2014-cü il yeni başlasa da, Rusiya hakimiyyəti MDB ölkələri ilə yenidən hədə dilində danışmağa başlayıb. Rusiya prezidenti Vladimir Putinin ortaya atdığı Avrasiya İttifaqına Qərb utopiya kimi baxsa da, ötən il Kreml bu qurumun reallığa çevrilməsi üçün ciddi geosiyasi mübarizə apardı.
Rusiya rəsmi Bakını yenidən sıxmağa başladı
Bakıda Milli Şuranı hansısa qüvvə(lər) bərk-bərk quruyur, baş nazirin sabiq birinci müavini Azərbaycanda da yayımlanacaq telekanal açır; Kreml isə Putinin ittifaq projelərinə dəstək verməyən ölkələri viza rejimi ilə hədələyir...
2014-cü il yeni başlasa da, Rusiya hakimiyyəti MDB ölkələri ilə yenidən hədə dilində danışmağa başlayıb. Rusiya prezidenti Vladimir Putinin ortaya atdığı Avrasiya İttifaqına Qərb utopiya kimi baxsa da, ötən il Kreml bu qurumun reallığa çevrilməsi üçün ciddi geosiyasi mübarizə apardı.
Əvvəl Ermənistanı diz çökdürən Kreml sahibi erməniləri Gömrük İttifaqına üzvlüyə razı saldı. Sonra Ukrayna Rusiyanın təzyiqi ilə Avropan Birliyi ilə əməkdaşlığı dayandırmağa məcbur edildi.
2013-cü il prezident seçkisi kimi mühüm bir siyasi proses ərəfəsində olan Azərbaycan hakimiyyətinə də Rusiya ciddi əngəllər yaratmağa nail oldu. Əvvəl Rusiyada yaşayan milyarder azərbaycanlıları baş nazirin sabiq birinci müavini Abbas Abbasovun rəhbərliyi ilə Rusiya Azərbaycan Təşkilatları İttifaqında (RATİ)-"Milyarderlər İttifaqı"nda birləşdirərək hakimiyyətə ciddi basqılar yaratdı. Quruma rəhbərlik edən Abbas Abbasovun dilindən Azərbaycanda hakimiyyəti dəyişəcəyi ilə bağlı bəyanatlar sıralanmağa başladı. Sonra bu ittifaqda təmsil olunan kinorejissor Rüstəm İbrahimbəyovdan “radikal müxalifətçi” obrazı yaradaraq onun rəhbərliyi ilə də ənənəvi müxalifətin Milli Şura adlı altında birləşdirilməsi prosesi başladı ki, bu da seçki kimi həssas bir dönəmdə iqtidara kifayət qədər ciddi narahatlıq yaratdı. Sonradan-Putinin Bakıya avqust səfərindən sonra Rusiya bu təşkilatlar vasitəsi ilə rəsmi Bakıya təzyiqləri səngitdi. RATİ qəfil Azərbaycanın aktiv siyasi səhnəsindən öz qınına çəkildi, İbrahimbəyov da daha Azərbaycana gələsi olmadı...
Rusiyanın Azərbaycanı da Avrasiya və Gömrük ittifaqlarına üzv etmək niyyətindən əl çəkməyəcəyini Putin ötən ilin sonunda Ermənistana səfərində anons etmişdi. Putin Rusiyanın Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyətində olduğunu bu bəyanatla bildirmişdi: “Zaqafqaziyaya gəldikdə, biz buradan getməyə heç vaxt hazırlaşmamışıq. Əksinə, biz Zaqafqaziyada öz mövqelərimizi möhkəmləndirməyə hazırlaşırıq”.
Yanvarın 9-da ABŞ-ın nüfuzlu qeyri-dövlət analitik mərkəzi olan “Stratfor”un hazırladığı proqnoz Putinin bu niyyətinin ciddi olduğunu təsdiq etdi. “Stratfor”un hazırladığı proqnozda iddia edilirdi ki, 2014-cü ildə Rusiya Azərbaycanda təsirini saxlayacaq və möhkəmlənəcək. Mərkəzin analitikləri bildirirdi ki, Moskva Gürcüstanla Moldovanın Avropa İttifaqına yaxınlaşmasına mane olacaq, Azərbaycanda və Ermənistanda təsirini saxlayacaq və möhkəmlədəcək, Ukraynadakı 2015-ci il prezident seçkilərinə mühüm təsir göstərəcək, Avrasiya İttifaqı layihəsi isə Orta Asiya ölkələri hesabına güclənəcək və genişlənəcək. “Bütün bunlar üçün Rusiyanın öhdəsində cəmi bir il var - 2014" deyə, proqnozda bildirilirdi.
