İxtisara düşən yüzlərlə neftçi “Bahar enerji” şirkətinin qarşısına toplaşacaq
Arannews - “Bahar enerji” əməliyyat şirkətinin işdən azad olunmuş bir qrup əməkdaşı sabah - yanvarın 7-də Bakıda etiraz aksiyası keçirəcək. Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı dedi.
Hüquq müdafiəçisi bildirdi ki, ixtisara düşərək işsiz qalan yüzlərlə neftçi şirkətin baş ofisinə gedən yolda, Qum adasında piket keçirməyi planlaşdırır: ““Bahar enerji” şirkətinin rəhbərlərindən biri, tanınmış iş adamı Hafiz Məmmədovun ixtisarlara münasibəti şirkətdə çalışanların qəzəbinə səbəb olub. Hafiz Məmmədov işdən çıxarılanlara 6 aylıq kompensasiya veriləcəyini açıqlayıb. Amma Hafiz Məmmədov bilsin ki, işdən çıxarılanların əksəriyyəti qadınlardır, bəzilərinin öhdəsində azyaşlı, əlil uşağı var, bəziləri ailə başçısını itirib. Ümumiyyətlə, neft sektorundan uzaqlaşdırılan orta yaşlı qadınların durumu çox acınacaqlıdır”.
M.Qəhrəmanlı qeyd etdi ki, şirkətdə neftçilərlə 2010-cu ildən indiyədək müvəqqəti əmək müqavilələri bağlamaqla ixtisarlara hazırlıq gedirdi: “İşçilərə müraciət edirdim, deyirdim ki, müvəqqəti müqaviləyə qol çəkməsinlər. Amma buna əməl etmədilər. Öz bildiklərini elədilər. Əvvəlki işçilərdən demək olar ki, heç kim qalmadı”.
Təşkilat rəhbəri dedi ki, növbəti ixtisar dalğası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə də çatdı: “İlkin məlumatlara görə, 2000 neftçi işdən çıxarılacaq. Amma proqnozlar göstərir ki, işdən çıxarılanların sayı dəfələrlə çox olacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev fəhlələrin ixtisara salınmayacağını vəd etmişdi. Amma təşkilatımıza daha çox fəhlələr tərəfindən müraciətlər daxil olur”.