Qarabağla, Qarabağ qaziləri ilə bağlı zaman-zaman nə baş veribsə, ilk yadıma düşən, dərhal aradığım Rey olub. Təkcə dost, həmsöhbət, həmkar, müsahib olaraq yox, həm də Qarabağın ağrı-acısını taleyində, yaddaşında yaşadan, bədənində qəlpələr şəklində gəzdirən mükəmməl bir insan olduğu üçün onun sözünə, rəyinə daim ehtiyac duymuşam.
Arannews - Qarabağla, Qarabağ qaziləri ilə bağlı zaman-zaman nə baş veribsə, ilk yadıma düşən, dərhal aradığım Rey olub. Təkcə dost, həmsöhbət, həmkar, müsahib olaraq yox, həm də Qarabağın ağrı-acısını taleyində, yaddaşında yaşadan, bədənində qəlpələr şəklində gəzdirən mükəmməl bir insan olduğu üçün onun sözünə, rəyinə daim ehtiyac duymuşam.
Ancaq Zaur Həsənov özünə od vurandan sonrakı iki gün ərzində Reylə danışa bilmədim. Sadəcə onun nə qədər sarsıldığını bildiyim üçün. Tanışlığımızın, dostluğumuzun tarixi 15 ildən çox olan Reyin bu hadisədən sonra nələr çəkdiyini yaxşı anlayırdım. Oruc Məmmədalıyev dünyasını dəyişəndə də belə sarsılmışdı, Rəfaeli vaxtsız itirəndə də. Hər dəfə Qarabağın adına kimisə itirdiyimiz anda onun nələr çəkdiyini görmüşəm.
...Zaur Həsənovun dəfnindən sonrakı uzun söhbətlərimizdə də bunun bir daha şahidi oldum. Nə keçdiyi döyüş yolu, nə sinirləri üzərində möhkəmcə lövbər salmış düşmən qəlpəsinin hər kvartalda baş qaldırdığı ağrı-acılar, nə Qarabağ savaşında qolları üstündə gözlərini əbədi yuman döyüş yoldaşlarının müsibəti, nə də “atəşkəs” dövründə Qarabağ qazilərinin artıq cəmiyyətdə adiləşmiş faciələri, itkiləri Reyi dəyişmədi, o, müharibə adamı olsa da, dəhşətlər görsə də, qazilərin ölümünü sakit qarşılaya, olacaq kimi qəbul edə bilmədi. Hər bir keçmiş döyüşçünün itkisini Rey Qarabağın daha bir parçasının itirilməsi kimi qəbul etdi. Bu, bir tərəfdən Reyin dostluğa sadiqliyindən, ağır günün dostu olmasından irəli gəlir.
Həm də axı, qazilər İkinci Qarabağ savaşında bərabər qatılacaqları, Vətən torpaqlarının azad olunmayacağına qədər rahat olmayacaqları barədə əhd-peyman bağlamışdılar. Bir qazinin itkisi həm də o deməkdir ki, Qarabağdakı strateji nöqtələrin, düşmən mövqelərinin daha bir bələdçisini, Vətən müharibəsinin şahidini, iştirakçısını, canlı tariximizi itiririk. Hər qazi bir parça Qarabağ torpağının azadlığı, artımı deməkdir, onlar Qarabağda şəhid olmaq istəyirlər, Bakının mərmər küçələrində yox! Zaur Həsənov da belələrindən idi...
Rey bu ağrıya Zaurun atası, ailə üzvləri, can-ciyərləri qədər ağrıyırdı, bu itkinin miqyasını soyuqqanlı şəkildə daha çox dərk edənlərdən idi. Yaxın silahdaş itkisi ilə baş-başa qaldığı bu günlərdə ona dəstək olmaq, dərdini bölüşmək əvəzinə, üstünə gedilməsi, bax, bu, ağ oldu, absurd oldu, insafsızlıq oldu. Rey bu günlərdə bilmədi döyüş yoldaşının yanmış cismini hayına qalsın, ölümündən sonra ürəyində ağır yükü daşıya-daşıya onun dəfni, yas törəni ilə məşğul olsun, yoxsa birilərinin hikkəli ittihamlarını cavablandırsın. Gör kimlər Reyi, Vətən qazisini ittiham edirlər.
Reyin həyatı boyu etdikləri ona dəyər vermək üçün kifayət etmirmi? Bu adam bütün həyatını Vətənə qurban verib, bəs deyilmi? Qazi, Qarabağ söhbəti olan yerdə Reyi görmüşük, hər zaman sözünü deyib, məmura, deputata etirazını edib, hətta haqsızlığa görə damarlarını doğramaqdan çəkinməyib. Reyin etmədiyi bir şey qalıb: ölməyi. Onumu istəyirsiniz indi? Bəlkə ittihamlara görə bir az da utanasınız. Ən böyük mükafatlara layiq olan döyüşçü qardaşımıza dövlət mənzil veribsə, bu, ona baş qaxıncımı olmalıdır? Bu vaxta qədər Reyin nə qədər pensiya aldığını, hər müalicəsinə nə qədər xərclədiyini, necə yaşadığını bilirsinizmi? Bir də axı, Rey nə deyib? Deyib ki, gəlin həlak olmuş qardaşımızın cansız bədənini ortada qoyub artıq şeylərdən danışmayaq. Haqlı deyilmi? Bu vətənin, bu xalqın sağlığında layiqincə dəyər vermədiyi, yaşatmadığı, yaşada bilmədiyi Zaur Həsənov qarşısında heç olmasa onu layiqincə dəfn etmək borcu var idi, bunu etməməkmi lazım idi? Döyüş yoldaşları Zaur Həsənovun dəfnini unudub küçələrə axışsaydı, onun ailəsi, uşaqları bu mənzərəyə nə deyərdi?
