Tarix : 2014 Jan 08
Kod 41602

Zaur Həsənovun atası gənclərə azadlıq istəyir

«Haqq sözünü dedikləri üçün insanı həbs edərlər?!»
“Oğlumu intihar həddinə çatdıranlara etiraz olaraq gənclərin aksiya keçirməsindən xəbərim olmayıb. Əgər onlar həbs olunublarsa və onlara qarşı təzyiqlər varsa, mən müraciət edərəm ki, onları buraxsınlar. Çünki onlar haqq sözlərini deyiblər. Haqq sözünü dedikləri üçün insanı həbs edərlər?!”. Bu sözləri “Media Forum”a intihar etmiş Qarabağ qazisi Zaur Həsənovun atası Həsən Həsənov deyib.
Qeyd edək ki, dekabrın 29-da Bakının Fəvvarələr meydanında Zaur Həsənovun ölümü ilə əlaqədar bir qrup gənc aksiya keçirib. Bu aksiyaya görə 6 nəfərə inzibati həbs cəzası verilib, 16 nəfər isə cərimələnib.
Həsən Həsənov oğlunun intiharıyla bağlı cinayət işinin açılmamasından narazı olduğunu dilə gətirib: “Oğlumun intiharı ilə bağlı hüquq mühafizə orqanlarının apardığı araşdırmadan hər hansı yeni xəbər yoxdur. Hadisə ilə bağlı ölkə prezidentinə müraciət edilmişdi. Qərar verilmişdi ki, cinayət işi açılsın, ancaq hələ heç bir addım atılmayıb. Təbii ki, şikayət edəcəm. Tapsınlar görək bu işin səbəbkarı kimdir? Şəhərin mərkəzində - Həmkarlar Ittifaqları Konfederasiyasının, Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın önündə görmədilər ki, o boyda adam özünü yandırır? Bir nəfər onun qarşısını ala bilməyib”.
  • Yazılıb
  • da (də) 2014 Jan 08