Daha 72 ailə küçəyə atılmaq astanasındadı...
Arannews - Bayraq Meydanı salınanda o ərazidə yaşayan insanların mülkiyyətinə hansı qəddarlıqla qəsd olundu - bunu ən azı, “Azadlıq”ın daimi oxucuları yaxşı bilir. Bayrağı bəhanə edib yüzlərlə ailənin mülkiyyəti dağıdıldı, bəziləri təhqir və fiziki zorakılıqla üzləşdi. Həmin proseslə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Freedom House” xüsusi hesabat hazırlamışdı və çox dəqiqliklə hesabata belə sərlövhə seçilmişdi: “Azərbaycan hökuməti evlərlə yanaşı, ailələri də dağıdır”.
Sən demə, fəlakət bitməyibmiş, “zəlzələ” dalğasının geri qayıdışı baş verməkdədir.
“Qara kağız”ın müasir forması
Bu barədə “Azadlıq”ı ərazidə yaşayanlar, konkret Səbail rayonu, Mikayıl Useynov küçəsindəki 14 saylı binanın sakinləri xəbərdar edib. Bu bina “Bayraq Meydanı”nın yüz metrliyindədir.
14 noyabrda Bakı Şəhər Icra Hakimiyyəti adından binada yaşayanlara bildiriş paylanıb. “Qara kağız” göndərilib ki, guya, bina qəzalı vəziyyətdədir və onun sakinləri təcili köçürülməlidir. Bildirişdə binadan son köçmə tarixi yoxdur, amma şifahi söhbətdə “iki aya köçürsüz köçün, köçməsəz, peşman olacaqsız” hədəsi səslənib.
Fövqəladə yalan...
14 saylı binada 72 ailə yaşayır. Bina SSR Müdafiə Nazirliyinin xüsusi göstərişilə tikilmiş ÿeksperimental layihəli binadır. Bina inşa edilərkən 8 ballıq zəlzələyə hesablanıb. Sakinlərin məlumatına görə, 2000-ci ildəki güclü zəlzələdə də bina heç bir zədə və çat almamışdı. Hazırda da vizual olaraq, binada heç bir qəza əlaməti diqqət çəkmir.
“Eurovision” onlara düşmədi
“Eurovision” müsabiqəsindən əvvəl - 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin ÿmütəxəssisləri binaya baxış və ekspertiza keçirərək, binanın çox əla və möhkəm vəziyyətdə olması, tikilidə yeni fasad işləri üçün metal-dəmir konstruksiya və əlavə mərtəbənin inşa edilməsinə heç bir maneə olmadığına dair rəy verib. Bundan sonra üzlük çəkmək məqsədilə binanın fasadına metal-dəmir konstruksiyalar həkk olunub, zərurət olmadan binaya əlavə mərtəbə üçün metal konstruksiyalar quraşdırılıb. Lakin işlərin yekunlaşmasına az qalmış proses dayandırılıb. Binanın bir tərəfinə bəzəkli pərdə çəkilib ki, xarici qonaqların könlünü oxşasın. Iki aydan sonra isə o, elə sakinlərin təkidli tələbilə sökülüb.
“Şokdayıq”
Şikayətçilər bundan çox təəccübləndiklərini bildirirlər: “Digər daha qədim binaların üzlük fasad işləri başa çatdırılırdı. Bizi maraqlandıran sual bu idi ki, niyə bizim binamızın təmir işləri yarımçıq qalıb? Biz buna inanmırdıq və üzlük işlərinin davam etdirilməsini gözləyirdik. Lakin bugünlərdə Bakı Şəhər Icra Hakimiyyətinin göstərişilə qışın bu vaxtında bizə elan ediblər ki, bizlər kiçik bir məbləğdə kompensasiya alıb evlərimizi tərk etməliyik. Biz isə sakinlər olaraq, binanın çox əla vəziyyətdə olmasına inanırıq və bu ani qərarın şokundayıq”.
Günahımız
Sakinlərin əsas istəkləri və tələbləri odur ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi rəy qanunsuz elan edilsin. Onlar obyektiv araşdırma tələb edir. Şifahi də olsa, təklif edilən kompensasiyanı onlar rədd edir. Bildirirlər ki, oxşar ərazilərdəki mənzillərin kvadratı 3-4 min arasında dəyişir.
“Bayraq”ın qonşuları üzləşdikləri problemlə əlaqədar bir sıra dövlət orqanlarına müraciətlər də ediblər. Onlar ictimaiyyətdən də dəstək umurlar.
“Bizim yeganə günahınız odur ki evlərimiz gözəgəlimli yerdə yerləşir. Məqsəd bizi buradan qovub özləri üçün bahalı restoranlar, hotellər tikməkdir”, - deyə sakinlər bildirib.
***
Əldə etdiyimiz məlumata görə, sökülmə planı təkcə haqqında danışdığımız bina ilə yekunlaşmır. Bayıl qəsəbəsində çox yaşayışlı evlər yaxın vaxtlarda buldozerin qabağına veriləcək. Növbəti yazılarımızda bu məsələni araşdırmağa çalışacağıq.