi “xətərin” sığortası olaraq belə açıqfikirli, sağlam mənəviyyatlı gənclərin hərəkətini bəhanə gətirməkdən çəkinməmələri, onlar barədə tamamilə qeyri-adekvat cəza tədbirləri seçmələri məhz beynəlxalq aləmdə, xüsusən də müsəlman dünyasında demokratiyaya, azad fikrə və düşüncəyə, İslam dəyərlərinə zidd addım kimi qiymətləndirilməli, ölkəmizdə əqidəli insanların seçim etməsinə yol verilməməsi kimi başa düşülməlidir.
Biz hesab edirik ki, ölkədə nəinki on və yüz minlərin, milyonların, bir qrup insanın belə mənən qəbul edə bilmədiyi hər hansı tədbirin baykot edilməsi ilə hətta beynəlxalq statusa malik layihələr tənəzzülə, uğursuzluğa düçar olursa, deməli, təşkilatçılar bu barədə, xüsusən Azərbaycan gəncliyinin bütün sferalarını, təbəqələrini düşünməli, ölkə vətəndaşlarının mənəvi mühit sərhədlərini aşmamalı, onların tələb və istəkləri ilə də hesablaşmalıdırlar. Çünki xalqın bu və ya digər təbəqəsinə seçim şəraitinin yaradılmaması, əksinə olaraq qarşısının alınması ümumilli maraqlara ziddir, xalqın özünütəsdiqinə ağır zərbədir.
AİP olaraq baş verən ədalətsizliyi ittiham edir, və aradan qaldırılmasını, belə mənəvi sağlam gənclərin azadlıqlarına, azad fikir və düşüncələrinə qərəzlə deyil, hörmətlə yanaşaraq haqlarında saxta hökmün ləğv edilməsini tələb edirik.