Son vaxtlar cəbhə bölgəsində baş verənlərin və açıqlamaların təhlili belə düşünməyə əsas verir...
Azərbaycan üçün ən ciddi problem Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış olaraq qalmasıdır. Bu problem Azərbaycanın sosial-iqtisadi inkişafını məhdudlaşdırır və hətta gələcək perspektivlərini belə təhdid edir.
Təbii ki, bu problem nizamlanacağı təqdirdə, Azərbaycan ağır yükdən xilas ola, hərbi xərclərini azalda, silah-sursata xərclənən maliyyə vəsaitinin əhəmiyyətli bir hissəsini digər önəmli sahələrin inkişafına yönəldə bilər.
Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı təqdirdə, Azərbaycana qarşı supergüclərin, xüsusilə də Rusiyanın əsas təzyiq mexanizmlərindən biri aradan qalxmış olar. Və rəsmi Bakı Cənubi Qafqazda daha sərbəst regional siyasət yürütmək imkanları qazanar.
Ancaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması qarşısında kifayət qədər ciddi əngəllər də mövcuddur. Belə ki, bir tərəfdən, Ermənistan mövcud status-kvonu qorumaq üçün qeyri-konstruktiv mövqe tutur, münaqişənin nizamlanma prosesini dalana sürükləyir. Digər tərəfdənsə, xüsusilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına açıq-aşkar imkan vermir.
Təbii ki, rəsmi Bakı mövcud situasiya ilə hələlik barışmış kimi görünür. Ancaq bunun uzun müddət davam edəcəyi qətiyyən inandırıcı deyil.
Əslində rəsmi Bakı artıq bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsini öz yöntəmləri çərçivəsində həll etməyə çalışıb. Hətta Azərbaycanın lokal xarakterli hərbi əməliyyatlar keçirmək niyyətinin olması barədə də məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rəsmi Bakı vaxtilə işğal altındakı ərazilərdə hərbi əməliyyatlardan son anda imtina edib. Və bu imtinada bəzi superdövlətlərin səhnəarxası diplomatik fəaliyyətinin, hətta Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müəyyən vədlərin verilməsi barədə də qeyri-rəsmi məlumatlar mövcuddur.
Son vaxtlar Azərbaycanın yenidən hərbi əməliyyatlara hazırlaşması barədə ehtimallar gündəmə gəlib. Ordumuzun hərbi döyüş hazırlığının Ermənistanın silahlı qüvvələrini dəfələrlə üstələdiyi xarici ekspertlər tərəfindən də etiraf olunur. Son illərdə Azərbaycanın xarici dövlətlərdən, xüsusilə də Qərb ölkələrindən aldığı yeni hərbi texnika Ermənistan üzərindəki əzici üstünlüyü təmin edir.
Azərbaycanın Müdafiə Nazirliyindəki kadr dəyişikliklərindən sonra isə Ermənistandakı isterika daha da gücləndi. Belə ki, Ermənistan rəsmiləri general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsini Azərbaycanın yaxın gələcək üçün savaşa hazırlaşmasının ən ciddi əlaməti kimi dəyərləndirirlər. Onlar iddia edirdilər ki, bu kadr dəyişiklikləri savaş ərəfəsində Azərbaycan ordusunun daha da gücləndirilməsinə hesablanıb. Və general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunması Azərbaycanın Silahlı Qüvvələrinin başına radikal savaş generallarının gətirilməsi anlamını daşıyır.
Belə anlaşılır ki, Ermənistanda Azərbaycanın yaxın gələcək üçün həlledici savaşa hazırlaşması barədə ilkin rəylər artıq formalaşıb. Bəs Azərbaycanda hərbi sahədə baş verənlər ölkənin həqiqətən də savaşa hazırlıq dönəminə girməsi kimi dəyərləndirilə bilərmi?
Əlbəttə, bu barədə qəti fikir söyləmək bir qədər çətindir. Ancaq buna baxmayaraq, bəzi əlamətlər əsasında bu barədə müəyyən ehtimallar irəli sürmək mümkündür.
