Arannews - Dekabrın 30-da Qarabağ qazisi Zaur Həsənovun 3 mərasimi idi. Lökbatanda Qarabağ müharibəsi veteranları üçün inşa olunmuş çoxmərtəbəli binanın həyətində qurulmuş mağarların qarşısına xeyli adam toplaşmışdı. Onların arasında “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov da vardı. E.Əsədov baş vermiş olayın hərtərəfli araşdırılmasının tərəfdarı olduqlarını dedi: “Məmurların ögey münasibəti, haqsızlığı ucbatından belə bir hadisə baş verdi. Qarabağ qaziləri özlərinə şərait qura bilmədilər, açdıqları iş yerləri isə kimlərinsə marağına toxundu. Dolanışıq yerlərimizi əlimizdən alıblar. Belə haqsızlıqlar sonda 5 övladını dolandıra bilməyən Zaur Həsənovu intihara sürüklədi. Mən dövlət başçısının diqqətini yüksək qiymətləndirirəm ki, ölümündən sonra olsa da, dövlət öz qazisinə sahib çıxdı. Amma qazilərin illərlə yığılıb qalan problemləri həll edilməlidir, normal pensiya ayrılmalıdır. Dövlət bu insanlara qayğını artırmalıdır”.
E.Əsədov Qarabağ qazilərinin hər an vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını da dedi: “Həyatda nələr baş verməsindən asılı olmayaraq hər bir vətəndaş öz dövlətini sevməlidir. Bizlər hər an torpaqlarımızın müdafiəsinə qalxmağa hazırıq. Düşünürəm ki, Zaur Həsənovun üzləşdiyi haqsızlıqla bağlı dövlət başçısı müvafiq tədbirlərin görülməsinə göstəriş verəcək, özbaşınalıq etmiş məmurla bağlı lazımi addımlar atılacaq. İnsanlar görəcəklər ki, vətən qarşısında xidməti olan insana qarşı haqsızlıq edənlər cəzasız qalmır”.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov bildirdi ki, Z.Həsənovla döyüş yoldaşı olublar: “Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərlik etdiyi batalyonda qulluq edib, bölük komandiri olub. Zaur çox fədakar döyüşçülərdən idi. Bakının Bibiheybət kəndindən idi. Çox mərd oğlan idi. Ağdam ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Əməliyyat zamanı yaralanmışdı. Müharibədən sonra da Qarabağ Əlillər Cəmiyyətinin formalaşmasında aktiv iştirak edib. Vəfat edən günə qədər də Qarabağ veteranlarının, əlilərinin problemləri ilə məşğul olurdu. O, tək özü üçün yaşamırdı. Təşkilatda da çox fəal idi. Birgə döyüş yolu keçmişdik”.
“Vətən Fədailəri” İctimai Birliyinin sədri Dadaş Quliyev məsələnin hüquqi müstəvidə araşdırılmasının tərəfdarı olduğunu dedi: “Biz bu məsələni yenidən araşdırılmasını tələb edirik və buna da nail olacağıq. Zaur Həsənov bütün məhkəmə proseslərini uduzandan sonra ərizə ilə təşkilata müraciət etmişdi. Həmin çayxana dəniz kənarında idi və orada əvvəllər heç bir hasar yox idi. Ərazinin Səttar Mehbalıyevə heç bir aidiyyəti yox idi. Özünün vəzifəsindən istifadə edib, bütün məhkəmə proseslərini udub. O ki qaldı Səttar Mehbalıyevin şəxsən cəzalandırılmasına, bu işlə bağlı cinayət işi başlayıb. Biz bu işin gedişatı ilə maraqlanacağıq”.
D.Quliyev dedi ki, məsələ hərtərəfli araşdırılıb qiymət verilməyəcəyi təqdirdə radikal addımlar atmaq məcburiyyətində qalacaqlar: “Biz dövlətdən bu məsələnin ətraflı araşdırlmasını və günahkar məmurun cəzalandırılmasını gözləyirik”.
Qarabağ qazisi Rey Kərimoğlu deyir ki, baş verən hadisə qazilərimizin əsəblərinin tarıma çəkilməsinə səbəb olub: “Qazilər çox gərgindir. Çünki Qarabağ qazilərinin problemləri həddən artıq çoxdur. Ən başlıcası isə hakimiyyətdəki məmurların özbaşınalığıdır. Bizi elə vəziyyətə gətiriblər ki, hərdən özümüzü idarə edə bilmirik. Yaxın günlərdə Qarabağ qazilərinin toplaşdığı ictimai birliklər bəyanatla çıxış edəcəklər və orada mövqeyimizi göstərəcəyik”.