“Yeni Müsavat”ın ötən sayında Rusiyanın zəifləmiş olsa da, Milli Şura vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq rıçaqını saxlamaq niyyəti barədə yazı dərc edilib. Yazı dərc edilən gün Rusiyanın yeni planları ilə bağlı informasiyalara birbaşa dəxli olan daha bir maraqlı məlumat da yayılıb. Məlum olub ki, Abbas Abbasovun Ağsaqqallar Şurasının rəhbəri olduğu “AzərRos” təşkilatı yeni rəqəmsal kanal-"Albax TV" fəaliyyətə başlayır.
“AzərRos”un rəsmi internet səhifəsində bildirilir ki, telekanalın yaradılmasında əsas məqsəd Azərbaycan milli mədəniyyətinin inkişafı, Rusiyada yaşayan azərbaycanlılar arasında ana dilinin yayılması, milli adət və ənənələrin qorunmasıdır.
“Albax TV”nin kanallarını seyr etmək üçün internetə giriş və xüsusi televiziya qurğusu əldə etmək kifayətdir. “Albax TV”nin rəqəmsal yayımını Azərbaycan, Türkiyə, Almaniya və s. ölkələrdə asanlıqla izləmək olacaq.

Abbas Abbasovun telekanal açması xəbərini onun oğlu, deputat Aydın Abbasov da təsdiqləyib. O, aznews.az-a açıqlamasında deyib ki, kanal Rusiyada açılıb və bu da orada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. “Bu kanalın Azərbaycandakı proseslərə heç bir aidiyyəti yoxdur” deyə, o bildirib. Qeyd edək ki, “Milyarderlər İttifaqı”nın yaradılmasından sonra hakimiyyətlə A.Abbasov arasında ciddi problemlər yaşanıb. Sonradan A.Abbasov hakimiyyətə isti mesajlarına baxmayaraq, onun Bakıya qayıtmasına hələ də qeyri-rəsmi yasaq var. A.Abbasovun bağışlanılması ilə bağlı əsas şərti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bir neçə dəfə səsləndirib. N.İbrahimov deyib ki, Heydər Əliyev siyasətinə sadiq olduğunu bəyan edən A.Abbasov hakimiyyətə qarşı sərt mövqedə olan Söyün Sadıqovun çətiri altından çıxmalıdır. Məlumdur ki, S.Sadıqov “AzerRos”un rəhbərliyindən getsə də, qurumda yenə də əsas söz sahibidir. Məhz onun istəyi ilə A.Abbasov “AzerRos”da Ağsaqqallar Şurasına sədr seçilib.

Seçki dövründə hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən S.Sadıqova da Bakıya gəlmək yasağı var. A.Abbasovun S.Sadıqovla ayrılmaq deyil, daha ciddi projelərə başlaması iki mühüm nəticə doğurur. Birincisi, hakimiyyət seçkidən sonra A.Abbasovla barışmayıb və onu bağışlamayıb. İkincisi və daha mühüm nəticə: Rusiya Azərbaycan hakimiyyətinə qarşı yeni bir oyun planlaşdırır və Abbas Abbasovun rəhbərliyi ilə geniş təbliğat imkanı olan televiziya açır.
Rusiyanın Avrasiya və Gömrük ittifaqlarına qoşulmaqdan imtina edən Azərbaycana qarşı daha bir ciddi təzyiq rıçaqı-miqratlarla bağlı problem də 2014-cü ildə yenidən aktuallaşıb. Bu dəfə daha ciddi bəyanatlar şəklində.
“Rusiya milli maraqlarını müdafiə etmək üçün miqrant axını olan bir sıra qonşu ölkələrlə viza rejimi tətbiq edilməlidir”. Bu barədə Rusiya baş nazirinin müavini Dimitri Kozak “Rossiya” telekanalına müsahibəsində bəyan edib.
“Hesab edirəm ki, viza tətbiqi zəruridir. Əgər biz bu miqrasiya axınını viza ilə tənzimləməsək, ölkəmizin sərhədlərini millətlərarası münaqişələrdən müdafiə edə bilməyəcəyik” deyə, Kozak vurğulayıb.
Baş nazirini müavini qeyd edib ki, yaxın gələcəkdə viza rejiminin tətbiqinə başlanılacaq. Xatırladaq ki, ötən ildən etibarən Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının elan ediləcəyindən sonra quruma daxil olmayan ölkələrə qarşı viza sisteminin tətbiq ediləcəyini istisna etməmişdi.
Beləliklə, son günlər Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı yenidən hansısa ciddi planlar qurduğu mənzərəsi göz önündədir. Bakıda Milli Şuranı hansısa qüvvə(lər) bərk-bərk quruyur, Abbas Abbasov Azərbaycanda da yayımlanacaq telekanal açır və Kreml Putinin ittifaq projelərinə dəstək verməyən Azərbaycanı da viza rejimi ilə hədələyir...