Tarix : 2013 Dec 29
Kod 41467

Qarabağ qazisinin özünü yandırması dövlət rəhbərliyini sarsıtdı

Prezident Zaur Həsənovun müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı xüsusi göstəriş verib
Arannews - “Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: “Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir”.
Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: “Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq”.
Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran və hazırda 5 saylı klinik xəstəxanada müalicə olunan II qrup Qarabağ əlili Zaur Həsənovun səhəti ağır olaraq qalır. “Bədəni şişib, təzyiqi tez-tez dəyişir, ağrılara dözmür, həkimlər Zaurun səhhətinin ağır olaraq qaldığını bildirirlər. Nəfəs almaqda problem var. Bu gün (dünən-R.İ.) səhər ona süni nəfəs aparatı qoşuldu. Yarasında irinli qan gəlir. Danışa bilməsə də, ağrılardan inildəyir. Hər an həyatla vidalaşa bilər. Yaşamaq ehtimalı sıfıra bərabərdir. Zaur 6 nəfərlik palatada qalır, bu xəstələrin hamısı ağır xəstələrdir. Belə ağır xəstələrin bir yerdə qalması onlara psixoloji cəhətdən də pis təsir edir.. Həkimlər də Zaur üçün 5 gün kritik vəziyyətin olacağını bildirdilər. Bədəninin 75 faizi yanıb. Həyatı üçün təhlükə qalmaqdadır”, -deyə Zaurun atası Həsən Həsənov bildirdi.
Onun sözlərinə görə, Zaurla Bakıda və regionda yaşayan Qarabağ qaziləri maraqlanırlar. Həsən Həsənv xəstəxanada da 100-ə yaxın qazinin olduğunu bildirdi. O, qeyd etdi ki, xəstəxanaya gələn səhiyyə naziri və millət vəkilləri Prezidentin tapşırığı ilə bura gəldiklərini bildirdilər: “ Zaurun səhhəti ilə dövlət, vətəndaş cəmiyyəti və qazilər maraqlanırlar, dəstəyi hiss edirik. Bizə hər şeydən öncə Zaurun səhhətinin yaxşı olması vacibdir”. 
Bildirək ki, dünən Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov Zaur Həsənova baş çəkiblər. Deputatlar jurnalistlərə bildiriblər ki, hadisə sosial səciyyəli məsələdir və yaxın günlərdə öz həllini tapacaq.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov bildirdi ki, dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev onunla və özünü yandıran Qarabağ əlili Zaur Həsənovun atası Həsən Həsənovla, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədovla görüşüb: “Səttar Mehbalıyevin sözlərinə görə, Zaur Həsənovun övladları yetkinlik yaşına çatana qədər ailəsinə hər ay 1500 manat ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə, Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da S.Mehbalıyev öz üzərinə götürdü. Qarabağ əlilinin mülkü ilə bağlı isə bildirdi ki, ortada məhkəmə qərarı var, qərarı dəyişdirə bilməz”.



AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov da bu məlumatı təsdiqlədi və dedi ki, Qarabağ əlilinin işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z.Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilir. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün isə, ona 100 000 (yüz min) manat məbləğində maddi yardım ediləcək. 
Dünən Baş Prokurorluq da II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbail rayon prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
  • Yazılıb
  • da (də) 2013 Dec 29