Məsələn, bir müddət öncə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov da Azərbaycan ordusunun Qarabağı qısa müddətdə azad etməyə qadir olduğunu bəyanlamışdı. Və bu bəyanatı ciddiyə almamaq üçün heç bir əsas yoxdur. Çünki ölkə parlamentinin hərbi sahə üzrə qurumuna rəhbərlik edən bir şəxsin mövcud situasiyadan böyük ölçüdə xəbərdar olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, gözlənilmədən belə məzmunlu açıqlamanın verilməsi siyasi kluarlarda Azərbaycanın savaşa girəcəyi təqdirdə, mümkün nəticələrin artıq ciddi şəkildə müzakirə edilməsinin əlaməti də sayıla bilər.
Digər tərəfdən, ölkənin yeni müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfər edərək prezident Abdulla Gül və Baş Qərargah rəisi Necdət Özəllə müzakirələr aparması da savaş hazırlığının əlaməti kimi yozula bilər. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Cənubi Qafqaz regionunda əsas oyunçulardan biridir. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağın azad edilməsi istiqamətində taleyüklü qərar qəbul etməzdən əvvəl bu barədə Türkiyəni məlumatlandırması, məsləhətləşmələr aparması mümkündür.
Nəhayət, yeni müdafiə nazirinin Türkiyədən döndükdən sonra, 2014-cü ilin ilk günlərində Azərbaycanın Naxçıvan bölgəsinə səfər etməsi də maraq doğurur. Müdafiə naziri bu səfərdə Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədi güdür. Eyni zamanda hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatı vəziyyətinin yoxlanacağı da bildirilir. Ola bilsin ki, Silahlı Qüvvələrin rəhbərliyi Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, Naxçıvanın müdafiəsinin təmin ediləcəyindən arxayın olmaq istəyindədir. Və bu məsələnin Naxçıvanla bağlı müqavilə öhdəliyi olan Türkiyənin hərbi-siyasi rəhbərliyi ilə də müzakirə edilmiş ola biləcəyi qətiyyən istisna deyil.
Buraya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun rəhbərli ilə Baş Qərargah zabitlərindən ibarət qrupun cəbhə bölgəsinə səfər etməsini də əlavə etdikdə müəyyən nəticələr üçün əsas yaranır. Çünki bu səfərdə əsas məqsədin təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın yoxlanılması olduğu bildirilir. Belə görünür ki, Azərbaycan ordusunun hər bir ekstremal situasiyaya tam hazır tutulması istiqamətində ciddi addımlar atılmaqdadır.
Azərbaycanın savaş hazırlığı ilə bağlı ehtimalları gücləndirən daha bir önəmli məqam deputat Adil Əliyevin son açıqlamasıdır. Belə ki, deputat Azərbaycanın güclü ordusunun olduğunu və hücum əmrini gözlədiyini vurğulayır. Eyni zamanda Adil Əliyev Azərbaycan ordusunun 24 saat ərzində işğal altındakı əraziləri azad etmək qüdrətində olduğunu iddia edir: “Ordu bu əmri hər an icra edə bilər”.
Bəzi mülahizələrə görə, bu açıqlamanı hətta yaxınlaşan savaşın qeyri-rəsmi dillə ilkin anonsu kimi də dəyərləndirmək olar. Çünki deputat A.Əliyevin qardaşı Məhərrəm Əliyev Prezident Administrasiyasında hərbi məsələlərlə məşğuldur və onun kifayət qədər məlumatlı bir adam olduğu şübhə doğurmur. Üstəlik, deputatın özü üçün vətən uğrunda şəhidlik duası etdiyini vurğulaması da kifayət qədər ciddi məqamdır. Bunu hərbi-vətənpərvərlik təbliğatının tərkib hissəsi də hesab etmək mümkündür. Bir deputatın hər hansı ciddi səbəb olmadan belə bir açıqlama verməsi o qədər inandırıcı deyil.
Belə görünür ki, Azərbaycanın savaşa hazırlığın yeni mərhələsinə daxil olduğunu iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Hər halda, “havadan barıt qoxusu” hiss edilməyə başlamış kimi görünür...