Tarix : 2014 Jan 13
Kod 41653

Suriyada azərbaycanlıların niyə tez-tez öldüyü məlum oldu

yanvarın 3-dən bu yana iki qruplaşma arasında gedən döyüşlərdə 700-dən çox adam ölüb
Suriyada son günlər Bəşər Əsədə qarşı döyüşən silahlı birləşmələrin tərkibində yer alan azərbaycanlılar arasında itkilərin niyə intensivləşdiyi məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, buna səbəb Suriyada “Azad Suriya Ordusu” ilə İraq sünnilərinin qurduğu “İraq və Levanta İslam Dövləti” qruplaşması və “əl-Nusra Cəbhəsi” arasında şiddətli döyüşlərin başlamasıdır. Belə ki, Suriyaya döyüşməyə gedən azərbaycanlıların böyük əksəriyyəti, yaxud demək olar ki, hamısı “əl-Nusra Cəbhəsi” qruplaşmasının tərkibində yer alır.

“Syrian Observatory for Human Rights” insan haqları təşkilatı xəbər verir ki, yanvarın 3-dən bu yana iki qruplaşma arasında gedən döyüşlərdə 700-dən çox adam ölüb. Bunlardan 246-sı radikal islamçılar, 351-i üsyançılar, 100-dən çoxu mülki şəxsdir. Hər iki tərəfdən daha bir neçə yüz adam əsir götürülüb, hazırda onların taleyi məlum deyil. Son iki gündə döyüşlər daha da intensivləşib və azı 200 adam öldürülüb.

İslamçılarla üsyançılar arasında birbaşa silahlı toqquşmalar yanvarın əvvəllərindən başlayaraq Hələb, İdlib və Rakka əyalətlərində gedir. Tərəflərdən bu və ya digərinin həlledici üstünlüyə malik olmadığı bildirilir. Eyni zamanda “əl-Nusra Cəbhəsi” ilə “İraq və Levanta İslam Dövləti” üzvləri arasında da döyüşlər gedir.

“İraq və Levanta İslam Dövləti” ötən ilin noyabrında özünü “əl-Qaidə”nin Suriyadakı təmsilçisi elan edib. Lakin “əl-Qaidə” lideri Ayman əs-Zəvahiri elan edib ki, bu təşkilatı tanımır və onların Suriyadakı nümayəndəsi “əl-Nusra Cəbhəsi”dir.

Qeyd edək ki, yanvarın əvvəllərindən başlayaraq radikal islamçı saytlar tərəfindən Suriyada azə 6 azərbaycanlının öldürüldüyü açıqlanıb və onların cəsədlərinin fotoları yayılıb. Suriyada 250-dən çox azərbaycanlının döyüşdüyü haqda məlumatlar var.
  • Yazılıb
  • da (də) 2014 Jan 13