BƏƏ-dəki səfirimiz çıxılmaz durumda
Elxan Qəhrəmanovun zaminə götürdüyü sabiq polis rəisi haqda heyrətamiz dosye; onun ermənilərlə əlbir olub həmyerlilərimizə 7 milyon atdığı və səfirin hesabına həbsdən çıxdıqdan sonra istintaqdan yayındığı bildirilir
Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq yüksək rütbəli zabiti Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yenidən həbs olunub. Sarja polisi onu külli miqdarda ziyan vurmaqla dələduzluq etmə və vergidən yayınma şübhəsi ilə ötən il noyabrın 6-də saxlamışdı. Bundan sonra Dubay məhkəməsi sabiq polis rəisinin barəsində həbs-qətimkan tədbiri seçmişdi.
12 gün sonra isə ölkəmizin BƏƏ-dəki səfiri Elxan Qəhrəmanovun şəxsən müdaxiləsindən sonra Cavadağa Sultanov azadlığa çıxmışdı. Səfirliyimiz BƏƏ məhkəməsinə zəmanət vermişdi ki, təqsirləndirilən istintaqçılar məhkəmənin çağırışlarına adekvat reaksiya verəcək. Gələn məlumatlar onu deməyə əsas verir ki, belə olmayıb. Səfirliyimizin verdiyi zəmanət C.Sultanovun qaçıb gizlənməsi üzündən sıfırlanıb. Hələ bu zəmanət verilərkən məsələ Dubayda yaşayan və sabiq polis rəisinin keçmişindən xəbəri olan həmyerlilərimiz arasında söz-söhbətə səbəb olmuşdu. Azərbaycanda bir sıra ağır cinayətdə adı hallanan və Dubayda 7 milyon dollarlıq fırıldaqla bir neçə azərbaycanlını ağır duruma salan bu şəxsin səfirlik tərəfindən zaminə götürülməsinin arxasında kriminal əlaqələrin olması da dolaşan söhbətlərin arasında idi.
C.Sultanovla bağlı son qərar isə yanvarın 5-də verilib. Bu barədə salamnews.az-a Dubayda yaşayan Azərbaycan vətəndaşları məlumat veriblər. Dubay Ali Məhkəməsinin qərarı ilə Cavadağa Sultanov yenidən qandallanıb. Buna səbəb isə ötən il dekabrın 16-da C.Sultanovun Dubay məhkəməsinin çağırışına məhəl qoymayaraq polisdən gizlənməyə başlamasıdır. O, bu hərəkəti ilə səfir Elxan Qəhrəmanovu da pis duruma salıb. Elə bu səbəbdən dünən səhər saatlarında Dubay polisi C. Sultanovu həbs edərək istintaqa aparıb. Dubayda yaşayan iş adamlarının dediyinə görə, C. Sultanov ermənilərlə əlbir olaraq dəfələrlə azərbaycanlı iş adamlarını aldadıb və onların pullarını mənimsəyib.
Yada salaq ki, C.Sultanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, ondan əvvəl isə Binəqədinin polis rəisi işləyib. Adı dəfələrlə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında işgəncələrə rəhbərlik edən şəxs kimi çəkilib. Bu şəxsin adı yaddaşlarda daha çox DİN-in baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun işi ilə bağlı keçən proseslərlə bağlı qalıb.
C.Sultanovun adı H.Məmmədov və bandasının fəaliyyətindən xəbərdar olan, həmçinin bu banda ilə əlbir olan yüksək rütbəli polis zabitlərinin sırasında çəkilirdi.
H.Məmmədovun məhkəməsində C.Sultanovun adı şahid qismində keçib və o, məhkəmədə ifadə verib. Həmçinin H.Məmmədovun işi ilə bağlı C.Sultanov barəsində ayrıca cinayət işi başlanıb. Lakin bu işin taleyi bu günə qədər qaranlıq olaraq qalır. H.Məmmədovun məhkəməsində C.Sultanov qeyri-səmimi ifadə verməsi ilə təqsirləndirilənlərin qəzəbinə tuş gəlib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Nizami Qasımovun məhkəmədəki ifadəsindən: “Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, arvadınızı oğurlayanları uzaqda axtarmaqdansa Zakir Nəsirovdan soruşun”. Şahid qeyd edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin uzaq qohumudur. 2005-ci ilin fevral ayında Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oğurlanandan sonra BŞBPİ cinayət-axtarış şöbəsinin əməliyyatçıları axtarış əməliyyatına cəlb olunublar. Onun sözlərinə görə, həmin müddətdə BŞBPİ-nin rəis müavini işləmiş Cavadağa Sultanovun Zamirə Hacıyevanın DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirovun sifarişi ilə oğurlanmasından xəbəri olub.
Həmin məhkəmə proseslərində Hacı Məmmədov C.Sultanovun çoxsaylı cinayətlərinin olduğunu söyləyib: “Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır”.
Qeyd edək ki, C.Sultanov daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin qudasıdır.
Nazir: Azərbaycan gəmiçilik şirkətinin yaradılması üçün yunan şirkətləri ilə danışıqlar aparır
“Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayev qudası olan polkovnik Cavadağa Sultanovun həbsdən azad edilməsi üçün 20 milyon avro ödəyib”.
Bunu isə virtualaz.org saytının müxbiri ilə söhbətində Yaşar Babayevin ailəsinə yaxın şəxslərdən biri söyləyib.
Mənbənin sözlərinə görə, həmin pullar Heydər Babayevə məxsus “Standard bank” vasitəsilə köçürülüb. Göstərilən məbləğdəki pul ötən il noyabrın ortalarında, yəni Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş müavini, polis polkovniki Cavadağa Sultanovun həbsindən dərhal sonra ödənilib.
Amma indi, C.Sultanovun təkrarən həbs edilməsindən sonra belə qənaətə gəlmək olar ki, Babayevlər ailəsi də, elə C.Sultanovun özü də faktiki olaraq tələyə salınıblar. Vasitəçilik edən tərəf(lər)in əsas məqsədi böyük ehtimalla polis zabitinin müvəqqəti olaraq azad edilməsinə nail olmaqla Babayev qardaşlarının 20 milyon avrosunu ələ keçirmək imiş ki, buna da nail olunub.