Dünən mətbuatda "El" hərəkatının Ali məclisinin sədri Eldəniz Quliyevin istefa verdiyi barədə xəbər yayıldı
Arannews-Dünən mətbuatda "El" hərəkatının Ali məclisinin sədri Eldəniz Quliyevin istefa verdiyi barədə xəbər yayıldı .
İslamazeri son zamanlar Milli Şurada baş verən hadisələrlə bağlı Eldəniz Quliyevdən münasibət öyrənib .
Eldəniz Quliyev bir çox maraqlı məqamlara toxunub .
Eldəniz Quliyevlə olan müsahibəni sizlərə təqdim edirik :
Eldəniz bəy Milli Şuradan niyə istefa verdiniz ?
- Mətbuatda gedən o xəbər yalandır. Mən istefa verməmişəm. Sadəcə Milli Şuranın sessiyasın gözləyirəm. Sessiyada son baş vermiş hadisələri müzakirə edək, eləcədə Milli Şuranın sədri öz mövqeyini qoymalıdır ortaya .
Düşünürsünüz ki, Cəmil Həsənli son hadisələrə bir başa müdaxilə etməlidir ?
- Cəmil Həsənli konkret mövqe ortaya qoymalıdır. Niyə bu hadisələr baş verir? Kim, hansı siyasi qurum bu işləri törədir? Bu işlərin axırı hara gedir? Hamımız görürük ki, praqmatizm öz sərhəddini aşıb. Müəyyən siyasi qüvvələrin praqmatizmi artıq praqmatizmdən özgə bir mərhələyə keçib. Bu məsələlərə aydınlıq gətiriləndən sonra mən istefa verib, verməyəcəyim məsələsini gündəliyə qoyacam .
Sizcə Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefa verməsinin səbəbi nədir ?
- Mən belə hesab edirəm ki, o çox həssas adamdır, qələm əhlidir. Azərbaycanın mənafeyini qat-qat üstün tutur nəyinki onun istefasını tələb edənlər. Onlardan qat-qat xalqın və Azərbaycanın mənafeyini üstün tutan adamdır. Hər deyilən sözdə təsirsiz ötüşmür. Siyasətçilərin əksəriyyəti elə bərkiyib ki, pis mənada heç bir sözü həzm etmirlər, yəni artıq doymuş məhluldurlar. Amma Rüstəm bəy yazıçıdır, qələm əhlidir və həssas adamdır. Dünən mən baxıramki Müsavat partiyasının gənc üzvü Tural Abbaslı Rüstəm İbrahimbəyova cavab verir. Bu ayıbdır. Yəni saymazyana hərəkət edir. Böyük-kiçik məsələsinə hörmət etməyən hərəkət edir. Bu cür münasibətlər adamı təngə gətirir və insanı hər şeydən iyrəndirir. Rüstəm bəyi də həmçinin. Səbəbi bu oldu ki, onun üzərinə haqsız hücumlar oldu. Halbuki Milli Şura deyilən şey Rüstəm bəylə eyniləşdirilməlidir. Çünki Milli Şuranın memarı, qurucu və yaradıcısı Rüstəm İbrahimbəyovdur. Vaxt olub Milli Şura onun Bakıdakı evində oturub .
Milli Şurada gedən siyasi proseslərə nəzər salsaq Milli Şuranın taleyilə bağlı nə düşünürsünüz ?
Milli Şuranın taleyi mənim üçün ilkin mərhələdə çox qaranlıqdır. Mən onun üçün dedim ki, Milli Şuranın sessiyası çağrılmalıdır və bu ekstremal situasiyanı müzakirə etməliyik.