“Bahar Energy Ltd” şirkətində ixtisara düşən işçilər Ziya Məmmədovun oğlu Anar Məmmədovu və Hafiz Məmmədovu günahkar bilirlər
“Bahar Energy Ltd” şirkəti bir çox işçilərini ixtisara salıb. Buna səbəb isə Kompleks Qazma İşləri Trestində idarələrin ləğvidir. Redaksiyamıza daxil olan məlumata əsasən, yanvarın 7-də “Bahar Energy Ltd” şirkətinin önündə işdən çıxarılan neftçilərin etiraz aksiyası keçirməsi planlaşdırılmışdı. Buna görə də şirkətə getdik. Qapıdan içəri buraxılmadıq və hər hansı bir nümayəndədən məlumat almaq mümkün olmadı. Qapıda dayanan mühafizəçilərdən öyrəndik ki, işdən çıxarılan neftçilərlə şirkət rəhbərliyi toplantı keçirir. Bir neçə saatdan sonra iclasdan çıxan neftçilərin narazı olduqları üzlərindən məlum olurdu.
Onların dediklərinə görə, qarşılarına qoyulan şərtlərlə razı olmasaydılar tamam pulsuz qalacaqdılar. İşdən çıxarılan neftçilərdən biri bunları söylədi: “36 ildir bu şirkətdə işləyirəm. İndi deyirlər ki, səni işdən çıxardırıq. Aldığım maaşla güclə dolanırdım, indi nə edəcəm, bilmirəm. Qarşıma elə şərtlər qoyurlar ki, çıxmaqda məcburam. Deyirlər ki, indi ərizəni öz xoşunla yaz, 5 ayın maaşını verək, əgər ərizəni imzalamasan mart ayında işdən çıxarılanlar sırasında sən də olacaqsan və heç bir kompensasiya ödənilməyəcək. Mənə Qazma Servis Logistika İdarəsinin rəisi Hikmət Həsənov dedi ki, bu, ən məsləhətlisidir 5 ayın maaşını götür, ərizəni imzala. Sonraya qalsa pul ala bilməyəcəksən. Mənim pensiyam 200-250 manatdır, mən bu qədər pulla ailəmi necə saxlayım, gərək özümə iş tapıb bir təhər dolanım. Azərbaycan hökumətinin neftçilərə qoyduğu qiymət budur?”
Digər şikayətçinin dediklərinə görə, hər 50 işçidən 30-u ixtisara düşüb: “Mənə dedilər ki, ixtisara düşmüş 30 nəfər işçi siyahısında sənin də adın var. İndi çıxsan 5 aylıq maaşını alacaqsan, çıxmasan ən geci iki aya işdən çıxarılacaqsan və pul da almayacaqsan. Mən ki, pensiyaçı deyiləm. Mən də yaxşı bilirəm ki, əgər ərizə yazaraq işdən çıxsam heç bir neft şirkətində işləyə bilmərəm. İşdən çıxarılanlar arasında 27-35 yaş arası cavanlar da var. Səbəb demədən işdən çıxarırlar.”
Adını vermək istəməyən zavod işçilərindən birinin dediyinə görə, işdən çıxarılanların yerinə zavod rəhbərliyinin öz qohumları və onlara yaxın insanlar gətirilir: “Bir neçə il öncə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Qum adasını alaraq adını dəyişib “Bahar Enerji” etdi. O zaman da şirkətdə ixtisarlar oldu və 250-300 nəfər insan işsiz qaldı. Bu gündən etibarən “Qazma Tresti” adlanan idarə ləğv edildi, həmən idarədən də ixtisarlar olacaq. Heç bir işçi ilə müqavilə imzalanmır, istədikləri vaxt qolundan tutub atırlar bayıra. Tək müraciət edə biləcəyimiz yer Həmkarlar İttifaqıdır. Onlar da deyirlər ki, hara istəyirsiz müraciət edin, biz baxmırıq. Deyilənlərə görə, bir neçə günə “Bahar Enerji” şirkəti “Qazma Tresti”ni alır, buna görə də ixtisarlar davam edəcək. Bir neçə ay bundan qabaq şirkətə yeni işçilər götürüldü. Əgər işçilərə ehtiyac yoxdursa, bu qədər işçini niyə görə işə götürdülər? Yeni işə götürülənlər əsasən öz yaxınları, tanıdıqları və Naxçıvandan olan insanlardı. Onlara da himayədarlığı Hafiz Məmmədov edir.”