R.Kərimoğlu özünə yönəlik ittihamları da cavablandırdı: “Əvvəlcədən ötən gün bu hadisə ilə bağlı meydana çıxıb etiraz edən hər kəsə təşəkkür edirəm. Mən heç bir açıqlamamda, bəyanatımda deməmişəm ki, kimsə gedib mitinq, etiraz etməsin. Bu prosesdə Qarabağ Qaziləri ilə yanaşı 11 təşkilat iştirak edir. Mən onların mövqeyini cəmiyyətə çatdırmışam. Biz Zaur Həsənov can verəndə onun yanında olmuşuq. Kiminsə qabağında durmamışıq, kiməsə də deməmişik ki, gedib aksiya etməyin. Ediblər sağ olsunlar. Dünən burada çıxış edəndə də dedim. Təəssüf ki, kimsə çıxışımı tam vermədi. Xeyli adamlar var, aranın qatışmasını istəyir. Biz Zaurun meyitinin üstündən siyasi alver edilməməsini istəyirik. Bizim aqressiyamızı öz üzərilərinə çəkməsinlər, imkan versinlər biz bu işi bu həddə çatdıranlarla bu məsələni sona çatdıraq. Yenə də deyirəm, kim aksiya keçirmək istəyirsə qabağında durmamışıq, heç vaxt da qarşısını almamışıq. Əgər qazilər Zaurun meyitini ortaya qoyub aksiya etsəydi, bu həm ona hörmətsizlik, həm də bu gün Azərbaycanda çox böyük çaxnaşma yaradardı. Zaur can verəndə dedi ki, mən ölürəm, amma mən bu işi başladım, siz bunu davam edin. Səbirli olsunlar, görəcəklər”.
R.Kərimoğlu dedi ki, Z.Həsənov neçə illər ərzində həmin problemi həll etməyə çalışıb: “Zaur elə vəziyyətdə idi ki... Evi bank girovluğunda, 2 ay idi ki, evinin işığını da kəsmişdilər. O, borc götürüb həmin 40 kvadrat metrlik yeri təmir elətdirmişdi. Söküb qoymuşdular yerə. 5 uşaqla bankı pulunu ödəyə bilmirdi. Qarabağ qaziləri bu işlərlə məşğul olublar. Amma həll olunmadı. Zaur bu problemə görə aclıq aksiyası keçirdi. Bu gün bizə irad tutanlar harada idilər? Zaur etiraz edib qollarını doğradı. Harada idilər?”
Qarabağ qazisi, mərhumun qonşusu Əlibala Talıbov deyir ki, Z.Həsənovun obyektini 2 dəfə buldozerlə dağıdıblar: “Bankdan pul götürüb oranı tikmişdi ki, 5 uşağını dolandıra bilsin. Cəmi 40 kvadrat metrlik yer idi. O vəziyyətə salmışdılar ki, hər kəsə borcu vardı. Atası fəhlə işləyib, onun banklara olan borcunu ödəməyə çalışırdı. O əvvəlcədən bizlərə demişdi ki, məni özümü öldürmək həddinə çatdırıblar. Hamımız bu vəziyyətdəyik, bizə cəmiyyətin axırıncı adamı kimi baxırlar. Dövlətimiz bu münasibətin dəyişməsi üçün addımlar atmalıdır. 1 qrup Qarabağ müharibəsi əliliyəm, 215 manat təqaüd, üstəgəl 110 manat əlavə alıram. Gəlib həmin Səttar Mehbalıyev 350 manatla yaşasın, çəkdiyimiz zilləti görsün. 88-ci ildən 93-cü ilə qədər döyüşmüşəm, bir ayağımı itirmişəm, amma yenə də döyüşməyə hazıram. Bunlar Zauru gözünü bağlayıb maşının baqajına basıb aparmışdılar. O, bunu gəlib mənim yanımda 3-4 nəfərə dedi. Soruşduq, dedi ki, bunu Səttarın adamları edib. Zaur özünü bu cür alçaqlıqlara görə şəhid elədi. Biz gedib döyüş görməyən, oğlunu döyüşdən gizlədən hansısa məmurun qapısında ağlayıb-sızlayan deyilik”.
“Vətən Müharibəsi” İctimai Birliyinin sədr müavini Namiq Məmmədov dedi ki, hər bir situasiyaya uyğun qərar vermək iqtidarındadırlar: “Zaur Həsənov təkcə özünün halına yanmadı, bütün Qarabağ qazilərinin durumuna görə özünü yandırdı. Zaur öz ölümü ilə bütün şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranlarının harayını bu hökumətdəkilərə çatdırdı. O, özünü şəhid edib Azərbaycanda vətən yolunda can qoyanlara münasibəti hər kəsin diqqətinə çatdırdı”.
Polkovnik Telman Mehdiyev S.Mehbalıyevin Z.Həsənovun sosial hüquqlarını pozduğunu və baş verən hadisəyə görə birbaşa onun cavabdeh olduğunu dedi: “Bu məsələdə Zaur haqlı tərəf idi, hazsız duruma salınmışdı. Yəqin ki, dövlət Səttar Mehbalıyevin özbaşınalığının qiymətinin verilməsində maraqlı olacaq”.
3 mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradov və digər nümayəndələr də iştirak edirdilər. N.Muradov baş verən hadisə ilə bağlı araşdırma aparıldığını və mərhumun yaxınlarına səbir dilədiklərini söylədi.
Mağarın qarşısında toplaşan insanların arasında mərhum qazinin atası Həsən Həsənov da vardı. O, baş verənlərin araşdırıldığını söylədi: “Araşdırırlar, biz də bura toplaşanlar kimi nəticəni gözləyirik. Bundan artıq nəsə demək istəmirəm”.