Tarix : 2013 Dec 26
Kod 41409

Əza məclisləri bidətdir ya sünnət?

Tarixdə düşmən tərəfindən islama qarşı istifadə olunan ən effektli silahlalarından biri şübhə yaratmaq olub. Düşmən daima öz muzdurları vasitəsilə islami kəsimin düşüncələrində şübhə yaradaraq onları öz yollarında şəkkə düşmələrinə səbəb olublar.
Tarixdə düşmən tərəfindən islama qarşı istifadə olunan ən effektli silahlalarından biri şübhə yaratmaq olub. Düşmən daima öz muzdurları vasitəsilə islami kəsimin düşüncələrində şübhə yaradaraq onları öz yollarında şəkkə düşmələrinə səbəb olublar. Bu şübhələrdən biri islam tarixində əza məclislərinin olub olmaması ilə bağlıdır. Qısa olaraq sual bundan ibarətdir: “Əza məclisləri bidətdir ya sünnət?”

Bunun üçün ilk öncə islamda “bidət”-in nə olduğuna araşdıraq.

“Bidət” lüğətdə yeni işə deyilir. Lakin hər yeni işi harama səbəb olan bidətdən hesab etmək olmaz. Bidət islamın təməl prinsipləri və şəriətinə zidd olan yeni işlərə deyilir. Əhli-sünnə alimi Şafeinində dediyi kimi: “Bidət (islama nisbət verilən iş) 2 növdür: Bəyənilən və bəyənilməyən. Sünnə ilə müvafiq olan bidət bəyənilən, sünnə ilə müxalif olan bidət isə bəyənilməyəndir.” (Fəthul-bari fi şərhi Səhih Buxari c 17, s 10)


Quran və əza məclisləri:

1. Quran ayəsinə əsasən, Allah Peyğəmbərin risaləti müqabilində onun ailəsinə sevgi göstərməyi şərt qoyur. “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” (Şura 23)

Deməli Peyğəmbər və ailəsinə məhəbbət göstərmək dinin əsaslı hallarındadır. Onların vəfat günlərində əza, doğum günlərində isə şadlıq məclisləri keçirtmək də bu halın nümunələrindən biri kimi qələmə verilə bilər.

2. Quranın digər ayəsində “Və hər kəs Allahın əlamətlərinə (mərasiminə) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).”-deyə buyurur. (Həcc 32)

Ayədə qeyd olunan “şəair” kəlməsi lüğətdə “əlamətlər” mənasında işlənir və Allahı xatırladan, təqvanın və mənəviyyatın inkişafına səbəb olan hər bir mərasim və əlamətərə Quran təbirilə “şəair” deyilir.

“Nəhcül-bəlağə”-nin 153-üncü xütbəsində Əli (ə)-dan nəql olunan və əhli-sünnə mənbələrindədə rast gəldiyimiz hədisdə buyurulur: “Biz Əhli-beyt əlamət və səhabələrik. Peyğəmbər xəzinədir və biz qapılarıq. Evlərəə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyəcəklər.” (Yənabiul-məvəddət c 3, s 471)

3. Quranın “Yusif” surəsində Yəqubun (ə) oğlu Yusifə illərlə ağladığı, dolayısı yolla əza saxladığı qeyd olunur. “Yəqub “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi). (Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”” (Yusif 84-85)

Əhli-sünnə mənbələrində qeyd olunan hədisdə, imam Səccad (ə) onun illərlə atasına ağlamasına etiraz edənlərə belə buyurduğu qeyd olunur: “Məni qınamayın! Məgər siz Yəqubun oğlu Yusifə saxladığı əzadan bixəbərsiniz? O illərlə oğlunun həsrətinə gözləri kor olana qədər ağladı, bir halda ki, oğlu həyatda idi və sadəcə onun gözlərindən uzaq idi. Lakin mən öz gözlərimlə gördüm ki, atam və Əhli-beytdən olan 17 nəfəri şəhid edərək başlarını bədənlərindən ayırdılar.” (İbni Şəhr-aşub “Mənaqib” c 4, s 179 “Qum-Əllamə nəşr evi” – “əl-Bidayə vən-nihayə” c 9, s 125)

Qeyd etdiyimiz Quran ayələri, məzəmmət olunmuş həqiqi bidətin mənası və məntiqə əsasən Əhli-beyt üçün əza və şənlik məclisləri dindən kənar bir iş deyil və bidət hesab olunmaz.