Bir də ki, Rey kimin yolunu kəsdi, kimin qarşısına çıxıb “aksiya keçirmə” dedi? Kimsə dəfn mərasimini şouya çevirmək istəyibsə, buna qarşı olub və düz də edib. 2001-ci ildəki Qazilər Hərəkatını bir çoxları unudub yəqin. Dərnəgüldə həftələrlə davam edən ölüm aclığı oldu, qazilər hakimiyyətin qazilərə qarşı siyasətinə etiraz olaraq damarlarını doğradılar, ortaya qara tabutlar qoyuldu, sonra o tabutları çıxarıb şəhər küçələrində yürüş etdilər, bununla hakimiyyətin də, cəmiyyətin də diqqətini qazilərin ağır durumuna yönəltmək istədilər. Sonra nə baş verdi? Bəlkə cəmiyyətdən böyük dəstək gəldi, bəlkə bu gün hay-küy salan bəzi şou həvəskarları qazilərin yanında yer aldı, bəlkə... Qazilər qərargahlarından çıxarıldı, Əlillər Cəmiyyəti ləğv edildi, alternativ cəmiyyət yaradıldı, onda da cəmiyyətdən ciddi təpki gəlmədi. Bəlkə hakim Nüşabə Ağayeva qaziləri günahsız yerə mühakimə edəndə, ən ağır cəza istəyəndə cəmiyyət ayağa qalxdı. Yadımdadır, hakim üzünə gülə-gülə Oruc Məmmədalıyevə prokurorun istədiyindən 1 il artıq (!) cəza verəndə Rizvangil ülgücü çıxarıb damarlarını doğradılar, məhkəmə qana bulanmışdı. Məhkəmədən qan içində gəldim, hətta Etibar Cəbrayıloğlu “Yeni Müsavat”da “Elşadın qanlı köynəyi” yazısını yazmışdı...
Bütün bunlar hələ az şeylərdir. Rey isə çox dəhşətləri görüb, yaşayıb, bilir. Nazirlərdən biri iş istəyən Qarabağ qazisinə “getsin metro qarşısında ayaqqabı təmizləsin” demişdi, onda cəmiyyət niyə səsini qaldırmadı, mitinq arzusunda olanlar nədən küçələrə axışmadı? Mitinq üçün susayanlar nədən elə dəfn törəninə böyük bir ordu şəklində qatılmadı, bəlkə Rey qoymadı?
Bu gün nəinki qazilərin, hətta bütün kateqoriyalı insanların məsələsini mitinqlə həll etmək mümkün deyil. Mitinqin effekti o zaman olar ki, ora on minlər qatılsın, hakimiyyət də aksiyanın sanbalını görüb narahat olsun, hərəkətə keçsin, cəmiyyətin etirazını nəzərə alıb nəticə çıxartsın.
Qazilərin problemlərini nəhayət, həll etmək gərəkdir. Bunun üçünsə ciddi müzakirələr aparmaq, ölkənin prezidentilə görüşə nail olub ortaya təkliflər qoymaq lazımdır. Soyuqqanlı davranılsa, əminəm ki, günün birində Ali Baş Komandan 1-ci Qarabağ savaşının iştirakçılarını qəbul edib onları dinləyər, qazi, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı konkret göstərişlər verər. Azərbaycanda bəlkə də ilk hadisədir ki, ölkə başçısı ondan SARSILDIĞINI deyib. Deməli, vəziyyətin dəyişməsini iqtidarda da istəyirlər. Ortada məntiq var, əgər Qarabağı qaytarmaq istəyirsənsə, Qarabağda can qoyanlara, onun ailəsinə də münasibət dəyişməlidir. Yetər ki, diqqəti başqa səmtə yönəldən davranışlar olmasın. Çox həssas zamandır, hansısa qüvvələr, xarici, ya daxili fərqi yoxdur, baş vermiş hadisədən sui-istifadə etmək istəyə bilər və daha bir qazi faciəsi baş verənədək məsələlər unudular. Bunun baş verməməsinə çalışmaq gərəkdir...
...Məndə 2001-ci ildən qalma siyahı var – müalicəsizlikdən dünyasını dəyişən, intihar edən Qarabağ qazilərinin 52 nəfərlik siyahısı. Üstündən illər keçib, yəqin Reydəki siyahı daha böyükdür. Odur ki, ittiham etməyə susamayın...