Azərbaycan Nəqliyyat Nazirliyi artıq Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Kartların qiyməti 3 manatdır
Azərbaycan Nəqliyyat Nazirliyi artıq Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Kartların qiyməti 3 manatdır. Bunun 2 manatı sığorta depozitidir, 1 manatı isə balansa yüklənilir. MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılan 450 min kart köşklərdə satılır. Maraqlıdır ki, uzun müddətdir ki, nəqliyyat sistemində vahid gediş kartının tətbiq olunması ilə bağlı müzakirə gedirdi. Və Nəqliyyat Nazirliyi tərəfindən Bakı Metropoliteninə nəqliyyatda vahid kart sisteminin tətbiq olunması da təklif olunmuşdu. Amma hələ bu müzakirələr başlayan zaman Bakı Metropoliteninin rəisi Tağı Əhmədov buna etiraz etmişdi. T.Əhmədov qeyd etmişdi ki, vahid gediş kartının tətbiqi ilk növbədə texniki səbəblərdən mümkün deyil.
İki dövlət qurumu arasında gedən mübarizədən isə yenə itirən vətəndaş oldu. Çünki metropolitendən istifadə edənlərin əksəriyyəti gün ərzində şəhərdaxili avtobusların xidmətlərindən də yararlanır. Belə olan halda isə vətəndaş üzərində iki kart gəzdirməli olacaq. Bu isə vətəndaşın cibinə girməkdir. Bəs nəqliyyatda vahid kart sisteminə keçid mümkün idimi? Bu sual ilə ekspert Osman Qunduza müraciət etdik. Nəqliyyat Nazirliyi tərəfindən avtobuslarda ödənişlərin elektron formada həyata keçirilməsiylə bağlı atılan addımları təqdirəlayiq sayan O.Qunduz vurğuladı ki, amma vətəndaş üçün nəqliyyatda vahid kartın tətbiqi daha düzgün olardı: «Vətəndaşın maraqları baxımından həm metropolitendə, həm avtobusda gediş haqqına, həm də sosial ödənişlərə görə vahid bir kartın tətbiqi daha yaxşı olardı. Amma avtobuslarda tətbiq olunan kartların heç olmasa viza və master kart sistemlərinə inteqrasiya olunması daha yaxşı olardı».
Texniki cəhətdə nəqliyyatda vahid kartın tətbiqinin mümkün olduğunu deyən O.Qunduz vurğuladı ki, əgər rəhbər qurumlar arasında anlaşma olsaydı, bunu asanlıqla reallaşdırmaq olardı: «Ölkədə elektron hökumət qurulursa bu istiqamətdə səmərəli addımlar atılmalıdır. O zaman belə çıxır ki, sabah dəmiryol nəqliyyatında tamamamilə ayrı kart sistemi tətbiq olunmalıdır. Ona görə bu addımlar ölkədə vahid elektron hökumətin qurulması qaydalarına düz gəlmir».