Arannews-AXCP-Müsavat görüşündə nələr müzakirə olundu?
Müsavatın təşəbbüsü ilə AXCP-nin qərargahında 2 partiya rəhbərliyi arasında keçirilən görüş başa çatıb.
Görüşdən sonra partiyaların sədrləri jurnalistlərə məlumat veriblər.
Müsavat başqanı İsa Qəmbər: “Biz Xalq Cəbhəsi rəhbərliyi ilə ölkədəki siyasi-ictimai durumu, Azərbaycanının Avrointeqrasiya dəyərlərini müzakirə etdik. Milli Şura və İctimai Palata haqqında fikir mübadiləsi aparıldı. Bütün bu birliklərin davamı kimi onu qeyd edə bilərəm ki, AXCP və Müsavat Partiyası arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklif irəli sürdük. Düşünürük ki, bu qəbildən olan məsləhətləşmələr davam edəcək. Sonrakı görüşlərdə bütün təkliflər dəyərləndiriləcək. Sabah KXCP ilə saat 1-də görüşümüz olacaq”.
AXCP sədri Əli Kərimli: “Bu günkü görüşdə biz Müsavat Partiyası ilə siyasi-ictimai mövzuları, Milli Şuranın qarşıdakı mitinqini müzakirə etdik. İstənilən halda, AXCP ilə Müsavat Partiyasının məsləhətləşmələri pozitiv məsələdir. Bu günə qədər də vaxtaşırı məsləhətləşmələrimiz olub. Görüşdə Müsavat Partiyası müttəfiqlik sazişinin bağlanmasını təklif etdi. Bununla bağlı növbəti görüşlərimizdə qərar verəcəyik”.AXCP sədri Müsavatın Milli Şurada qalmasını arzuladıqlarını da bildirib: “Milli Şuraya bizim dəstəyimiz birmənalıdır. Biz hesab edirik ki, bundan sonra da Müsavat Partiyası Milli Şurada qalıb fəaliyyət göstərsə, daha doğru olar”.