Qeyd edək ki, “Transqeyt” şirkətinin təsisçisi Hafiz Məmmədovdur, Anar Məmmədov isə bu şirkətin icraçı direktorudur.
ARDNŞ-in yaydığı məlumata görə, Dövlət Neft Şirkəti prezidentinin müvafiq əmrləri ilə 01.01.2014-cü il tarixdən ARDNŞ-in “Kompleks Qazma İşləri” Trestinin, Neft Kəmərləri İdarəsinin və Geofizika və Geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb: “Struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaq ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq, idarəetmə prosesləri sadələşəcək. Struktur dəyişiklikləri nəticəsində yalnız mühəndis-texniki heyətin tərkibində bir-birini təkrarlayan vəzifələr üzrə çalışan şəxslərin şirkətdə müvafiq işlə təmin edilməsi mümkün olmadıqda onlara, ARDNŞ-də artıq bir neçə ildir ki, tətbiq olunan və Azərbaycan Respublikası Neft Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Təşkilatları ilə razılaşdırılmış qaydada əmək haqqının 5 (beş) misli məbləğində kompensasiyalar ödəniləcək”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı musavat.com-a açıqlamasında bildirib ki, “Bahar Enerji Əməliyyat Şirkəti” ailə şirkətidir. ““Bahar Enerji Əməliyyat Şirkəti” yaranan zaman isə əmək məcəlləsinin 63-cü maddəsini kobud şəkildə pozdu. Təəssüflər olsun ki, dövlət qurumlarına etdiyimiz müraciətlər və verdiyimiz bəyanatlar cavabsız və nəticəsiz qaldı. Bu qanunsuzluğun nəticəsi olaraq bu gün yüzlərlə insan işsiz qalıb. 2011-ci ildə 700 nəfər insan işdən çıxarıldı, 2012-ci ildə daha 500-600 nəfər işsiz qaldı. 2013-cü ilin oktyabr ayında onların əmək müqaviləsini 3 ay uzatdılar ki, onları seçkidən sonra çıxartsınlar. İşdən azad olunan mühəndis texniki işçilərin əksəriyyəti orta yaş həddindədirlər. Yəni əksəriyyəti təqaüd yaşına çatmayan insanlardır. Əksəriyyəti də neft sahəsində ixtisaslaşmışlardır. Qadınların içərisində tək uşaq böyüdən, öhdəsində əlil övlad olan analar var. Bu insanlar əmək haqqının 5 mislini aldılar. Bəs sonra? Ölkədə onların ixtisaslaşdığı sahələr üzrə iş yerləri mövcud deyil. Bu gün “Bahar Energy Ltd” şirkətinin qabağında işdən çıxarılan neftçilər toplaşıblar və etirazlarını bildiriblər. Onları şirkətin prezidenti Əmir Mahmudzadə qəbul edib və işçilərə bildirib ki, siyahıya yenidən baxılacaq və araşdırma aparılacaq. Ancaq bunlar heç də inandırıcı deyil. Bu gün işçilərə təklif edilib ki, 5 misli maaşınızı alın, gedin, olmasa mart ayında sizi işdən çıxaracağıq və heç bir kompensasiya ödənilməyəcək. Bu, özü belə ən böyük təzyiqdir və hədə-qorxudur. Mən bu şirkəti qohum şirkəti adlandırardım. Əsas vəzifələrdə öz qohumlarını yerləşdiriblər və onlar adi vətəndaşlardan qat-qat daha çox maaş alırlar.”
Qeyd edək ki, “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsi üzrə bağlanmış HPB tipli müqavilə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və Bahar Energy Ltd (80%) arasında bağlanmışdır. Bahar Energy Ltd şirkətinin təsisçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil ofşor kompaniyalardır. Dubay_Cebel Əli azad iqtisadi zonasında qeydə alınıblar.
Anar Məmmədovun vəkili, “Qarant Holdinq”in Direktorlar Şurasının üzvü, Ruslan Məmmədov musavat.com-a səslənən iddialarla bağlı açıqlama verdi. O, bildirdi ki, Bahar Energy Ltd-nin Anar Məmmədova heç bir aidiyyatı yoxdu: “Bu, sırf Hafiz Məmmədova məxsus bir layihədir, onun Anar müəllimə yaxından-uzaqdan hansısa bağlılığı yoxdur. İttihamlar əsassızdır”./Yeni Müsavat