Tarix : 2013 Dec 12
Kod 41211

Ermənistanın Türkiyənin XİN başçısı üçün kontur tədbirlər planı hazırladığı bildirilir

Bu gün İrəvanda kritik Qarabağ müzakirələri olacaq

Arannews-Ermənistanın Türkiyənin XİN başçısı üçün kontur tədbirlər planı hazırladığı bildirilir; Davudoğlunun səfərinə rəsmi Bakı və parlamentdən reaksiyalar gəldi.

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistanda həlledici müzakirələri baş tuta bilər. Türkiyənin XİN rəhbəri İrəvanda erməni prezident Serj Sərkisyan və həmkarı Edvard  Nalbəndyanla görüşəcək. Davudoğlu “Qaradəniz İqtisadi Əməkdaşlıq zirvəsi” çərçivəsində İrəvana səfər edir və görüşlərdə əsas prioritet məsələ kimi sərhədlərin açılması müzakirə olunacaq. Türkiyə sərhəd şərti kimi Ermənistanın 1993-cü ildə işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan daxil olmaqla, yeddi rayondan ən azı ikisindən çıxmasını istəyir.

Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinin yenidən gündəmə gəlməsinə dair mövqeyini açıqlayıb.

“Trend”in məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, o vaxt Türkiyə Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı. Birincisi, Ermənistanın Türkiyəyə olan ərazi iddiası, ikincisi isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə: “Ancaq bu gün bu məsələyə nəzər salsaq, görərik ki, heç nə dəyişməyib.

Yəni nə Ermənistanın Türkiyəyə olan düşmənçilik münasibəti dəyişib, nə Ermənistan Türkiyədən açıq elan etdiyi ərazi iddialarından, nə də soyqırımın dünya miqyasında tanınması iddiasından əl çəkib. Həm də gördüyünüz kimi, Azərbaycana qarşı işğal faktı davam etməkdədir və bu sahədə aparılan danışıqlar heç bir nəticə vermir".

Nazir müavininin sözlərinə görə, bu problemlər ona görə həll olunmayıb ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstruktivdir. Ermənistan bu məsələnin həll olunmasına hazır deyil. Bütün bu sülh proseslərinin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin iradəsinin, xüsusilə siyasi iradəsinin olmamasıdır.


  • Yazılıb
  • da (də) 2013 Dec 12