Peyğəmbər və səhabələrin əza məclislərinə münasibəti:

Tarix və hədislərə nəzər saldıqda, Peyğəmbərin qızı və oğlunun ölümündən sonra onların qəbrlərində ağlamasının qeyd olunduğunu görərik. (“Səhih Buxari” c 2, s 549 və 556)

Bundan əlavə o həzrətin nəvəsi Hüseyn (ə)-ın illər sonra olacağı şəhadəti üçündə ağlamağı qeyd olunur. (Hakim “əl-Mustədrək” c 3, s 176 və 177 – İbni Əsakir “Tarix” c 14, s 196 və 197 – İbni Kəsir “Bidayə vən-nihayə” c 6, s 258 – “Kənzul-ummal” c 13, s 656 və 657)

Həmçinin sünnü alimi Əbdul-bir Qirtəəbi “əl-İstiab” kitabı c 1, s 313-də maraqlı bir rəvayət nəql edir: “Peyğəmbər Cəfər Təyyarın yoldaşı Əsma binti Ümeysin yanına ona baş salığı vermək üçün gedmişdi. Bu anda qızı Zəhra (ə) ağlayaraq otağa daxil oldu. Bunu görən Peyğəmbər qızının bu hərəkətini qınamadı, əksinə “Cəfər kimi şəxs üçün çox ağlamaq lazımdır” dedi.”

Hətta Peyğəmbər nəvəsi Hüseynin şəhadətinə ölümündən sonrada ağlaması ilə bağlı hədis nəql edirlər. Hədisin məzmunu belədir: “Səlma deyir: Ümmi-Sələmənin yanına daxil oldum və ondan ağlamasının səbəini soruşduqda, Peyğəmbəri yuxuda gördüyünü söylədi və dedi: “Peyğəmbəri yuxuda çox pərişan, üstü-başı torpaqlı və ağlayan halda gördüm. Mənə “İndi Hüseynin şəhadətinin şahidi oldum” dedi.” (Sünən Tirmizi c 12, s 195)

Eyni zamanda Peyğəmbərin yoldaşı Aişənin həzrətə yas saxlaması (Sirətun-nəbəviyyə c 4, s 305) və ikinci xəlifənin Xalid bin Vəlidin əvində yas saxlamasına mane olmadığı barədədə hədislər qeyd olunur (əl-Mustədrək ələs səhiheyn c 3, s 336).



Əhli-sünnə alimləri və əza məclisləri:

Böyük sünnü alimlərindən olan Səbt bin Cozinin Aşura günü imam Hüseyn məclisində minbərə çıxaraq onun barəsində şer bəstələdiyi qeyd olunur. (əl-Bidayə vən-nihəyə c 13, s 207)

Zəhəbi isə Səbt bin Cozinin yas mərasimini belə qeyd edir: “O Ramazan ayının 13-ü dünyadan köçdü. Onun ölümü ilə bazarlar bağlandı və çox sayda insane onun əza məclisində iştirak etdi. Havanın kəskin istisi və insanların çoxluğu bəzilərinin oruclarının açmalarına səbəb oldu. İnsanlar mübarək ayın sonuna qədər onun məzarının yanında qalıb, şam yandırıb Quran oxudular. Şənbə günü onun üçün məclis təşkil etdik. Çox sayda insanın iştirakı ilə məclis təşkil olundu, mərsiyələr oxundu.” (Əlamin-nubəla c 21, s 379)

Zəhəbi həmçinin qeyd olunan kitabının 18-ci cildinin, 476-ıncı səhifəsində, sünnü alimi Cuyinin ölümü haqqında belə yazır: “Onun ölümündən sonra minbəri sındırıldı, bazarlar bağlandı, qəsidələr oxundu, 400-ə yaxın tələbəsi qələmini sındırdı və bir il boyunca əza qeyd olundu. Bu zaman ərzində heçkim cəsarət edib başına əmmamə qoya bilmirdi.”

Bütün bunlara nəzər saldıqdan sonra aydın olur ki, bəziləri Quran, Peyğəmbərin sünnəsi, səhabələr və alimlərinin əməl və sözlərini bir kənara qoyaraq həqiqi missiaları olan şüphə ilə ixtilafa səbəb olaraq şiəçiliyi süstləşdirməyi yerinə yetirirlər. Bu şəxslərin necə təəssübkeş və tam olaraq düşmənə xidmət etmələrini hər ağıllı şəxs dərk edəbilər. Bunun üçün alim olmaq lazım deyil. Sadəcə olaraq diqqətlə dinləyib məntiqlə qəbul etmək lazmdır. Quranında dediyi kimi: "(Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver! O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!" (Zumər 17-18)

Vəssəlamu ələykum və mən ittəbəəl-huda.
  • Yazılıb
  • da (də) 2013 Dec 26