Tarix : 2013 Dec 21
Kod 41342

2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 79 nəfər təşkil edib

Ötən müddətdə 96 nəfər yaralanıb və ya xəsarət alıb
“Doktrina” jurnalistlərin hərbi araşdırmalar mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 79 nəfər təşkil edib. Ötən müddətdə 96 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 69-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa mart ayının 2-də C.Naxçıvanski adına hərbi listeyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu naməlum səbəbdən dünyasını dəyişib. Hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıya əlavə olunmayıb.
9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin (MN), 6-ı Dövlət Sərhəd Xidmətinin (DSX), 9-u Daxili Qoşunların (DQ), 1-i Xüsusi Dövlət Mühafizə İdarəsinin (XDMI), 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (96 nəfər), onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 48-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.
Yaralananların 67 nəfəri Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
“Ayna” və “Zerkalo” qəzetlərində dərc olunan “Ordunun Aynası” əlavəsi “Doktrina” JHAM-a istinadən 2013-cü ildə dünyasını dəyişən hərbçilərin adlı siyahısını oxuculara təqdim edib.

  • Yazılıb
  • da (də) 2013 Dec 21